Sumqayıta qaçırılan 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

Qarabaginofo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, quruma qızın valideynləri tərəfindən məişət zorakılığına məruz qalması, erkən nikaha məcbur edilməsi ilə bağlı müraciət daxil olub.

Monitorinq qrupunun üzvləri ailəyə səfər etmiş və yetkinlik yaşına çatmayan qızın evdən valideynləri tərəfindən çıxarıldığı və Sumqayıt şəhərinə qaçırıldığı bildirilib. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində yetkinlik yaşına çatmayanın yeri müəyyən edilib və Abşeron rayon icra hakimiyyətinə gətirilərək izahatı alınıb. Onun istəyinə əsasən təhlükəsizliyi təmin olunması məqsədilə sığınacağa yerləşdirilib. 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qanunvericilik çərçivəsində müvafiq araşdırma aparılır, həmçinin məişət zorakılığından zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxslə bağlı hüquqi, sosial xarakterli tədbirlər görülür. 

Müraciətə əsasən Daxili İşlər Nazirliyinə və Abşeron rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məlumat verilib.