Tarix: 27-05-2023 | Saat: 22:04
Bölmə:Karusel / Manşet | çapa göndər
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi.
Bildirildi ki, rayonun şimalında, Şəlvəçayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.
Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.
Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərindən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib.
Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.
Prezident İlham Əliyev kəndin təməlini qoydu.
Digər xəbərlər