Saytımızı qiymətləndirin


 
 

Naxçıvan Duzdağ Mərkəzində COVİD xəstələri üzərində unikal müalicə aparılıb –Dünyada ilk dəfə
Tarix: 13-07-2023 | Saat: 11:16
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Naxçıvanda Duzdağ şəfaverici xüsusiyyətinə görə tanınıb.

Xüsusilə Naxçıvan Dövlət Universiteti duz terapiya ilə müalicəyə dair alimlərimizin elmi nəticələrinin təbliği, bu sahədə tədrisin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından öz töhfəsini verməkdədir.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Pediatrlar Assosiyasiyasından bildirilib.

Naxçıvan Dövlət Universitetində tibb üzrə alimlərin, allerqoloq və immunoloqların allerqik xəstəliklərə qarşı mübarizədə speleoterpiyanın təsirləri və bu müalicədə müasir yanaşmalar mövzularında təqdimatları olub.

Naxçıvanda səhiyyə turizmi imkanlarının genişləndirilməsində Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin böyük fayda gətirəcəyinə diqqət çəkilib. Speleoterapiya bronxopulmonar sistemin bir sıra allergik və qeyri-allergik xəstəliklərinin profilaktikası, müalicəsi və reabilitasiyasında duz mədənlərinin mikroiqliminin istifadə olunmasına əsaslanan yüksək effektiv, təbii, qeyri-medikamentoz müalicə üsuludur.

Bu baxımdan dünya speleoterapiya təcrübəsində Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzi analoqu olmayan Azərbaycanın unikal tibb müəssisəsidir.

Azərbaycanda speleoterapiyanın yenidən  formalaşması ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın adı ilə sıx bağlıdır. Professor Lalə Allahverdiyeva qeyd olunan müalicə üsulunu elmi cəhətdən əsaslandıraraq, bu üsulun yüksək klinik, laborator və immunoloji effektivliyini sübuta yetirib. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün dünyada speleoterapiyanı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Professor L.Allahverdiyeva patologiyanın növündən və xəstənin yaşından asılı olaraq müxtəlif müalicə rejimlərini özündə əks etdirən speleoterapiyanın unikal müalicə sxemini hazırlayıb. Belə ki, speleoterapiya alan  bütün xəstələrə müalicə mütləq şəkildə adaptasion, əsas və readaptasion rejimlə aparılıb. Bu innovativ yanaşmadır və dünyada ilk dəfə olaraq “Duzdağ” fizioterapiya mərkəzində tətbiq edilib.

Alim tərəfindən təklif edilmiş bu metodika ilə günümüzə qədər respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən olan yüzlərlə xəstə reabilitasiya keçib və belə yanaşmanın yüksəkeffektivliyini sübut edən əsaslı nəticələr əldə olunub.

Yeni müalicə üsulu bronxial astma, allergik rinit, polliniz və atopik dermatit kimi xəstəliyi olan uşaqlar və böyüklər üzərində tətbiq edilib. Bu müalicə əsasında postCOVID sindromlu xəstələrin isə reabilitasiyası yeni istiqamətləri tətbiq olunur. Dünyada ilk dəfə olaraq duz mağaralarında müalicə alan xəstələrdə professor L.Allahverdiyevanın rəhbərliyi ilə mütəxxəssislər qrupu tərəfindən  müalicənin effektivliyinin informativ göstəricisi olaraq,  verilən nəfəsdə  azot oksidin səviyyəsi müəyyən edilib.

Professor COVID-19 pandemiyasından sonra postCOVID sindromunun müşahidə edildiyi xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələr doğurduğunu bildirib, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətinin əhvalında pozitiv dəyişikliklər, laborator müayinələrin nəticələrində müsbət gözləntilər qeydə alınıb.

Tədqiqatlar Avropa Resprator Cəmiyyəti, Amerika Torakal Cəmiyyəti və ABŞ Qida və Dərman Administrasiyası tərəfindən tövsiyə edilən NIOX MINO (İsveç, Aerocrine) portativ cihazı vasitəsilə aparılıb.

Qeyd edək ki, müxtəlif bronxopulmonar patologiyaları olan xəstələrin müalicəsində zəngin təcrübə Naxçıvan duz mədənlərinin mikroiqlimində speleoterapiyanın yüksək effektivliyini sübut edib. Davamlı müalicə bronxial astmalı xəstələrin 70-80%-də 6 aydan 1,5 ilədək remissiya əldə etməyə  imkan verir.
10 ilə yaxındır ki, aparılmış tədqiqatların nəticələri professor L.Allahverdiyevanın elmi məktəbinin xidmətləri sayəsində dünya miqyasında geniş şəkildə çatdırılıb. Alimin rəhbərliyi ilə bu problemə həsr olunmuş çoxlu sayda elmi məqalələr nüfuzlu nəşrlərdə, o cümlədən SCOPUS biblioqrafik məlumat bazasına daxil olan tibbi jurnallarda dərc olunub.

 

Mötəbər beynəlxalq  tibbi  konqreslərdə, forumlarda elmi tədqiqatın nəticələri təqdim edilib və beynəlxalq tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, o cümlədən Sinqapurda (2015), ABŞ-da (2017), Türkiyədə (2022) keçirilmiş konqreslərdə  mükafat və diplomlara layiq görülüb.

(Azpost.info)


Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər