Saytımızı qiymətləndirin


 
 

Laçın şəhəri günün qeyd olunması niyə önəmlidir... - Laçınlılar DANIŞIR
Tarix: 26-08-2023 | Saat: 15:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın şəhəri günün qeyd olunması niyə önəmlidir... - Laçınlılar DANIŞIR

Bu gün Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür. 

 

Vətən müharibəsindən sonra Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.

 

Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında idi. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.

 

Qarabaqinfo.az Laçın şəhəri günü ilə əlaqədar laçınlı ictimai şəxslərin təəssüratlarını öyrənib.

 

Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə saytımıza açıqlamasında bildirib ki, bir il bundan əvvəl, yəni 2022-ci ilin avqust ayının 26-da Laçın şəhər mərkəzi və Zabux, Sus kəndləri erməni işğalından tamamilə təmizləndi.

 

"O gündən bu günə Laçın şəhərinin həyatında çox mühüm hadisələr baş verməkdədir. Rayon mərkəzinin bərpa edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi Laçın şəhərinin Zabux və Sus kəndlərinin bərpası ilə bağlı dövlət tərəfindən aparılan işlər, Laçın şəhərinin Güləbird, Qorçu kəndlərinin təməlqoyma mərasimlərinin keçirilməsi Dövlət başçısı, müzəffər Ali Baş Komandan və Birinci vitse-prezidentin dəfələrlə səfərləri və onların açılışlarda, həm də təməlqoyma mərasimlərində iştirakı yaddaqalan hadisələrdir”

 

M.Abbaszadə vurğulayıb ki, Laçın şəhərində gedən quruculuq-abadlıq işləri daha da sürətlənəcək:

 

“Avqustun 26-sı cənab Prezidentin sərəncamı ilə Laçın Şəhəri Günüdür. Artıq bununla bağlı çox ciddi işlər görülüb. Bu gün Laçın Şəhəri Gününü qeyd edəcəyik. Bu bir il ərzində yaddaqalan əsas məqamlardan biri şəhər mərkəzinə 250 ailənin, yəni 1000 nəfərin geriqayıdışı təmin edilib. Laçın Şəhərinin Zabux kəndinə 20 ailənin, yəni 90 nəfərin  köçü təmin ediləcək. Onlara evlərinin açarları veriləcək. Artıq bu şəxslərin öz doğma yurdlarında yaşamaq arzuları çin olmaqdadır. Bundan sonrakı dönəmdə də Azərbaycan dövlətinin gücü sayəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və birbaşa tapşırığı ilə Laçın şəhərində quruculuq-bərpa işləri sürətlə davam edəcək. Yeni qəsəbələr salınacaq, evlər tikiləcək. Yeni iş yerlərinin açılması həyata keçiriləcək. Beləliklə 30 il ərzində məcburi köçkün həyatına məhkum olmuş laçınlıların hamısı öz ata-baba yurdlarına qayıdacaqlar, daimi yaşayacaqlar. Burada onların sosial müdafiəsi və iqtisadi həyatları gücləndiriləcək. Bundan sonrakı fəaliyətləri ilə burada yaşayıb-yaradacaqlar”.

Əslən laçınlı olan nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Laçın şəhərinin azad olunması və ondan 1 il 9 ay sonra isə şəhərin digər ərazilərinin azad olunması bütövlükdə şərqi Zəngəzurun və Qarabağın işğal altında olan ərazilərinin azad edilməsi tariximizin çox parlaq səhifələrindən biridir.

 

"Mən özüm bir laçınlı kimi Birinci Qarabağ müharibəsinin veteranı kimi, Azərbaycan vətəndaşı kimi qürur hissi keçiririk. Həmin günlər bizim yaddaşımıza ən gözəl xatirələr kimi həkk olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin, Ordumuzu qorusun! Allah dövlətimizi daha da qütrətli etsin! Xalqımızı var eləsin!"

 

Ə.Hüseynov Laçının qüdrətinin daha yüksək səviyyəyə qaldırılmasının əsas məqsəd olduğunu bildirib:

 

"Laçının strateji əhəmiyyətini hər kəs bilir. Laçın sadəcə bir rayon deyil. Bizim tarixi düşmənlərimizlə sərhəddə yerləşən ən strateji yerdir.  Laçının azad olunması o deməkdir ki, Azərbaycanın dövlət sərhədi Qərb istiqamətində bərpa olundu. Azərbaycan Respublikası bütövləşdi. İndi Qarabağ iqtisadi regionunda müəyyən ərazilər var ki, hələ Rusiya sülhməramlılarının nəzarətindədir. İnşallah bu ərazilərdə də dövlətimizin tam suverenliyi təmin olunar. Bundan sonrakı məqsəd Laçını əvvəlki qüdrətinə qaytarmaq, hətta ondan da yüksək səviyyəyə qaldırmaq dayanır. Nə qədər sevinsək də, keçmişi heç vaxt unutmamalıyıq. Laçın və digər ərazilərimizin işğal olunması o vaxt dövlət kimi buraxdığımız səhvlərin nəticəsi idi.  O səhvlərimizdən nəticə çıxarmalıyıq. Biz Laçını o səviyyəyə çatdırmalıyıq ki, düşmən bir daha bu tərəfə baxmağa belə cürət etməsin. Bizim xalqımız, camaatımız Laçına elə bağlanmalıdır ki, düşmən bir daha ağlının ucundan Laçına və digər ərazilərimizə  qarşı iddia irəli sürməyə cəhd göstərə bilməsin. Bunun üçün əlimizdən gələni etməliyik. Mənim üçün digər bir sevindirici hal ondan ibarətdir ki, buranın yol infrastrukturunun bərpası ilə bağlı məsləhətçi kimi müəyyən işlərim var. Ağlımıza da gəlməzdi ki, belə bir şey bizə qismət olacaq. Hər bir halda hamımızın gözü aydın olsun. Vətənimizi sözün geniş mənasında bütöv görməyi Allah bizə nəsib etsin!"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, laçınlı jurnalist İmdad Əlizadə laçınlıların 30 il ərzində bu günü səbirsizliklə, ümidlə gözlədiklərini söyləyib:

 

"Bu günü görə bilmədən minlərlə insan dünyasını dəyişib. Onların bir qisminin ölümünə səbəb elə Laçınsızlıq dərdi olub. Bu 30 il ərzində laçınlılar çox böyük əziyyətlər çəkiblər. Ağır həyat yaşayıblar. Rahat evlərindən didərgin salındıqdan sonra şəraitsiz yerlərdə ağır sosial-iqtisadi vəziyyət içərisində ömür sürüblər. Bütün bunlara baxmayaraq bu gün Laçın azaddır. Laçınlılar böyük sevinc içərisindədirlər. Gləcəyə ümidlə baxırlar. Bizim ən böyük problemimiz olan Laçınsızlıq dərdinə çarə tapılıb".

 

İ.Əlizadə laçınlarının sevinclərini sözlə ifadə edə bilmədiyini söyləyib:

 

"Mən bir çox yerlərdə insanların hislərimi ifadə edə bilmirəm dediklərini eşitmişəm. Mən bu ifadəni şablon hesab edirdim. Bu gün laçınlılar həmin günü yaşayır. Hislərini,sevinclərini sözlə ifadə etmək mümkün deyil. Mən bu sözün şablon olmadığını gördüm. Mən kəndimizə getdim.Orada adam bilmir ki, hansı hərəkəti etsin ki, həsrətin yerini doldursun. Bilmirsən ağlayasan, bilmirsən güləsən, ya ucadan qışqırarsan.O gün bir əmioğlu da ora getmişdi. O da dedi ki, bilmirəm hislərimi necə ifadə edim.Yəni hislərimizi ifadə edə bilmirik. Bu günü bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, Azərbaycan Ordusuna, qazilərimizə ürəkdən təşəkkür edirik. Şəhidlərimizin önündə hörmətlə baş əyirik. Qazilərimizə də Allahdan şəfa diləyirik. Onlar canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər.Onların sayəsində bu yerlərə sərbəst gedirik. Bundan sonra da gedəcəyik".

 

O, yurdlarına köçən laçınlıların dünyanın ən xoşbəxt insanları olduğunu deyib:

 

"Laçın abadlaşır və gözəlləşir. Getdikcə daha da gözəlləşəcək. Laçın şəhəri günü ilk dəfə keçirilir. Bu sevindirici haldır. Bu gün həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Onun da laçınlılara bu illər ərzində xüsusi diqqət və qayğısı olub. Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm Bu gün Laçına qayıdanlar bəlkə də, dünyanın ən xoşbəxt insanlarıdır. Digər laçınlıların da bu xoşbəxtliyə tam olaraq qovuşmasını arzu edirəm".



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər
6-09-2024, 12:12 Zelenski Almaniyaya gedib