Saytımızı qiymətləndirin


 
 

Ağdərə üçün yeni seçki dairəsi yaradılacaq?
Tarix: 30-11-2023 | Saat: 15:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ağdərə üçün yeni seçki dairəsi yaradılacaq?

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq. Rayonun yaradılması barədə qanun layihəsi artıq plenar iclasa tövsiyə olunub.

 

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.

 

Beləliklə, yeni qanunla Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək və yeni rayonun ərazisi 1 660,83 kvadrat kilometr olacaq. Rayonun yenidən yaradılmasından sonra onun necə idarə ediləcəyi, hansı seçki dairəsinə daxil olacağı da maraqlıdır. 

 

Ağdərə üçün yeni seçki dairəsi yaradılacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, ümumiyyətlə, Ağdərə rayonunun bərpası ölkənin inkişafı üçün vacibdir:

 

“Ağdərə rayonunun bərpa edilməsi xalqımızın ürəyindən oldu. Azərbaycan Respublikasının Prezidenti tarixi ədaləti bərpa etdi. Çünki Ağdərə rayonu strateji əhəmiyyətə malik olan ərazidir. Sovetlər dövründə bu rayon Azərbaycan iqtisadiyyatına xeyli fayda verib. Bu gün də rayonun bərpası, orada infrastruktur layihələrinin qurulması ölkənin inkişafı üçün çox vacibdir”.

Deputat Ağdərədə seçki dairəsinin  hansı halda qurulacağından da bəhs edib:

 

“Əhalinin rahatlığı üçün idarəetmənin təkmilləşdirilməsi çox vacibdir. Bu, olduqca mühüm əhəmiyyətə malik olan rayonun gələcək inkişafı baxımından dəyərlidir. Sözsüz ki, Ağdərə rayonunda da bir çox dövlət orqanları yaradılacaq. Vətəndaşlar Ağdərə rayonuna köçürülüb, burada həyat bərpa olunandan sonra seçki dairəsi qanunvericiliyin tələblərinə uyğun olaraq yaradılmalıdır. Vətəndaşların konstitusiyon hüququdur ki, seçib, seçilsinlər. İnsanlar həmin ərazidə tələb olunan qaydada məskunlaşdıqda mütləq həmin ərazidə də seçki dairəsi yaradılacaq”.

Milli Məclisin deputatı Fazil Mustafa seçki dairəsinin əhali sayı prinsipi ilə yaradıldığını diqqətə çatdırıb:

 

“Seçki dairəsi bütövlükdə rayon prinsipi ilə yox, əhali sayı prinsipi ilə yaradılır. Əhali sayı da müəyyən rayonları əhatə edir. Bəzən bir rayonda 3-4 seçki dairəsi olur, elə rayonlar da olur ki, ora seçki dairəsi düşmür, başqa rayonlarla birləşdirilir. Seçki dairəsi üçün minimum 40, maksimum 55-60 min əhalinin yaşadığı ərazidə ərazi olmalıdır. Buna görə də çox güman ki, indiki şəraitdə seçki dairəsinin yaradılması mümkün olmayacaq”.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər