Saytımızı qiymətləndirin


 
 

Əsirlikdə olan hərbçilərimizdən NƏ XƏBƏR VAR...
Tarix: 17-07-2023 | Saat: 15:39
Bölmə:Karusel / Region | çapa göndər

Əsirlikdə olan hərbçilərimizdən NƏ XƏBƏR VAR...

 

Bildiyimiz kimi, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.

 

Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

 

Modern.az-ın əməkdaşı əsirlikdə olan hərbçilərin valideynləri ilə əlaqə saxlayaraq, İrəvandan yeni məlumatın gəlib-gəlmədiyini soruşub.

 

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə bütün gün əlaqədəyik, amma bizə dəqiq məlumat vermirlər. Komitə sadəcə bildirir ki, Ermənistan tərəfindən onlara məlumat göndərilmir” - Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib. 

 

O, BQXK-dan şikayətçi olduğunu söyləyib:

 

“Məktublarımıza da cavab verilmir. Axırıncı dəfə keçən ayın 13-də övladımla danışmışam. O zamandan sonra heç bir məlumat yoxdur. Mən komitəyə tez-tez zəng vururam ki, uşağım haqqında məlumat versinlər, deyirlər ki, Ermənistan hakimiyyəti tərəfindən əməkdaşlarımıza icazə verilmir. Ayın 13-ü bir ay tamam oldu, yenə də mənə heç nə demirlər. Akşinin anası ilə əlaqə saxlayıram. O da elə mənim kimidir, hər ikimiz eyni dərddəyik”.

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da Beynəlxalq Qızıl Xaç Komitəsindən şikayətlənib:

 

“Oğlum artıq 101 bir gündür ki, əsirlikdədir. Bu günlər ərzində sadəcə bir dəfə danışa bilmişik. Məktublarımıza cavab ala bilmirik. Axırıncı dəfə yazdığımız məktub hələ də çatmayıb. Bizim gözümüz ancaq xəbərlərdədir.  Ancaq gözləyirik ki, Prezident nə vaxt bizim uşaqlar barədə danışacaq. Artıq bir aydan çoxdur ki, mən oğlumla danışa bilmirəm. Sonuncu dəfə görüntülü danışanda vəziyyəti yaxşı idi, amma indi hansı vəziyyətdə olması bəradə xəbərimiz yoxdur”.  

 



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər
11-05-2021, 10:10 Türkiyə şəhid verdi