Saytımızı qiymətləndirin


 
 

QHT-lərin Xankəndi ilə bağlı planları: Nümayəndəlik açılacaq...
Tarix: 05-10-2023 | Saat: 14:04
Bölmə:Karusel / Qarabağ | çapa göndər

QHT-lərin Xankəndi ilə bağlı planları: Nümayəndəlik açılacaq...

 

Ordumuzun 19-20 sentyabr tarixli antiterror tədbirlərindəki qələbəsindən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib. Artıq Xocavənd, Əsgəran, Xocalı, Xankəndi, Ağdərə şəhərlərində Azərbaycanın müvafiq qurumları fəaliyyətə başlayıb.

 

Rəsmi Bakının ermənilərə təklif etdiyi reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

 

Qarabaginfo.az xəbər verir ki, bundan əvvəl Modern.az siyasi partiyaların Xankəndi ilə bağlı planları barədə yazıb. Partiyaların bəziləri Xankəndidə şöbələrini açmağa hazır olduğunu bildiriblər.


Bəs, qeyri-hökumət təşkilatları (QHT) necə, onlar Xankəndidə gələcəkdə hansısa plan və layihələri həyata keçirmək barədə düşünürmü?

 

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı bir sıra QHT-lə əlaqə saxlayıb.

 

Məsələ ilə bağlı saytımıza danışan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva təşkilatının Xankəndidə fəaliyyəti ilə bağlı bir sıra planlarının olduğunu bildirib:

 

“Biz 5 istiqamətdə işlər görməyi düşünürük. Qayıdış zamanı sosial-iqtisadi güclənməni, həm inkişaf perspektivli məqsədləri, sosial sahibkarlıq  və qadınların iqtisadi cəhətdən güclənməsi istiqamətində işlər görə bilərik.

 

Digər yandan ekoloji tarazlıq, yaşıl iqlim, geri qayıdışda sosial sahibkarlığın qadın biznesi və vergi siyasəti kimi məsələlərdə müəyyən təkliflər verə, layihələr həyata keçirə bilərik”.

Səkinə Babayeva Assosiasiyanın Qarabağda qollarının yaradılacağını qeyd edib:

 

“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qollarının Qarabağda yaradılmasını hədəfləyirik. Eyni zamanda planımızda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Mərkəzinin Xankəndidə yaradılması var”.

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova hər bir kəsin işinin Xankəndi ilə, Şuşa ilə bağlı olmasının zəruri olduğunu düşündüyünü vurğulayıb:

 

"Azərbaycan şanlı tarix yaşayır. 30 ildən sonra Azərbaycan tarixin əzəli dədə-baba yurdunu, dövlət suverenliyini bərpa edir. Yəni ədaləti özümüz bərqərar edirik. Həyatını vətən üçün fəda edən qəhrəmanlarımızın ruhu şad olsun. Onların dönməz iradəsi, sarsılmaz gücü sayəsində bu gün Vətən torpağının bütövlüyünü qeyd edirik. 3 il Vətən müharibəsində igid oğullarımızın canı-qanı bahasına qazandığımız qələbə, bu il 19-20 sentyabr tarixlərində antiterror tədbirləri çərçivəsində Qarabağın Dağlıq ərazisində məskunlaşmış separatçıların terror əməllərinin qarşısının alınması ilə yekunlaşdı. Artıq həm Xankəndi, həm Xocalı, həm də Ağdərə separatçılardan təmizlənib. Bütün bunların başında Ali Baş Komandanın uzaqgörən siyasəti, onu xalqı ətrafında birləşdirmək bacarığı durur. Eyni zamanda ordumuzun rəşadəti sayəsində biz bu tarixi anları yaşayırıq. Hərdən mən düşünürəm ki, artıq tarixi ədalət bərpa olunur. Bizim hamımızın hansı bölgədə olmağımızdan asılı olmayaraq, Qarabağla bağ qurmağımız mütləqdir".

Sevinc Orucova Xankəndi ilə bağlı planlarından da bəhs edib:

 

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəliyini Xankəndində açmaq niyyətimiz var.  Azərbaycan təkcə Bakıdan ibarət olmasın. Qoy, bütün yollar Şuşaya, Xankəndiyə aparsın. Hər birimizin işinin, fəaliyyətinin bir hissəsi mütləq Xankəndi və Şuşayla bağlı olmalıdır. Şuşa alınandan sonra böyük bir layihə həyata keçirdik. "Şəhid övladlarının gözündən Şuşa" adlı yay düşərgəsi keçirdik. Şərtlər buna imkan verməsədə,  bütün çətinliklərə baxmayaraq, bunu bacardıq. Bunu inşallah Xankəndidə edəcəyik. Gələcəyə inanaraq, ürəklə bunu həyata keçirəcəyik. Nəinki bunu həyata keçirəcəyik, gələcəkdə biz bu torpaqlarda  yurd salacağıq. Çünki biz oradan ayrılmalı və qopmalı deyildik. Məskən salmalıyıq. O torpaqları daha çox sevməliyik, çünki o ərazilər qanla yoğrulub. Hər qarışı üçün qəhrəmanlarımızn qanı axıb. Hər bir şəhidimizin əziz xatirəsini Xankəndidə, Şuşada anmaq istəyərdim. Hər bir qəhrəmanımızın xatirəsinə orada anım tədbirləri təşkil etmək istərdik. Vətəni təbliğ edən, tərənnüm edən tədbirləri təşkil etmək istəyərdik. İnşallah bunu edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah dövlətimizi, vətənimizi, xalqımızı qorusun. Cənab Prezidentimizə, Ordumuza, Xalqımıza qüvvət versin. Hər bir evdən gülüş səsləri eşidilsin. İnşallah o günlər uzaqda deyil".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hər şeyin reinteqrasiya ilə bağlı olduğunu vurğulayıb:

 

"Xankəndidə hər bir QHT öz profilinə uyğun müxtəlif layihələr icra edə bilərlər. O ərazilərlə bağlı ayrıca qrant müsahibələri ola bilər.  Görək, orada əhalinin geridönüş prosesi olacaqmı. Deyilənlərə görə, ermənilərin əksəriyyəti müvəqqəti olaraq könüllü əraziləri tərk etdiyinə görə orada az adam qalıb. Azərbaycanın isətənlən nöqtəsində QHT öz profilinə uyğun layihə həyata keçirə bilər. Hələlik bizim hansısa planlarımız yoxdur. Sosial istiqamətdə layihələr keçirmək olar. Onların vətəndaşlıq hüququnun bərpa etməsi ilə bağlı hüquqi yardıma ehtiyacı ola bilər. Biz bunu bacara bilərik. Mülkiyyət hüquqlarının bərpası istiqamətində hər hansı hüquqi yardımlar göstərilə bilər. Sənədlərin bərpası məsələsi var.Bununla bağlı müəyyən hüquqi yardım göstərilə bilər. Lakin bütün bunlar barəsində reinteqrasiya prosesindən sonra düşüncəyik".



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər