Saytımızı qiymətləndirin


 
 

vSüni intellekt jurnalist peşəsini təhdid edir - ŞƏRH
Tarix: 10-08-2023 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Süni intellekt jurnalist peşəsini təhdid edir - ŞƏRH

Müasir texnologiyaların inkişafı bütün sahələrdə olduğu kimi jurnalistikaya da təsir edir. Dünyanın müxtəlif ölkələrində jurnalistlər süni intellekt alətlərinin köməyi ilə faktların doğruluğunu yoxlayır, mətnlər yazır və fotolar hazırlayırlar.

 

Bəzi ekspertlər və jurnalistlər süni intellektin təhlükələri ilə bağlı həyəcan təbili çalır. Onlar yeni texnologiyanın jurnalist peşəsini sıradan çıxaracağını düşünür. 

 

Həqiqətən süni intellekt və ümumilikdə yeni texnologiyalar bir sıra peşələrin yoxa çıxmasına səbəb olub. "Goldman Sachs" analitik mərkəzinin məlumatına görə, süni intellekt dünyada mütəxəssislərin 7%-ni əmək bazarından sıxışdırıb çıxara bilər. Hesablamalara görə, "ChatGPT" və ya "Midjourney" kimi süni intellekt alətləri ABŞ-da hər dörd işçidən birini əvəz edəcək. Bu texnologiyanın 300 milyon insanın işsiz qalmasına səbəb olacağı ehtimal edilir.

 

"Business Insider" portalının mütəxəssisləri süni intellektin inkişafı nəticəsində tamamilə yox ola biləcək 10 peşənin siyahısını tərtib ediblər. Onlar arasında proqramçılar, hüquq məsləhətçiləri, marketoloqlar,müəllimlərlə yanaşı jurnalistlər də var. Buna baxmayaraq, süni intellektin jurnalistikaya təsirləri ilə bağlı fikirlər birmənalı deyil.

 

Bəs süni intellekt jurnalistləri əvəz edə bilərmi? Yeni texnologiyanın jurnalist peşəsinə təsirləri hansı səviyyədə olacaq?

 

Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu deyir ki, süni intellekt jurnalistikaya təsir etsə də, təmamilə sıradan çıxarma gücündə deyil.

 

“Bildirim ki, Şuşada keçirilən Qlobal Media Forumda da süni intellektin jurnalistikaya təsiri ilə bağlı beynəlxalq və yerli ekspertlərlə maraqlı müzakirələr olundu. Texnologiyanın və süni intellektin inkişafı və müxtəlif sahələrə ciddi təsiri var. O cümlədən də, jurnalistikaya... Amma analitika, fərdi yanaşma jurnalistikada tələb olunan məqamlardır. Ehtimal etmək olar ki, süni intellektin jurnalsitikaya təsiri gələcəkdə daha da güclənsin.  Amma hər hansı şəkildə professional jurnalistikanın istiqamətini dəyişməsinə təsir göstərəcəyi barədə  danışmaq tezdir. Süni intellektin jurnalistikaya hakim ola biləcəyi barədə nəsə deyə bilmərik. Müəyyən mənada əgər jurnalist yazmağa çətinlik çəkirsə, onlara müsbət təsir göstərə bilər. Amma jurnalistikanın özünün fəlsəfəsi, janrları, özünəməxsusluğu  var”.

"Azxeber" portalının baş redaktoru Hacıbəy Heydərli Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, dünyada jurnalistika da artıq müəyyən yenilik və inkişafla uyğunlaşmalıdır.

 

“XXl əsr internet media dövrüdür. Hər il trendlər dəyişir. Süni intellekt də son dövrlər diqqətdə olan və insanları cəlb edən yeniliklərdəndir. Artıq yaxın illərdə bəzi ənənəvi peşələr tarixə çevriləcək, yoxa çıxacaq. Düşünürəm ki, süni intellektin inkişafı medianın yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Amma mətbuat eyni zamanda yaradıcı sahədir. Süni intellektin yaradıcı tərəfdən mediaya təsir imkanı çox deyil. Sadəcə formal  olan prosesləri həyata keçirən yenilikdir. Öz beyin məhsulu, şəxsi fikirləri baxımdan süni intellekt hələ ki dünyada və Azərbaycanda mediaya tam siraət edib jurnalistikanı sıradan çıxarmaq imkanına malik deyil. Amma artıq jurnalistika da ənənəvi formasından çıxıb, yeniliklərə uyğunlaşmalıdır. Yeni nəsil süni intellekt vasitəsi ilə proselərə təsir gücünə malik olacaq. Mətbuatda yaradıcılığı olmayanlara ehtiyac qalmaycaq”.

 

"Yenisabah"ın baş redaktoru Seymur Verdizadə isə süni intellektin jurnalistikaya təsir etmə gücündə olmadığını vurğulayıb.

 

“Artıq müasir dünyanın bir parçasıyıq, yəqin ki, gələcəkdə bu təcrübə bizim ölkəmizdə də tətbiq olunacaq. İnformasiya texnologiyaları ilə uyğunlaşmaq çətindir. Hesab edirəm ki, yazıdan jurnalistin imzasının qoxusu gəlməlidir. Yazıdan insan ətri gəlməlidir. Yazıda canlılıq olmalıdır. Süni intellektin canlı və peşəkar jurnalisti əvəz edəcəyini düşünmürəm. Süni intetellektin məndən və jurnalist dostlarımızdan yaxşı yazacağına inanmıram. Dünyada bir inkişaf var, bəzi proselər gedir. Müəyyən işləri görə bilərlər, onlara etibar etmək olar, amma  hər halda mən eyni zamanda oxucu kimi yanaşıram məsələyə. Mən canlı insan nəfəsi duymaq istəyirəm yazılarda. Yazı və məqalələrin arxasında bir insan dayanmalıdır. Onsuz həyatımız başdan-başa süniliklər üzərində qurulub. Heç olmasa, imzamızı əlimizdən almasınlar. Məncə  süni intellektin ortaya qoyacağı yazı ruhsuz olacaq. Yaxın 10 ildə süni intellektin peşəkar jurnalistləri əvəzləyəcəyinə inamıram”.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər