Tarix: 19-07-2023 | Saat: 16:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsinə dair yeni qaydalar müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Yer təkinin istifadəyə verilməsi üzrə hərraclar Mülki Məcəlləyə, qanuna və bu Qaydalara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil edilir, auksion və ya müsabiqə formasında keçirilir.
Agentlik Fövqəladə Hallar Nazirliyinin hər il sentyabrın 15-dək növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına olan tələbatı barədə Nazirliyə təqdim etdiyi proqnoz məlumatlarını nəzərə almaqla, Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarına dair materialların təhlili əsasında növbəti il üçün hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hər il dekabrın 15-dək müəyyənləşdirir.
Siyahıda aşağıdakılar göstərilir:
- hərraca çıxarılması mümkün olan yer təki sahəsinin adı və yerləşdiyi ərazinin hüdudları (bundan sonra – hərrac predmeti);
- faydalı qazıntı yatağının dövlət qeydiyyat nömrəsi və tarixi;
- sənaye əhəmiyyəti barədə hər bir yataqda əsas və yanakı faydalı qazıntı ehtiyatının kəmiyyəti və keyfiyyəti (komponentlərin miqdarı);
- əsas və yanakı faydalı qazıntıların mühüm texniki xassələri;
- Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş faydalı qazıntı ehtiyatlarının həcmi;
- faydalı qazıntı ehtiyatlarının yerləşdiyi torpaq sahələrinin kateqoriyası, məqsədli təyinatı, istifadədə və ya icarədə olmasına dair məlumat, o cümlədən Qanunun 13-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq torpaq sahəsinin ayrılmasına dair razılıq;
- Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş ehtiyatların həcmi üzrə faydalı qazıntı yatağının geoloji-iqtisadi qiymətləndirilməsi (texniki-iqtisadi əsaslandırma və kondisiya məlumatları).
Agentlik hər il hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını, o cümlədən Qanuna müvafiq olaraq faydalı qazıntı yataqları yerləşən torpaq sahələrinin ayrılmasına dair torpaq sahiblərindən və aidiyyəti dövlət orqanlarından (qurumlarından) qabaqcadan alınmış razılığı bu hərrac komissiyasına təqdim edir.
Birbaşa danışıqlar yolu ilə istifadəyə verilmə halları istisna olmaqla, yer təki istifadəyə hərrac vasitəsilə verilir. Azərbaycan Respublikası ərazisində yerləşən qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə verilir. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:
- istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;
- radioaktiv xammalın çıxarılması məqsədilə yer təki istifadəyə verildikdə;
- konversiya proqramını həyata keçirən müdafiə müəssisələri iştirakçı qismində çıxış etdikdə.
Müsabiqə 2 mərhələdə keçirilir. Birinci mərhələdə müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflər təhlil edilir, ikinci mərhələdə isə müsabiqə iştirakçılarının təklif etdikləri qiymət elan olunur və qalib müəyyən edilir. Birinci mərhələdə Agentlik tərəfindən ərizələrin yoxlanılması başa çatdıqdan və müsabiqə iştirakçılarının siyahısı rəsmiləşdirildikdən sonra 10 (on) iş günü müddətində Komissiyanın iclası keçirilir və iştirakçıların müsabiqənin şərtləri ilə bağlı texniki-iqtisadi təklifləri təhlil olunur. Müsabiqənin şərtlərinə uyğun olan iştirakçılar müsabiqənin ikinci mərhələsinə buraxılırlar və bu barədə məlumatlar birinci mərhələnin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Protokol tərtib edildikdən sonra 3 (üç) iş günü ərzində iştirakçılara sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada birinci mərhələnin yekununa dair məlumat verilir. Birinci mərhələ bitdikdən sonra 2 (iki) iş günü müddətində Komissiyanın iclasının günü və vaxtı müəyyən olunur və ikinci mərhələyə buraxılmış iştirakçılara sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada bildiriş göndərilir. Müsabiqənin keçirildiyi gün müsabiqə iştirakçılarının müsabiqə predmeti barədə qiymət təklifi Agentlik tərəfindən möhürlü zərfdə Komissiyanın sədrinə və üzvlərinə təqdim edilir. Zərflər açılmazdan əvvəl Komissiyanın üzvləri onların bütövlüyünü yoxlayırlar. Texniki-iqtisadi təkliflər qiymətləndirildikdən sonra qiymət təklifinə dair zərflər açılır və Komissiyanın sədri tərəfindən hər bir müsabiqə iştirakçısının təklif etdiyi qiymət elan olunur. Yoxlamanın gedişi, onun nəticəsi və hər bir müsabiqə iştirakçısının təklif etdiyi qiymətlə bağlı müsabiqənin nəticələrinə dair protokolda qeydlər aparılır. Müsabiqə iştirakçıları tərəfindən təklif olunan qiymət müsabiqənin keçirilməsi ilə bağlı şərtlər toplusunda göstərilən başlanğıc qiymətə bərabər və ya ondan yuxarı olmalıdır. Təklif olunan qiymət rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymət rəqəmlə göstəriləndən fərqli olarsa, onda Komissiya sözlə yazılan qiyməti əsas götürür. Zərflərin açılışında və təkliflərin elan edilməsində bütün müsabiqə iştirakçıları və ya onların etibarnamə üzrə səlahiyyətli şəxsləri və media nümayəndələri iştirak edə bilərlər. Komissiya üzvləri, şərtlər toplusunda nəzərdə tutulmuş qiymətləndirmə qaydasına uyğun olaraq, səsvermə yolu ilə müsabiqə iştirakçıları arasında ən yaxşı texniki-iqtisadi təklif vermiş fiziki və ya hüquqi şəxsi seçirlər və həmin şəxs müsabiqənin qalibi hesab edilir. Agentlik texniki-iqtisadi təkliflərin qiymətləndirilməsinə mütəxəssisləri və ya ixtisaslaşmış təşkilatları cəlb edə bilər. Komissiya tərəfindən seçilmiş ən yaxşı texniki-iqtisadi təklif aşağıdakı meyarlara cavab verməlidir:
- yer təkinin istifadəsi ilə bağlı müsabiqənin şərtlərinə uyğun olmalı, daha yaxşı iqtisadi göstəriciləri və texniki həlləri təmin etməli;
- ətraf mühitin və yer təkinin mühafizəsi ilə bağlı tələblərə cavab verməlidir.
Müsabiqə iştirakçıları tərəfindən verilmiş təkliflər səsvermə zamanı bərabər səs topladıqda, daha yüksək qiymət təklifi verən fiziki və ya hüquqi şəxs qalib hesab edilir. Müsabiqə iştirakçılarının təklif etdiyi qiymət bərabər olarsa, onlara iclas gedişində rəqəmlə və sözlə yazılı formada yeni qiymət təklifinin verilməsi təklif olunur. Daha yüksək qiymət təklif edən fiziki və ya hüquqi şəxs qalib hesab edilir.
Auksion Agentlik tərəfindən ərizələrin yoxlanılması başa çatdıqdan və iştirakçıların siyahısı rəsmiləşdirildikdən sonra aşağıdakı qaydada keçirilir:
- Komissiyanın sədri tərəfindən auksionu aparan şəxs (bundan sonra – auksionçu) təyin olunur. Auksionçu hərrac predmetinin adını, əsas xüsusiyyətlərini, başlanğıc qiymətini və auksion addımını elan edərək auksiona başlayır;
-auksion iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir. Başlanğıc qiymət elan olunduqdan sonra auksion iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiyməti ödəməyə razı olduqlarını bildirirlər;
- başlanğıc qiymət iştirakçıların əlavələr etməsi yolu ilə artırılır. Auksion addımı hər dəfə hərrac predmetinin başlanğıc qiymətinin 1 faizindən az olmamaqla auksion iştirakçıları tərəfindən artırılır;
- auksionçu hər yeni qiymət təklifini auksion addımını nəzərə almaqla elan edir;
- auksionçu növbəti təklif olunan qiyməti 3 (üç) dəfə təkrar etdikdən sonra auksion iştirakçılarının heç biri biletini qaldıraraq münasibət bildirmədikdə, auksion başa çatmış hesab olunur. Ən yüksək qiyməti təklif etmiş iştirakçı auksionun qalibi hesab edilir;
- auksionçu auksionun sonunda hərrac predmetini, onun satış qiymətini və auksion qalibinin bilet nömrəsini elan edir;
-. auksion qalibinin təklif etdiyi qiymət auksionun nəticələri haqqında protokolda qeyd olunur.
Auksion aşağıdakı hallarda baş tutmamış hesab edilir:
- auksionda 1 (bir) iştirakçı iştirak etdikdə;
- auksion iştirakçıları başlanğıc qiymət 3 (üç) dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda;
- bu Qaydaların tələbləri pozulmaqla keçirildikdə.
Hərracın keçirilməsi barədə elan verilməzdən 10 iş günü əvvəl Agentliyin qərarı ilə hər hərrac üçün ayrıca hərrac komissiyası yaradılır və bu barədə Komissiya üzvlərinə yazılı məlumat verilir. Hərrac başa çatdıqdan sonra Komissiya öz fəaliyyətini dayandırır. Komissiyanın vəzifəsi hərrac iştirakçılarının təqdim etdikləri sənədlərin hərrac şərtlərinə uyğunluğunu yoxlamaqdan və qalibi müəyyən etməkdən ibarətdir. Komissiyanın tərkibi Agentlik tərəfindən təsdiq edilir və sədr də daxil olmaqla azı 5 (beş) üzvdən ibarət olmalıdır. Komissiyanın tərkibinə Agentliyin, Nazirliyin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi kənd təsərrüfatı kateqoriyasına aid olduqda), müvafiq yerli icra hakimiyyətinin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olduqda) və ya müvafiq bələdiyyənin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda), yaxud Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (faydalı qazıntı yataqları işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə) səlahiyyətli nümayəndəsi daxil edilir. Komissiyanın sədri Agentliyin səlahiyyətli nümayəndəsidir. Komissiyanın katibi Agentliyin işçiləri sırasından təyin edilir. Hərracın nəticələrində şəxsən maraqlı olan və ya hərracda iştirak edən şəxslərlə qohumluq əlaqələri olan, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ezamiyyətdə, məzuniyyətdə olma və ya digər səbəblərdən Komissiyanın iclasında iştirak edə bilməyən Komissiya üzvü hərracın keçirilməsinə 5 (beş) iş günü qalmış bu barədə Komissiyanın sədrinə yazılı məlumat verməlidir. Bu halda Agentlik tərəfindən həmin Komissiya üzvünün əvəz olunması ilə bağlı dərhal aidiyyəti quruma müraciət edilir. Komissiya onun üzvlərinin azı üçdə ikisi iclasda iştirak etdikdə səlahiyyətlidir.
Digər xəbərlər