Saytımızı qiymətləndirin


 
 

“Yolların uzunluğu maşın sayına uyğun deyil, “tıxac”ın səbəbi budur” –DİN İdarəetmə Mərkəzinin rəisi
Tarix: 03-10-2023 | Saat: 11:11
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

“Şəhərdə tıxacın səbəblərindən birincisi odur ki, paytaxt ərazisindəki yolların uzunluğu nəqliyyat vasitələrinin sayına uyğun deyil. Yəni, yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır”.

Azpost.info bildirir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev AzərTac-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu mənzərə aparılan təhlillər nəticəsində ortaya çıxan statistikaya əsasəndir:  “20-30 il öncə ilə müqayisədə nəqliyyat vasitələrinin sayı 5-6 dəfə artıb. Bu gün respublika ərazisində 1,7 milyondan çox nəqliyyat vasitəsi mövcuddur. Bunun da rəsmi olaraq 750 mini paytaxtda qeydiyyatda olsa da, real vəziyyət belə deyil. Əslində paytaxtda gündəlik 1 milyondan çox nəqliyyat vasitəsi hərəkət edir. Birinci səbəb budur ki, yollar nəqliyyat vasitələrini tuta bilmir”.

N.Piriyevin fikrincə, əvvəllər heç kim düşünməzdi ki, nəqliyyat vasitələrinin sayı bu qədər artacaq. Bu gün dayanma-durma qaydaları pozulur.  Çünki nəqliyyat vasitələri həddindən artıq çoxdur: “Say olaraq nə qədər dayanacaqlarımız var? İstər yeraltı və yerüstü dayanacaqlar, istərsə də yolların kənarında icazə verilən parklanma yerləri olsun, dayanacaq yerlərinin sayı azdır. Bəs, bu avtomobillər haradadır? Hamısı yollarda, küçələrdə və prospektlərdədir. Bu da sıxlıqların yaranmasında müəyyən rol oynayır. Yeni tikilən binaların altındakı qarajlar, dayanacaqlar nəqliyyat vasitələrinin sayına uyğun deyil. Məktəb və universitetlərin, iş yerlərinin çoxunun dayanacaq yeri yoxdur. Gəlin görək, təhsil ocaqlarının sadəcə işçi heyətinin öz avtomobilini saxlaması üçün yerləri var. Əlbəttə, yoxdur. Bir çoxunun qarşısında ictimai-iaşə obyektləri, həmin obyektlərin işçiləri, avtomobillə ora gələnlər var. Bunlar hamısı sıxlığa təsir edən amillərdir”.

N.Piriyev bildirib ki, 1,7 milyondan artıq nəqliyyat vasitəsinin 80 faizdən çoxu minik avtomobilləridir. Bu da o deməkdir ki, əhali ictimai nəqliyyata o qədər də meyilli deyil:“İnsanlar ictimai nəqliyyatdan az istifadə edirsə, hamı yola öz avtomobili ilə çıxırsa, bu da sıxlığın yaranma səbəblərindən biridir. Digər tərəfdən, bəzən görürsən ki, 4-5 zolaqlı yol gəlib hansısa tunelin içinə girir, yaxud da körpünün üstünə qalxır və yol 4-5 zolaqdan 2-3 zolağa düşür, yol daralır. Belədə digər zolaqda olanlar yavaş-yavaş tunel və ya körpüyə gedən zolaqlara keçməyə məcbur olurlar. Bizdə belə bir şey var ki, bəzi sürücülər heç vaxt əvvəlcədən gedəcəyi yolun zolağını tutmur. Məsələn, sağa dönməlidir, sol zolaqla gəlib, ən sonda sağa dönür. Bu zaman manevr qaydaları pozulur. Bunun özü də sıxlığa səbəb olan amillərdən biridir”.

Azpost.info



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər