“Xalq Cəbhəsi hakimiyyətinin səriştəsizliyi və siyasi oyunbazlıqları nəticəsində Azərbaycan tarixində xüsusi yer tutacaq Gəncə siyasi böhranı başladı. Xalqımızın başını qara buludlar aldı. Rusiya millətçi-şovinistləri Xalq Cəbhəsi hökümətini yıxıb Azərbaycanı quberniya etməyə hazır olduğunu bəyan edən bir qulbeçəsini Azərbaycanın başına gətirmək istədilər”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Milli Məclisin sabiq spikeri Rəsul Quliyev mərhum prezident Heydər Əliyevlə bağlı paylaşımında qeyd edib.
R.Quliyevin sözlərinə görə, 1993-cü ildə Xalq Cəbhəsi höküməti apardığı primitiv dövlət idarəçiliyi siyasətinə görə və buraxdığı ciddi siyasi səhvlər səbəbindən xalqın dəstəyindən tam məhrum olmuşdu: “Belə bir kövrək tarixi şəraitdə xalqımızın səadəti, müstəqilliyimizin qorunması heç şübhəsiz ki, H.Əliyevin mövcud olmasında idi. Əks halda çox şaxəli vətəndaş müharibəsi Azərbaycanımızın qapısını döyürdü. O gəldi və Azərbaycan xalqını həm – heç bir idarəçilik səriştəsi olmayan Xalq Cəbhəsi biveclərindən təmizlədi, həm də Azərbaycana daxil olmağa hazırlaşan rus ordusunun qarşısını aldı”
Sabiq spiker bildirib ki, Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və qorunub saxlanması üçün tərəddüd etmədən canından keçməyə belə hazır idi: “Bunlar danılmaz tarixdir. Elə bir tarixdir ki, biz bu tarixi və keçməkeşli yolları birlikdə keçmiş, sizli-bizli birlikdə yaşamış, hər bir riski birlikdə gözə almış və adlamışıq. Bu yolda dəfələrlə sui qəsdlərlə üzləşmişik. Amma bu haqq yolundan, doğru bildiyimiz yoldan dönməmişik. Ən çətin anlarda belə – bəziləri qaçıb gizlənəndə məhz bizlər liderimizi tək qoymamışıq”.
R.Quliyev deyib ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü təkcə siyasət meydanında deyildi, bu böyüklük və uzaqgörənlik həm də neft kontraktının imzalanmasında özünü göstərib: “Heydər Əliyev müstəqilliyin bərpasında və qorunub sonadək saxlanmasında bu kontraktların rolunu dərindən bilən şəxsiyyət idi. Bəzi qonşu dövlətlərin can-fəşanlığına, təziq və təhdidlərinə rəğmən onlara kontraktda yer verilmədi. Neftin Qərbə nəqli üçün Rusiyanın boru kəmərlərindən yox, məhz yeni boru xətti olan Bakı-Batumi və gəmilərlə Ceyhan marşurutu seçildi”.
R.Quliyevin fikrincə, Prezident Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin məharətli davamçısı olaraq məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il tarixində torpaqlarımız işğaldan azad edildi. Xalqımız layiq olduğu zəfəri yaşadı.(Azpost.info)