Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhali ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma regionlar üçün xarakterik olan problemləri yenidən gündəmə gətirdi. Məlum oldu ki, yerli icra hakimiyyəti orqanları tərəfindən həll edilməsi mümkün olan bir çox sosial problem etinasız münasibət üzündən sonradan ciddi başağrısına çevrilir.
Qarabaginfo.az xatırladır ki, Söyüdlü kəndində baş verən insident bir çox vacib nüansların üzə çıxması ilə yadda qaldı. Gədəbəyin icra başçısı Orxan Mürsəlovun narazı sakinlərlə dialoqu və problemə baxışı yerli idarəetmədə bir sıra problemlərin mövcud olduğunu təsdiqlədi.
Qeyd edək ki, gənc icra başçısı daha çox əhali ilə ünsiyyət qurarkən təcrübəsiz davranışına görə tənqid olundu. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın oldu ki, Söyüdlüdəki süni göldə "balıq tutmaq" istəyənlər bu niyyətlərini ən azı 2 il əvvəl ortaya qoysalar da, rayon rəhbəri bir dəfə də olsun həmin kəndə səfər etməyib. Nəticədə yerli rəhbərliklə narazı sakinlər arasında kommunikasiya itib.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Orxan Mürsəlovun məlum davranışları bütövlükdə icra başçıları üzərində sərt nəzarət mexanizminin tətbiqini qaçılmaz edib. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, Gədəbəy hadisələrindən sonra icra başçılarının, xüsusilə kənd rayonlarına rəhbərlik edən şəxslərin qarşısına yeni vəzifələr və öhdəliklər qoyulub. Bu sıraya ilk növbədə icra başçılarının rayonu tərk etməsi ilə bağlı qaydaların sərtləşdirilməsi daxildir. Mənbənin dediyinə görə, ailəsi Bakıda yaşayan icra başçılarının şənbə və bazar günləri rayonu tərk etməsi qadağan olunub. Onlar ancaq dövlət əhəmiyyətli məsələ üçün paytaxta gələ və işlərini bitirdikdən sonra rayona qayıda bilərlər.
İcra başçıları ilə bağlı başqa bir qadağa isə hamı üçün gözlənilməz olub. Mənbənin bildirdiyinə görə, ölkədə fəaliyyət göstərən bütün icra başçılarının yay məzuniyyəti ləğv olunub. Hakimiyyət situasiyanın həssas olduğunu nəzərə alaraq icra başçılarının yay aylarında rayonu tərk etməməsinə qərar verib.
Sosial problemlərin daha qabarıq olduğu kənd rayonlarına rəhbərlik edən şəxslərin daha ciddi şəkildə cəzalandırılacağı iddia olunur. Əhalinin problemlərinə etinasız yanaşan bir neçə icra başçısının yaxın günlərdə "yola salınacağı" bildirilir.