“Azərbaycan-Ermənistan münaqişəsində Ermənistan tərəfinin yalnız bir rıçaqı var”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz feysbuk səhifəsində canlı yayımda danışıb.
“Bu, sözdə sülh sazişini imzalamaq və ya imzalamamaqla bağlı bir rıçaqdır. Təbii ki, bu rıçaq bu gün kifayət qədər zəifləyib, çünki Ermənistan hakimiyyəti əvvəlcədən hansı sənədi imzalayacağını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistan ərazilərini (?!-red) Azərbaycana verməyə razı olduğunu açıqlayıb və bütün bunlar onun mövqelərini zəiflədib. Amma bunlar şifahi razılaşmalardır. Yəni yazılı imza rıçaqı hələ də qüvvəsini itirməyib. Hesab edirəm ki, biz bu rıçaqdan yeni müharibəyə rəvac vermədən ən yaxşı şəkildə istifadə etməliyik”, - deyə Oskanyan bildirib.
“Paşinyanın nə düşündüyünü söyləmək çətindir. Amma mən inanıram ki, bu sənədin imzalanması baş nazir üçün asan olmayacaq, çünki onun məzmununun erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur və Paşinyan onu belə asanlıqla imzalaya bilməz. Təbii ki, bu, uzana bilər”, - deyə sabiq nazir qeyd edib.