Tarix: 02-11-2023 | Saat: 16:30
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov 5 nəfər Xocalı sakini ilə birlikdə 2018-ci ildə Ankarada səfərdə olub. Bu zaman o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qısa söhbət edib.
Bu barədə Qarabaqinfo.az-a Milli Məclisin deputatı Elman Məmmədov danşıb.
Elman Məmmədov Rəcəb Tayyib Ərdoğana Xocalı azad olunanda bığ saxlayacağı ilə bağlı söz verib.
Deputat Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının(AKP) qrup toplantısına dəvət aldıqlarını bildirib:
“2018-ci ilin 24 fevral tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) binasında Prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının(AKP) qrup toplantısı keçirilirdi. Mən və 5 nəfər Xocalı sakini o toplantıya dəvət ala bildik. Hətta biz ora Azərbaycan bayraqlarını da keçirə bildik. Düzdür, bu, biraz çətin oldu. Çünki qayda belədir ki, TBMM binasında ancaq Türkiyə bayrağı dalğalana bilər. Biz qaydanı biraz pozduq. Mən məsuliyyəti üzərimə götürdüm və bayrağı açmayacağımızı dedim. Cənab Ərdoğan nitq söyləyən zaman “erməni soyqırımı” məsələsindən də bəhs etdi. O dedi ki, “soyqırımı görmək istəyən Xocalıya baxsın”. O, bunu deyəndə biz bayraqları açdıq. Ərdoğan da bunu gördü və Azərbaycandan, Xocalıdan danışmağa başladı. Toplantı başa çatandan sonra, sağ olsunlar, onun köməkçiləri şərait yaratdılar. Hörmətli Ərdoğan toplantı zalından çıxanda onunla qabaqlaşdıq”.
E.Məmmədov Ərdoğanla qabaqlaşanda aralarında keçən dialoq və bu zaman verdiyi sözlə bağlı danışın:
"Mən özümü və digər Xocalı sakinlərini hörmətli Ərdoğana təqdim etdim. Bizimlə çox isti görüşdü. Birdən mənə baxdı və “Sənə bığ yaraşır. Niyə bığın yoxdur?”, dedi. Mən ona dedim ki, “Cənab Prezident, Xocalıda olanda mənim bığım da, saqqalım da vardı. Xocalı yoxdur. Ona görə də bığım da, saqqalım da yoxdur. İnşallah, biz sizin köməyinizlə Xocalını işğaldan azad edəcəyik. Onda mənim bığım da, saqqalım da olacaq". Mən indi fevralın 26-nı gözləyirəm ki, cənab Ərdoğan Xocalıya gələcək. Mən də bığ, saqqal saxlayıb, ona verdiyim sözü tutacam".
Digər xəbərlər