Tarix: 16-11-2023 | Saat: 10:36
Bölmə:Karusel / Region / Dünya | çapa göndər
“İrəvan Vaşinqtonda Bakı ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək imkanı görür”.
arabaginfo.azxəbər verir ki, bunu Ermənistan mətbuatına Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, Ermənistan sülh danışıqlarının Moskvada deyil, Vaşinqtonda davam etdirlməsini daha vacib sayır.
Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun regiona son səfərinin məqsədlərindən biri də tərəflər arasında görüş təşkil etmək olub.
"Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq", - Qriqoryan vurğulayıb.
Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bir neçə ay öncə Vaşinqton platformasında danışıqlar aparıblar.
Ötən ay Ermənistan ilə Azərbaycan liderlərinin Qranada və Brüsseldə planlaşdırılan iki görüşü baş tutmayıb.
Xarici işlər nazirləri isə sonuncu dəfə iyunun sonunda Vaşinqtonda üç günlük danışıqlar aparıblar. Onların oktyabr ayında regional “3+3” platforması çərçivəsində qeyri-rəsmi əlaqəsi olub.
Moskvadan həm liderlərin, həm də xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı təkliflər irəli sürülüb, lakin son dövrlərdə Ermənistanla Rusiya arasında açıq-aşkar gərgin münasibətlər fonunda İrəvandan cavab gəlməyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açqıqlmasında israrla bildirib ki, Rusiyanın təkliflərindən xəbəri yoxdur.
İrəvan rəsmiləri deyirlər ki, bu ilin iyun ayının sonundan bəri Rusiyanın sülh müqaviləsi ilə bağlı yeni ideyası yoxdur.
"Biz ilk növbədə razılıq əldə etdiyimiz danışıqlara getmək istəyirik", - Armen Qriqoryan vurğulayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Avropa platformasını birinci prioritet hesab edir, o, İrəvanın danışıqları davam etdirməyə və bu formatda sülh sazişini imzalamağa hazır olduğunu bir daha təsdiqləyib.
“Qranadada görüş baş tutmadı, ondan sonra Azərbaycan danışıqları davam etdirmək üçün Brüsselə gəlməyə hazır olduğunu bəyan etdi və liderlər səviyyəsində görüş ötən ayın sonunda, oktyabrda planlaşdırılırdı, lakin bu da olmadı. Biz sülh danışıqlarını yekunlaşdırmaq üçün bu formatda davam etməyə və mümkün olarsa, ilin sonuna qədər sülh sazişini imzalamağa hazırıq. Biz vacib hesab etdiyimiz, aydın təkliflər aldığımız yerə gedirik”, - deyə Armen Qriqoryan bildirib.
Rəsmi Bakı isə bəyan edib ki, Ermənistan sülh razılaşması sənədinə cavabı gecikdirir.
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev “X” sosial media hesabında bildirib ki, Azərbaycan sülh razılaşmasının artıq 5-ci versiyasını sentyabrda Ermənistana təqdim edib və rəsmi İrəvanın “tezliklə buna cavab verəcəyini gözləyirdi”.
Amma İrəvan sənədin öz variantını təqdim etməyi iki aydan artıq gecikdirir:
"Sülh müqaviləsinin mətni nüvə fizikası deyil" deyən H.Hacıyev əlavə edib ki, “top hazırda İrəvanın meydançasındadır”.
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi tarixi imkan mövcuddur və xüsusilə Azərbaycan öz suverenliyini bərpa edəndən sonra sülh müqaviləsini imzalamaq üçün hər hansı maneə qalmayıb. İndi əsas sual Ermənistanın buna nə dərəcədə hazır olmasıdır”, - Hikmət Hacıyev “X” platformasında yazıb.
O əlavə edib ki, Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq təklif edilən sülh müqaviləsinin mətni intensiv ikitərəfli danışıqlar hesabına tez bir zamanda yekunlaşdırıla bilər.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib ki, ABŞ-da iki ölkənin xarici işlər nazirləri arasında görüşə razılıq olarsa, Vaşinqtondan onlara məlumat veriləcək.(modern.az)
Digər xəbərlər