“Meyvə-tərəvəzin bölgələrdəki qiymətinin ucuz olması monopoliya deyil, əksinə, bu, sadəcə olaraq, idarəçilikdəki səriştəsizlikdir. Çox ciddi idarəçilik problemi var”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında fermer, kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib.
O, bölgələrdə meyvə-tərəvəz qiymətlərinin paytaxt Bakıya nisbətən daha ucuz satılmasından söz açıb.
Xatırladaq ki, ötəngünkü yazımızda bölgələrdə meyvə və tərəvəz məhsullarının maya dəyərindən daha ucuz olması ilə bağlı məlumat vermişdik. Belə ki, Göyçayda göycə alçasının kilosu 50 qəpik olsa da, Bakıda bu qiymət 4-5 manat aralığında dəyişir. O cümlədən, Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur. Xaçmaza gəldikdə, pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır.
Öz növbəsində, Ş. Nəcəfov xatırladıb:
“Yadınızdadırsa, Azərbaycanda “Meyvəli MMC” yaradıldı və guya kəndlinin məhsulunu alıb satacaqdılar və s. Dövlət buna böyük pullar ayırmışdı ki, bu pullar da yeyildi. Onsuz da Azərbaycanda büdcədən pul ayrılanda bu, oliqarx məmurların savaş meydanına çevrilir ki, o pulu basıb yesinlər. Qısası bu, çox ciddi bir səriştəsizlikdir.
Kənd Təsərrüfatı nazirliyi hər zaman kənd təsərrüfatı məhsullarının ucuz satışı üzrə yarmarkalar təşkil edirdi. Amma Azərbaycanda hələ bir dəfə də olsun kənd təsərrüfatı məhsullarının maya dəyəri dövlət tərəfindən çıxarılmayıb ki, bu məhsul fermerə neçəyə başa gəlir? Hətta bunun üzərində tenderlər olmalıdır ki, maya dəyərini də bilək. Sual edirəm, Cəlilabadın kartofunun, Qubanın almasının, yaxud mal və qoyun ətinin maya dəyəri neçəyədir? Bu gün Hindistan ətinin qiymətinə 5-6 manata tenderlər edirlər, amma yerli məhsul batıb gedir”.
Mütəxəssisə görə, bu gün müvafiq sahədə heç nə doğru deyil:
“Dövlət, ilk növbədə, yerli fermerdən yararlanmalı və o məhsulları ondan alaraq, ona uyğun da tenderlərin keçirilməsi təmin olmalıdır. Fermeri bazarda görsəniz, bilin ki, o, ziyan edir. Çünki normalda biri istehsal etməli, o birisi marketinqini həyata keçirməli, digəri isə satmalıdır. Yəni bunun bir dəyər zənciri formalaşmalıdır ki, Azərbaycanda həmin dəyər zənciri yoxdur.
Fikrimcə, yeni kadrların təyinatı da başqa bir dərddir. Haradansa tutub gətiriblər, göydən nazirliyə paraşütlə düşüb sanki. Ümumiyyətlə, o sahəni bilmir, kadr bazasını tanımır. Ona görə də problem budur, monopoliya deyil”.
Müsahibimiz iddia edib ki, bu gün bir çox şeylər maya dəyərindən aşağı satılır, bunun xarici bazarlara çıxışı təmin olunmur, fermerə ciddi dəstək verilmir:
“Bu gün o sistem yaradılmır, amma A-dan Z-ə dəyər zənciri formalaşmalıdır. Həmişə deyilir, lakin kimsə bunu etmir. Bu gün hər şey çox bahadır, amma yerlərdə maya dəyərindən aşağı satılır.
Bu yaxınlarda kənd təsərrüfatı naziri təyin olundu. Görün, bir dəfə də olsun o, kollektivlə görüşübmü, ayrı-ayrı strukturlarla müzakirələr açıbmı? Hazırda ölkədə su və satış problemi var. Amma praktiki nəticə yoxdur, çünki bu sahədə olanlar yad adamlardır, heç bilmirlər ki, harada başlamaq və kimlərlə görüşmək lazımdır. Kənd təsərrüfatında da ciddi mütəxəssislər var ki, onlara görüşüb nələrisə müzakirə etmək, problemi yerində lazımi adamlardan eşitmək, habelə fermerlərlə dialoq qurmaq lazımdır. Bunların da heç biri olmur deyə get-gedə kəndlər də boşalır, kəndli yazda əkinçi, qışda dilənçi olur. Yəni hər dəfə bir amma çıxır ki, kənd insanı uğur qazanmasın. Axı bu insan həyata bir dəfə gəlib və bunun həyatı eksperiment deyil ki, bunların həyatı ilə təcrübə aparasınız?”
“Bir neçə il bundan qabaq faraş kartofun gömrükdən buraxılmasını əngəlləmişdilər. Bunlar başa düşmürlər ki, faraş kartof sahədən çıxıb bazara gələnə qədər qaralır və o, saxlanmalı mal deyil. Adını qoymuşdular ki, qiymət bahadır və payızlıq kartof anbarlarda yığılır. Çünki ağlı başında olan hökumət faraş kartofun ildırımsürətli bazarlara çıxışı təmin etməlidir ki, bu məhsul sahibkarın əlində qalmasın. Yadınızdadırsa, gömrük faraş kartofun Rusiyaya çıxışını qapatmışdı. Amma başa düşmürlər ki, faraş kartof yaşıl dəhlizlə keçməlidir, bu qaralır, saxlamaq olmaz. İndi hansısa məmur guya öz ağlında ölkə daxilində bolluq yaratmışdı və demişdi ki, faraş kartofun çıxmasını qadağan etmişdi. Bax, belə problemlər və səriştəsizliklər ölkəni geri salır”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.