Türkiyədə prezident və parlament seçkilərinin hakim AK Partiyasının və onun lideri Rəcəb Tayyip Ərdoğanın əzici üstünlüyü ilə başa çatması qardaş ölkədə yeni siyasi şərait yaradıb. Təkcə seçkidən məğlub ayrılan müxalif düşərgədə deyil, iqtidar cəbhəsində də ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.
Qarabaginfo.az bildirir ki, hakim elitanı əhatə edəcək dəyişikliklər təkcə Türkiyədə deyil, qonşu ölkələrdə də maraqla izlənilir. Burada söhbət hökumət üzvlərinin yenidən formalaşmasından gedir. Yaxın 2-3 gündə kabinetin yeni tərkibini açıqlamağa hazırlaşan Türkiyə Prezidenti R. T. Ərdoğanın xoş süprizlər edəcəyi gözlənilir. Türkiyənin yeni hökumətinin tərkibində cəmiyyətin yaxşı tanıdığı və rəğbət bəslədiyi çoxlu sayda simanın olacağı da bildirilir. Türkiyə KİV-nin iddiasına görə, “Real Madrid”in sabiq ulduzu, türk futbolunun əfsanəvi ismi Mesut Özil də yeni hökumətdə təmsil olunacaq. Onun gənclik və idman naziri postuna təyin ediləcəyi iddia olunur.
Türkiyə mediası yeni hökumətin tərkibi ilə bağlı sensasiya sayılacaq iddialarla çıxış edib. Yerli KİV-in yazdığına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan cəmiyyətinin də yaxşı tanıdığı Xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə gətirilir. Bundan başqa, hazırda “Beştəpə Külliyəsi”ndə müxtəlif vəzifəni icra edən bəzi məmurların da hökumətdə təmsil olunacağı ehtimal edilir.
Türkiyənin bəzi KİV-ləri bu mövzuda sensasiya sayılacaq daha bir iddia ortaya atıb. Onların yazdığına görə, AK Partiyadan olan nazirlərin sırasında təkcə Türkiyədə deyil, həm də türk dünyasında kifayət qədər populyar olan daha bir sima görünə bilər. Türkiyə mediası həmin şəxsin kimliyini açıqlayıb.
İddialara görə, prezidentliyə keçmiş namizəd, türk milliyyətçisi cameəsinin nüfuzlu simalarından olan sabiq deputat Sinan Oğan da Ərdoğan hökumətində yer alacaq. Türkiyənin dövlət başçısı R. T. Ərdoğanın prezident seçkilərinin ikinci turunda ona jest edən keçmiş rəqibinə adekvat münasibət göstərdiyi bildirilir. İddialara görə, Ərdoğan S. Oğanın ikinci turda onu dəstəkləməsi müqabilində özünəməxsus jest edib. Türkiyə Prezidenti hökumətdə sırf S. Oğan üçün yeni nazirlik yaradıb. S. Oğanın türk dünyası və MDB ölkələri üzrə nazir postuna təyin ediləcəyi vurğulanır. Ərdoğan hesab edir ki, türk dili ilə yanaşı rus və ingilis dillərini də mükəmməl səviyyədə bilən S.Oğan bu posta ən layiqli namizəddir.
Verilən məlumatlara görə, siyasətçi Türkiyə Prezidentinin bu təklifinə hələ konkret cavab verməyib. Onun hökumətdə vəzifə tutmaq arzusunda olmadığı deyilir. İddialara görə, S. Oğan yeni siyasi partiya yaratmağa hazırlaşır. Onun 75 yaşlı Devlet Bahçelinin və son iki seçkidə ciddi siyasi uğur əldə edə bilməyən İYİ Partiyasının başqa Meral Akşenerin “miras”ına sahib çıxmaq arzusunda olduğu bildirilir. Yaxın ətrafının mediaya sızdırdığı bilgiyə görə, S. Oğan milliyyətçi ideologiyanın daşıyıcısı olan yeni siyasi təşkilat yaradaraq, türk milliyyətçilərini ətrafına toplamaq niyyətindədir. Bu baxımdan onun Prezident Ərdoğanın təklifinə müsbət, yoxsa mənfi cavab verəcəyi hələ bəlli deyil.