Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizi yenidən gündəmdə: Azərbaycana heç kəs əngəl ola bilməz!
Tarix: 21-09-2023 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Zəngəzur dəhlizi yenidən gündəmdə: Azərbaycana heç kəs əngəl ola bilməz!

 

Azərbaycan Silahlı Qüvvələri  sentyabrın 19-da başlatdığı lokal xarakterli antiterror tədbirləri 24 saat sonra uğurla başa çatdırılıb. Ordunun şücaəti sayəsində separatçılar ağ bayraq qaldıraraq, təslim olub. Separatçılar Azərbaycanın təklifləri ilə razılaşmağa məcbur qalıb.

 

Azərbaycanın Qarabağdakı uğurundan sonra Zəngəzur dəhlizi məsələsi gündəmə gəlib. Ötən gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi: “Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

 

Ermənistan Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tələblərini yerinə yetirməsə onu hansı aqibət gözləyir?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Zəngəzur məsələsi yenə də, gündəmdədir:

 

“Tarixdən bizə miras qalan problemin 24 saat ərzində həll olunması Azərbaycan dövlətinin gücünü, xalqımızın bacarığını, onun seçdiyi, güvəndiyi, ətrafında sıx birləşdiyi liderin düzgün siyasi xətt seçməsinin göstəricisi oldu. Bu gün Zəngəzur məsələsi yenə də, gündəmdədir. Bu barədə ictimiayyətdə geniş müzakirələr gedir. Zəngəzur tarixi torpağımızdır. Çox təəssüf ki, onun qərb hissəsi başqa bir dövlətin tərkibindədir. Əslində, Ermənistanın özü 100 il bundan əvvəl, Zəngəzur, Göyçə və İrəvan torpaqlarının əsasında Azərbaycanın hüquqları əlindən alınmaqla dövlət olub. Bizim Ermənistana ərazi iddialarımız yoxdur. Bunu cənab Prezident dəfələrlə vurğulayıb. Eyni münasibəti Ermənistandan da gözləyirik. Daxili işlərimizə qarışmamağı, normal qonşuluq əlaqələrinin yaranmasını onlardan tələb edirik".

Deputat vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın mənəvi olaraq Zəngəzura iddiası var.

 

"Qərbi Zəngəzur bizim tarixi torpaqlarımızdır. Azərbaycanın o ərazidən keçib getmək hüququ var. Bu hüququ bizim əlimizdən heç kəs ala bilməz. Ermənistan bizə mane törədə bilməz. Zəngəzur dəhlizinin açılması vacibdir. Bu, 2020-ci ilin 10 noyabr bəyannaməsində də öz əksini tapıb. Zəngəzur dəhlizinin açılmasını Rusiya, Türkiyə kimi region dövlətləri də dəstəkləyir. Eyni zamanda həmin torpaqlara azərbaycanlıların getmək, yaşamaq və dədə-babalarının məzarlarını ziyarət etmək hüququ var. Azərbaycanlıların burdakı tarixi, mədəni irsini araşdırmaq hüququ var. Buna heç kəs əngəl ola bilməz. Azərbaycanın ərazi bütölüyünü tanıyaraq, bizim o torpaqda dədə-baba irsini yaşatmaq hüququmuz var. Azərbaycan bu uğurda mübarizə aparacaq".

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə vurğulayıb ki, hazırda Azərbaycanın diqqəti əsas olaraq Qarabağa və Şərqi Zəngəzura yönəlib:

 

"Qarabağda bərpa-quruculuq işlərinin görülməsi bizim qarşımızda prioritet məsələdir. Bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda görəcəyimiz işlər həddindən artıq çoxdur. Ermənistandan, xüsusən də, Şərqi Zəngəzurdan deportasiya edilmiş vətəndaşlarımızın, soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması üçün  addımları, səylərimizi davam etdiririk. Zəngəzura qayıdış məsələsində tələskənliyə, ciddi siyasi səhvə yol vermək olmaz. Çünki bu gün dünya dövlətlərinin proseslərə müdaxilə cəhdləri var. Proses Cənab Prezidentin müəyyəbləşdirdiyi yolla həyata keçirilməlidir. Hər bir məsələ, detal üzərində ciddi düşünülməli və addımlar buna uyğun atılmalıdır. "Qarabağdan sonra Zəngəzuru hücum edib, götürəcəyik" kimi yanlış fikirlərə qapılmaq düzgün deyil.  Biz prosesləri ağıllı şəkildə, mərhələli  olaraq həyata keçiririk. O mənada dövlət bu gün addımlarını atır və atacaq. Bu gün əsas diqqət Qarabağ və Şərqi Zəngəzurda olmalıdır".

Deputat söyləyib ki, Qərbi Zəngəzurla bağlı da addımlar atılır:

 

"Bu istiqamətdə siyasətimizi həyata keçirik. Səhvə yol verilmədən, Azərbaycanı hədəfə qoyan addımlar atılmadan bu proses aparılmalıdır. Digər yandan Zəngəzur dəhlizinin açılması məsələsi var. Bu dəhlizin açılması regionun digər dövlətlərinin marağındadır. Müəyyən məsələlər həll edildikdən sonra dəhlizin açılması məsələsi də baş tutacaq. Hələlik isə təmmkinli olmaq lazımdır".



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər