Saytımızı qiymətləndirin


 
 

Əsir hərbçilərimizin valideynləri qorxu içindədirlər: "Övladlarımız intihar edə bilər"
Tarix: 24-10-2023 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Əsir hərbçilərimizin valideynləri qorxu içindədirlər:

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgərləri - Aqşin Bəbirov və Hüseyn Axundov oktyabrın 19-da ailələri ilə əlaqə saxlayıblar.

 

Bu barədə Qarabaqinfo.az-a onların valideynləri məlumat verib.

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova və Hüseyn Axundovun anası Şəlalə Axundova saytımıza açıqlamasında danışığın audiozənglə olduğunu bildiriblər.

 

Dürdanə xanım oğlu ilə sonuncu danışığından sonra çox narahat olduğunu bildirib.

 

“Allah biz anaları öldürsün, bizim övladlarımız canına susayıb, intihar etməkdən danışdılar. Düşmənin işgəncəsindən bezib, tükəndiklərindən danışdılar. Dedilər ki, “ölsək də, kişi kimi alnı açıq, başı dik ölərik. Artıq düşmən şayiələrindən bezmişik”. Danışmaq istəmirdilər. Bir kəlmə dedilər, sonra sözləri iplə çəkirdim. Biz evə necə gəldik, Allah bilir. Balalarımız yaxşı deyil.

 

Dünən video və məktubunu göstərdilər. Çarəsizlikdən yalandan "yaxşıyıq" deyirlər. Axı, övladlarımız yaxşı deyil! Videoya baxandan özümə gələ bilmirəm. Saçı tökülüb, arıqlayıb, sol gözü şişib. Çarəsiz vəziyyətdəyik, 7 aydır bizə hər şey haramdır. Heç yerə getmirik, gülmürük, yeyib-içmirik”.  

 

Şəlalə Axundova da Modern.az-a açıqlamasında oğlunun durumun yaxşı olmadığını deyib.

 

“Hüseyngilin durumu çox pis idi, qanımız qaradır. Hər ikisi intihara işarə etdilər. Hətta Hüseyn telefonu açan kimi qardaşını soruşdu ki, “qardaşım haradadır? Ona nə olub? Mənə düzünü de”. Qardaşının işə getdiyini dedim. Mənim də harada olduğumu soruşdu, evimizdə olduğumu dedim. Onu sanki bizlə qorxutmuşdular.

 

Bildirdilər ki, həyatlarından beziblər. Dünən hər ikisinin videosunu gətirdilər, baxdıq, bizi də videoya çəkib apardılar. Oyuncaq ediblər. Bu gün çağırılar videozəngə, üç gün sonra deyirlər gəlin videoya baxın, məktubu cavablayın. Hər zaman da pulumuz olmur. İşləmirik, xəstə adamıq”.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

 

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər