Tarix: 07-09-2020 | Saat: 15:41
Bölmə:Karusel / Təhsil | çapa göndər
İnzibati Xətalar Məcəlləsinə yeni - 192.12-ci maddənin əlavə edilməsi təklif olunur.
Qarabaginfo.az-ın məlumatına görə, dəyişiklik əmək qanunvericiliyinin pozulması ilə bağlıdır.
Layihəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.
Layihə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Layihənin hansı məqsədlə hazırlandığına aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, “Təhsil haqqında” qanunun 36-1-ci maddəsində pedaqoji fəaliyyətlə məşğul olmanı qadağan edən hallar sadalanıb.
Qanuna əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Komitə sədri deyib ki, “Təhsil haqqında” qanunda bu tələblərin pozulmasına görə həm Mülki Məcəllə, həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmalıdır: “Buna uyğun olaraq da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Beləliklə, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlamış vəzifəli şəxslər inzibati məsuliyyət daşıyacaqlar və 3 min manat məbləğində cərimə ediləcəklər. Bu, təhsilin bütün pillə və səviyyələrinə şamil edilir”
Digər xəbərlər