Tarix: 04-09-2023 | Saat: 11:50
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Bel ağrılarının yaranma səbəbi açıqlanıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova məlumat verib
Həkimin sözlərinə görə, müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir: "Belə ki, artıq bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşaiyət olunan xəstəliklər xeyli cavanlaşıb. Bunun səbəbi ilk növbədə dayaq-hərəkət sistemində biomexanik pozuntuları, degenerativ dəyişikliklərin geniş yayılmasını, orqanizmdə durğunluğu hesab etmək olar. Təcrübəmdə hər ikinci pasient bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir".
O qeyd edib ki, müraciət edən əksər pasientlər qadınlardır: "Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər. Düzdür, hamiləlik və analıq qadının orqanizmdə xüsusi dəyişikliklərə səbəb olur. Belə ki, hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür, avitaminoz və digər problemlər ortaya çıxarır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxır. Bel ağrıları zamanı düzgün diaqnozun qoyulmasında şikayətlərin müddəti önəmli faktorlardandır. Onlar müddətdən asılı olaraq kəskin və xronik ağrılara bölünür. Qızıl standart olaraq 12 həftə götürülür. Belə ki, 4-12 həftəyədək olan müddətdə ağrılar kəskin/yarımkəskin kimi, 12 həftədən çox olan ağrılar isə xronik kimi qiymətləndirilir".
Digər xəbərlər