Saytımızı qiymətləndirin


 
 

Baş Qərargah rəisinin sərhədə səfəri erməniləri niyə qorxudub? –RƏY
Tarix: 04-12-2023 | Saat: 16:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxslərinin Ermənistan ilə sərhədə – Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrə getməsi erməni ictimaiyyətində narahatlıq yaradıb.

Ermənistan mediası Baş Qərargah rəisinin səfərini şərh edərkən bildirirlər ki, bu, sıradan səfər deyil və Azərbaycan müharibə hazırlıqları aparır. Məsələn, erməni ekspert Tatevik Ayrapetyan sosial şəbəkə hesabında K.Vəliyevin səfərinin əks olunduğu videonu paylaşıb və qeyd edib: “Bu, bir daha sübut edir ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar”.

Xatırladaq ki, Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib.

Erməni ictimaiyyətinin isterikasını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, mütəmadi olaraq ordu rəhbərliyi hərbi hissələrə gedir, vəziyyətlə yerində maraqlanır: “Nəzərə alsaq ki, artıq qış fəslidir, Müdafiə Nazirliyinin rəhbərliyi, digər qoşun növlərinin komandanlığı xüsusilə, çətin relyef şəraitində xidmət aparan hərbçilərin, şəxsi heyətin vəziyyətini yoxlayırlar, onların şəraiti ilə tanış olurlar. Təminat məsələləri yerində araşdırılır, müvafiq tapşırıqlar verilir və s. Bundan isə hər zaman olduğu kimi, Ermənistan maksimum öz məqsədləri üçün istifadə etməyə çalışır. Hay-küy qaldırırlar ki, Azərbaycan yenidən müharibəyə hazırlaşır, Azərbaycan Ordusunun Baş Qərargah rəisi ordunun hazırlıqlarını yoxlayır və başqa iddialar. Anlamırlar ki, bu, prosedur qaydasıdır? Təbii ki, anlayırlar, sadəcə bundan öz məqsədləri üçün istifadə etməyə, havadarlarına “baxın, Azərbaycan hücuma hazırlaşır” deyib, nəsə qoparmağa çalışırlar”.

“Başa düşmürəm, Azərbaycan Ordusunun rəhbərliyi hərbi hissələrə baş çəkərkən Ermənistandan, yaxud onun havadarlarından icazə almalıdır?! İndi nə edək ki, bizim hərbi qüvvələrimizin əsas diqqət etdiyi istiqamət Ermənistanla şərti sərhəd istiqamətidir. Bunun da səbəbi məlumdur, Ermənistan işğalçı ölkədir, hələlik sülh müqaviləsi imzalanmayıb. Bu səbəblərdən də Ermənistanın təxribat törədəcəyi istisna deyil. Xain xoflu olar misalı var – ermənilərinki ondandır. Azərbaycan Ordusunun Baş Qərargah rəisi də, istənilən qoşun növünün komandanlığı, hərbi rəhbərlik ölkəmizin istənilən ərazisində hərbi xidmətin vəziyyətini yoxlaya bilər ki, burada qeyri-adi heç nə yoxdur”, – Ü.Cəfərov qeyd edib.

Polkovnik vurğulayıb ki, Azərbaycan sülhdən yanadır və müharibənin olmasında maraqlı deyil: “Amma ehtiyac yaranarsa, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, təxribata əl atarsa, o zaman layiqli cavabını alacaq. Ermənilər bunu unutmasınlar. Azərbaycan Ordusu təxribatlara layiqli cavab verməyə qadirdir”.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər