Tarix: 12-12-2023 | Saat: 14:59
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 5-də Zəngilan şəhərində açılış mərasimi və panel müzakirələri keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu dekabrın 6-da öz işini Bakıda davam etdirib.
Prezident İlham Əliyev ADA Universitetində forum iştirakçıları qarşısında çıxış edib və onların çoxsaylı suallarını cavablandırıb. Dövlət başçısı bir çox məsələlərə toxunub, önəmli mesajlar səsləndirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən bu forumun əhəmiyyəti nədir? Verilən mesajları necə dəyərləndirmək olar?
Məsələ ilə bağlı Qarabaginfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, konfransın iki əsas məqsədi olub:
"Beynəlxalq aləmi Böyük Qayıdış sahəsində Azərbaycanın gördüyü işlər, qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasət barədə məlumatlandırmaq məqsədi ilə forum keçirildi. Qonaqları Zəngilana aparmışdıq. Orada Prezidentin xüsusi nümayəndələri rəsmi şəkildə Böyük Qayıdış istiqamətində görülən işlərdən məlumat verdilər. Ən vacib məsələ forum çərçivəsində prezidentin çıxışı və Azərbaycan siyasəti haqqında verdiyi şərhlər oldu. Forumun ikinci ən mühüm tərəfi beynəlxalq təcrübəni öyrənmək idi".
Fərid Şəfiyev forumda iştirak edən xarici qonaqların fikirlərinin olduqca əhəmiyyətli olduğunu söyləyib:
"Bir sıra xarici ekspertlər foruma dəvət olunmuşdular. Onlar dünya təcrübəsini bizə izah edirdilər. Bu sahədə müxtəlif ölkələr hansı çətinliklərlə üzləşib və problemləri necə həll ediblər bizim üçün də maraqlıydı".
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov da söyləyib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən forum çox önəmli hadisədir:
"Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesini sürətlə həyata keçirir. Cənab Prezident dünyaya və Ermənistana ciddi mesajlar verdi. Bununla da Azərbaycan mövqeyini bir daha çatdırmış oldu. Bu gün Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış prosesi böyük dövlətlər üçün də önəmlidir. Forumda bu istiqamətdə görülən işlər bir daha dünyanın diqqətinə çatdırıldı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan artıq dünyada müxtəlif konfransların keçirildiyi beynəlxalq mərkəzə çevrilib".
Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Böyük Qayıdışla əlaqədar keçirilən tədbirdə Azərbaycanın mövqeyinin bir daha dünyaya çatdırılması baxımından önəmli olduğunu vurğulayıb:
"Cənab Prezidentin forumda çıxışı olduqca mühüm hadisə idi. O, çıxışında bir daha xarici qonaqlara ölkəmizin həqiqətlərini çatdırdı. Bu həqiqətlərdən, dövlətimizin inkişafından qıcıqlanan qüvvələr var. Biz onlara yalnız bəyanatlarla yox, həm də praktiki olaraq atdığımız addımlarla cavab veririk. Prezident işğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işlərindən danışdı.Cənab İlham Əliyev bir daha müəyyən dairələrin göstərdiyi təzyiqlərin, verdiyi bəyanatların bizə heç bir təsiri olmadığını vurğuladı. Azərbaycan beynəlxalq qanuna əsaslananaraq düzgün mövqe sərgiləyir".
A.Məmmədov qeyd edib ki, dövlət başçısı çıxışında Ermənistana bir daha sülhün tərəfdarı olduğumuzu xatırladıb:
"Sülhlə bağlı Azərbaycanın prinsipləri Ermənistan tərəfinə artıq göndərilib. Son zamanlar baş verən bəzi hadisələr Ermənistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini göstərir. Azəbaycanın haqlı mövqeyini Ermənistan da qəbul etmək üzrədir. İkitərəfli görüşlərin keçirilməsi və əldə olunan bəzi razılaşmalar bunu açıq göstərir. Digər yandan əsirlərin azad edilməsi ilə əlaqədar razılıq iki ölkənin birgə qərarı oldu.Bütün bunlar sülh sazişinin imzalanmasına yaxınlaşmağın nəticələri kimi qəbul edilə bilər. Ümumiyyətlə, hərbi əsirlərin dəyişilməsi cənab İlham Əliyevin "mən hər bir azərbaycanlının ayrı-ayrılıqda prezidentiyəm" ifadəsinin növbəti təsdiqidir. Prezident vaxtında verdiyi sözləri zamanla yerinə yetirir. Yenə deyirəm ki, bütün bunlar Ermənistan-Azərbaycan arasındakı məsələlərin sülh yolu ilə həllinə gətirib çıxaracaq. Ermənistan başqa ölkələrin təsirindən çıxmalıdır. Anlamalıdır ki, iki qonşu dövlət yalnız sülh şəraitində inkişaf edə bilər".
Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə isə deyir ki, Bakı beynəlxalq tədbirlərin və konfransların keçirilməsi nöqteyi-nəzərindən ən əlverişli şəhərlər içərisindədir:
"Biz bu istiqamətdə çox vacib işlər görmüşük. Bakıda infrastrukturun qurulması, şəhərin simasının dəyişməsi belə tədbirlərin keçirilməsi üçün çox əhəmiyyətlidir. Torpaqlarımızın işğaldan azad edilməsindən, Laçında sərhəd keçid məntəqəsinin qurulmasından, eləcə də antiterror tədbirlərinin keçirilib teroristlərin ərazilərimizdən qovulmasından sonra ADA universitetində belə bir tədbirin keçirilməsi və burada cənab Prezidentin çıxışı çox vacib hadisədir. Çünki forumda çox tanınmış şəxsiyyətlər, ictimai-siyasi xadimlər iştirak edib. Forumda iştirak edən xarici qonaqlar öz ölkələrinin ictimai-siyasi həyatında yaxından iştirak edir, dövri mətbuatda tez-tez çıxış edirlər. Bu nöqteyi-nəzərdən də forum vacib məsələydi deyə bilərik. Keçmiş məcburi köçkünlərin geri qayıtması zamanı əsas götürülən prinsiplər, bu prinsiplərdən doğan bütövlükdə insan hüquq və azadlıqlarını özündə ehtiva edəcək təhlükəsizlik məsələləri, köçürülən insanların iqitisadi vəziyyətinin yüksəldilməsi, o insanların sosial müdafiəsinin dayanıqlı olması ilə bağlı məsələlər cənab Prezidentin çıxışında səslənməkdəydi. Bu istiqamətdə cənab Prezidentin möveqeyi və verdiyi mesajlar çox böyük əhəmiyyət kəsb edir. Bu məsələdən sonra Azərbaycana ciddi təzyiqlər göstərilməkdəydi. Bu təzyiqlərlə bağlı Azərbaycan dövlətinin baxışlarının məhz Prezident tərəfindən səsləndirilməsi vacib məqam idi".
M.Abbaszadə Prezident İlham Əliyevin forumda verdiyi mesajlardan sonra baxışların dəyişməkdə olduğunu vurğulayıb:
"Cənab Prezident belə forumların 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə, konkret Laçında keçirilməsi ilə bağlı tapşırıqlar verib. Bu, çox mühüm əhəmiyyət kəsb edir. Gələn qonaqlar görəcəklər ki, Laçın Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində müasir standartlara uyğun bərpa olunub. Ərazinin daimi sakinlərinin qayıtmasından sonra həmin ərazilərə baxış ermənilərdən fərqlənir.İndi ermənilərdən fərqli olaraq həmin ərazilər qurulur, bərpa olunur. Xarici qonaqlar bunun şahidi olduqda, məkanın əsl sahiblərinin azərbaycanlılar olduğunu bir daha anlayacaqlar".
Digər xəbərlər