Saytımızı qiymətləndirin


 
 

Kılıçdaroğlu harada səhv etdi? - Məğlubiyyətin səbəbləri
Tarix: 17-05-2023 | Saat: 17:40
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Kılıçdaroğlu harada səhv etdi? - Məğlubiyyətin səbəbləri

Politoloq Oqtay Qasımovun “Yeni Sabah”a müsahibəsi:

- Seçkilərin I turu başa çatdı. Nəticələr hamıya bəllidir. İkinci turdan gözləntiləriniz nədir?

- Seçkilərin ikinci turunda CHP sədri Kemal Kılıçdaroğlunun qələbəsi real görünmür. Çünki bir tərəfdən, prezident Ərdoğanla arasındakı 2 milyon yarımlıq səs fərqi, digər tərəfdən, seçkidən sonra cəmiyyətdə yaranmış ruh düşkünlüyü buna misaldır. Baxmayaraq ki, bununla bağlı həm CHP, həm də “Altılı Masa”ya daxil olan 6 siyasi partiya çağırışlar edir və sona qədər mübarizə aparacaqlarını deyirlər. Lakin görünən odur ki, həmin siyasi qüvvələrin daxilində də müəyyən müzakirələr gedir və harada səhv etdikləri ilə bağlı araşdırmalar, habelə müəyyən qarşılıqlı ittihamlar üstünlük verilir.

- Sizcə, seçkinin ilk turundan sonra CHP-dəki “yarpaq tökümü”nün səbəbi nədir?

- CHP-də yeni texnologiyalardan məsuliyyətli başqan yardımçısı Onursal Adıgüzelin istefası da, əslində, proseslərin ciddi xarakter aldığının göstəricisidir. Eləcə də CHP-də əsas fiqurlardan biri sayılan Tuncay Özkanın ittiham edilməsi və ona qarşı aparılan kampaniya partiya daxilində müəyyən problemlərin olduğunu göstərir.

Digər problem 169 deputat mandatı qazanan CHP-nin sıralarından 39-nun "Deva", “Gelecek” və "Saadet" partiyalarının nümayəndələrinə aid olmasıdır. Faktiki olaraq CHP-lilər 130 nəfər təşkil edir ki, bu da 600 nəfərlik parlamentdə kifayət qədər aşağı bir rəqəmdir.

- Bəs K. Kılıçdaroğlu ikinci turda nə edə bilər?

- Məncə, heç nə. Çünki Kamal Kılıçdaroğlunun ikinci turda qalib gəlmə ehtimallarını xeyli zəifləndirən amillərdən biri Türkiyə seçicilərinin məsələyə həssaslığıdır. Düşünürəm ki, hazırda parlamentin yarıdan çoxunu əldə etmiş “Cümhur İttifaqı”na seçici prezident seçkilərində hansısa bir problem yaratmayacaq.

2019-cu ildə İstanbul və Ankara Bələdiyyələrində müxalifət nümayəndələri qalib gəldilər. Amma bələdiyyə məclisləri “Cümhur İttifaqı”na aid olduğuna görə həmin şəhərlərdəki bələdiyyə başqanları tam mənası ilə öz imkanlarını reallaşdıra bilmirlər. Bu da həmin şəhərlərdəki bələdiyyənin effektiv fəaliyyətinə kölgə salır.

Türk seçici bu amilləri nəzərə alaraq Ərdoğana növbəti dəfə etimadını göstərəcək ki, ölkə siyasi böhranla üz-üzə qalmasın. Əks halda, Kamal Kılıçdaroğlu qələbə qazanarsa, Türkiyədə parlament və prezident arasında çəkişmələr olacaq. Bir çox hallarda isə parlament prezidentin qərarlarını bloklayacaq, bu da növbəti siyasi bir böhranın əsasını qoyur və Türkiyə dövlətinin mənafeyinə zərər verə bilər. Məncə, Türkiyə vətəndaşları bu məsələlərə həssaslıqla yanaşacaqlar.

- Müxalifət harada səhv etdi?

- Bunun bir çox səbəbləri var. Məncə, əsas səbəblərdən biri Ərdoğan fenomeninin doğru-düzgün qavranmamasıdır. Hazırda dünyanın bir çox beyin mərkəzləri də bu fenomeni araşdırmaqla məşğul olacaqlar. Baxmayaraq ki, Ərdoğan əleyhinə uzun müddətdən bəri beynəlxalq səviyyədə bir kampaniya aparılır. Onu müxtəlif məsələlərdə – avtoritarizm və diktaturada ittiham edirlər. Amma Türkiyədə keçirilən seçkilər və onun şəffaflığı bir çox sualların cavabını verdi.

“Altılı Masa”dakılar müxtəlif ideoloji-siyasi baxışlara malik olan partiyalardır. Bunlar da fərqli-fərqli cərəyanları təmsil edirlər. Digər tərəfdən, Türkiyədə cəmiyyətin əsasları başqa formada qurulub. Yəni Türkiyə vətəndaşları xaricdən ölkəsinin daxili məsələlərinə müdaxiləni qəti şəkildə qəbul etmir və bu cür məsələlərə olduqca həssasdır. Məhz seçki kampaniyası dövründə, xüsusilə də Qərb mətbuatında Ərdoğan əleyhinə aparılan kampaniya tərs yönə çevrildi və müxalifətin əleyhinə işlədi.

- Belə çıxır ki, müxalifət blokunun seçkidən sonra dağılması realdır?

- Ola bilər. Müxalifətin bəzi məsələlərlə bağlı konkret mövqeyi olmadı. Əsas məsələlərdən biri Kamal Kılıçdaroğlunu PKK-ya yaxın olan HDP-nin dəstəkləməsi və onun PKK məsələsində birmənalı mövqeyi ortaya qoymaması bu proseslərə mənfi təsir etdi. Baxmayaraq ki, “Altılı Masa”da böyük mənada yalnız Mansur Yavaş PKK məsələdə birmənalı mövqe sərgiləyirdi.

Kamal Kılıçdaroğlunun türk dünyası ilə bağlı aydın proqramının yoxluğu, xüsusilə də onun “türkün yolu” dediyi bir xəritəni ortaya çıxararaq, Azərbaycanı bu prosesdən kənarda saxlamaq niyyəti bəlli olandan sonra bu da türk seçicisi nəzdində ciddi etiraza səbəb oldu. Məhz bu da onun seçkilərdə aldığı səslərə ciddi təsir etdi.

- Yəni iddia edirsiniz ki, Ərdoğan fenomeni Kılıçdaroğlunu məğlubiyyətə məruz qoydu?

- Proseslərə təsir edən amillərdən biri Kamal Kılıçdaroğlunun harizması və yaşı ilə bağlı olan məsələdir. Onun namizədliyi bəlkə də Ərdoğan üçün ən uyğunu idi. Kılıçdaroğlu CHP rəhbərliyinə gələndən sonra Ərdoğana qarşı iştirak etdiyi 10 seçkinin hamısını uduzmuşdu. Buna görə də psixoloji üstünlük iqtidarın tərəfində idi.

Belə hesab edilir ki, Türkiyə hakimiyyəti zəlzələnin dağıdıcı təsirləri nəticəsində artıq iqtidarı əlində saxlaya bilməyəcək. Amma tamamilə fərqli mənzərənin şahidi olduq. Zəlzələ bölgəsində Ərdoğan ən yüksək səslərini aldı, hətta bir az səslərini artırdı.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər
25-08-2022, 12:11 Sabahın hava proqnozu