Saytımızı qiymətləndirin


 
 

Milli refleks... - Kremlin müdirinə mədhiyyə oxuyanlar
Tarix: 15-09-2023 | Saat: 17:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Milli məsələdə gərək çəkici bir nöqtəyə vurasan. Banal və ya trivial səslənir, amma vacib təsbitdir. Daha vacibi isə “milli nöqtə”ni düz tapmaqdır ki, başqalarının nöqtələrini döyəcləməyəsən...
 

Putinin Vladivostokdakı çıxışında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına iradı, skandal “Laçın-Kəlbəcər təklif-peşkəşi”, Azərbaycan XİN-in Ukraynanın işğal edilmiş ərazilərində keçirilən qondarma seçkiləri pisləməsi, Rusiyanın diplomatik kanallarla Bakıya demarşı və Lavrovun atbalaxanımı Zaxarovanın bu kontekstdə sərsəmləməsi, Rusiyanın Xankəndidəki “seçki”ni pisləməməsi və separatçı rejimi tanımadığını elan etməməsi milli məsələyə toxunan mövzulardır.
 

Məsələn, Rusiya liderinin Qarabağın Azərbaycanın olmasına dair “bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır” sözləri ermənilərə “Qarabağı istəyirsinizsə, Paşinyanı devirin” mesajı, bizə isə daha bir siqnaldır ki, Putinə inanan daşa dönsün...
 

Amma inanırlar. Adam, yəni Putin bizim torpaqlarla alver edirmiş və üstündə “bəxşiş” də verirmiş:

“Biz Azərbaycanla elə şəkildə razılığa gəlməyi təklif etdik ki, 2 rayon – Kəlbəcər və Laçın rayonları faktiki olaraq Ermənistanın yurisdiksiyası altında qalsın. Və bir də bütün Qarabağ. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz erməniləri onilliklər, 10-15 il ərzində razı salmağa çalışdıq”...
 

Bizim siyasətçi-strateq qəfildən vəcdə gəlib Kremlin müdirinə mədhiyyə oxuyur: Putin Paşinyanı yerinə oturtdu, alnından möhür vurdu, kürsüsündən fırladacaq, filan-peşməkan...


Bu yerdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Abuzər Turanın “Zəfər nəğməsi” dastanından o müəzzəm, mükəmməl və müdhiş bəndi yada salmasaq, olmaz və ya ayıb olar:
 

Sağ olsun PUTİN KİŞİ,
Ağıllı tutdu işi,

Nikolun sındı dişi;

Boş çıxdı zəng edişi;

Əziz Vəziri-Əzəm!
 

Qayıdaq qoyunumuza, milli məsələyə. Əcaib işdir, milli işə dəxli olan vacib mövzuların şərh və müzakirələrində son vaxtlar mövqe və aspektlər uzlaşmır, yanaşmalar bəzən diametral ziddir. İrəvana, vasitəçilərə, regional və başqa geosiyasi fiqurlara münasibətdə şübhəli konsepsiya və baxışlar var. Prinsipcə fərqli yanaşmalar normaldır, amma nədən bu qədər zidd və düşməncəsinə?!.

Maraqlıdır, gizlənmirlər və fikirlərini də gizlətmirlər: hamı bilir ki, bu, qərbyönümlü, o, rusofil, o yandakı iranpərəst, bu yandakı avrasiyaçıdır, küncdəki isə FETO-ya işləyir...
 

Milli refleks sanki tənbəlləşib və ya korşalıb. Təkrar qeydiyyatdan 25-26 siyasi partiya keçib. Zaxarovanın demarşına və ya Rusiyanın Qarabağdakı "seçkilər”i pisləməməsinə vur-tut 5-6 partiya lideri və ya funksioneri reaksiya verib.
 

Xatakar, bədəməl siyasi reflekslər! Bütün suç onlardadır, milli yoldan azdırırlar...



Xəbəri paylaş

1159 dəfə oxunub.

Digər xəbərlər