Hekayə içində daha bir hekayə - Rəna İbrahimova yazır
Tarix: 14-05-2023 | Saat: 16:04
Bölmə:Karusel / Yazar | çapa göndər
1710 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2023 | Saat: 16:04
Bölmə:Karusel / Yazar | çapa göndər
Bəzən elə etiraflar var ki, gecikirik. Sonra təəssüf edirik. Niyə vaxtında etmədik, demədik, eləmədik deyə yanırıq. Var olanımızı dərk etmirik yəqin. Ya da hər olanımıza həmişəlikdir, daimidir deyə düşünürük. Üzərimizdə haqqı olanlara deyə bilmirik ürəyimizdən keçənləri. Yanılırıq. Günü-günə satırıq. Bəlkə də zaman da lazım gəlir onu tam dərinliyinə qədər dərk etməyə. Sanıram, mən çox gecikməmişəm. Elə haqlar, əziyyətlər, xidmətlər var ki, onların əvəzini vermək, ödəmək, geri qaytarmaq mümkün olmur. Bu, valideyinlərin bizə etdikləridir. Əgər övlad sahibi olursansa bu məsuliyyət hər gün artır. Hər günün öz ağırlığı, dərd-səri, sevinci, kədəri, qayğıları, problemləri olur, dayanmadan artır. Valideyilər də bir-birindən fərqlidirlər, elə övladlar da. Onların məsuliyyətlisi-məsuliyyətsizi, ciddisi-yumşağı, sərti-mülayimi, sevgi dolusu-nifrət dolusu, əsəbi olanı-təmkinlisi, ağıllısı-dəlisi var. Hər necəsə adları valideyin yaxud övlad deyə çağırılır. Əvvəllər az-az rast gəldiyimiz xoşagəlməzliklər indi çox öyrəşib adət etdiyimiz səbəblərə çevrilib. Amma elə valideyinlər var ki, tufan qopsa da, yer-göy alt-üst olsa da onlar dəyişməz qalırlar. İlk övladları doğulandan bu məsuliyyəti dərk edərək çiyinlərini o yükün altına necə verirlərsə, ömürlərinin sonunadək də eləcə qalırlar. Dövrümüzdə meyarlar dəyişdikcə çox şey dəyişir. Birinci insanlar dəyişir. Müasir dövrdə həyatımızın ritmi o qədər sürətlə inkişaf edir ki, əsas inkişaf mərhələləri geridə qalır, onlarla ayaqlaşmır. İnsani münasibətlər, davranışlar da elə. Milli saydığımız dəyərlər arxa plana keçir. Meyarlar dəyişdikcə dəyərlər dəyişir, dəyərsizləşir. Yeniyetmələr, gənclər bunu hiss etmirlər çünki onlar bu prosesin içində böyüyürlər. Onların hələ analiz etmək qabiliyyətləri yoxdur. Onların özlərindən də yuxarı tələbləri var. Nəsə deyərsənsə səni “köhnə fikirli” hesab edəcəklər. “Məni başa düşmürsən” deyəcəklər. Öz dövründən, necə böyüyüb, hansı münasibətlərdən misal çəksən zamanla qarşı-qarşıya dayanacaqsan. Axına qarşı çıxmış olacaqsan. Bax, bu nəsillərin qarşıdurmasıdır-hər dövrdə olduğu kimi. Valideyin səni hər xarakterinlə sevəcək, ürəyində kin tutmayacaq. İncikliyini gizlədəcək, boğazında qəhər nə qədər onu kəssə də udacaq. Çünki o valideyindir.
Orta və yaşlı nəsil arxaya dönüb baxanda onların valideyinlərinin nə qədər zəhmətkeş, zülümkeş olduqlarını görürlər. Kimlər üçünsə hələ də uzaq keçmiş deyil bu. Xatırlayanda sanki dünəndir. Amma on illər keçib, dəyişib həyat.
Bir qədər uzaqdan başlasam da bütün bu müqayisələrimin səbəbi var.
Bu günkü səbəbim və səbəbkarım bir Anadır. O ana ki, səkkiz uşaq böyüdüb, onlara təhsil verib. Həm evdə işləyib həm məktəbdə. 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində gənc kənd müəllimi olaraq. Laçında Pedoqoji Məktəbi bitirib sonra isə Şuşa Pedoqoji Texnikumunda təhsil alıb. Hər şey indiki qədər də asan deyildi. Hələ o dövrlər idi ki, avtobus, avtomobil yox idi. Bir yerdən başqa yerə getmək nə qədər əzablı, çətin idi. Bunu dildə demək asandı. Çox zaman piyada, atla, nadir hallarda kolxozun, sovxozun yük maşınları ilə (bəxtin təadüfən gətirərdisə) getmək mümkün idi. Bu çətinlikləri gözə alan ailə öz zəif, balaca, zərif qızlarına oxumağa icazə vermişdi. O vaxtlar insanlara inam, etimad da vardı. “Kişilik” sözü və hərəkəti olduqca böyük şəfəf və əhəmiyyətli idi. Oğlanlar qızları göz bəbəyi kimi qoruyurdular. Tələbə vaxtı öz el-obasından, rayonundan, kəndindən olan bir qıza sahib çıxar, öz bacısı kimi qəbul edib, qeyrətini çəkərdilər, qoruyardılar. Bəlkə də bu inamın qarşısında bu ailə də öz qızlarını əlçatmaz yollarla oxumağa göndərmişdi.
Bu vaxta qədər öz tələbə yoldaşlarını xatırlayıb öz xatirələrini bölüşür. Əslində mənim Anam çox da danışan deyil amma hər gün telefonla danışırıq deyə hər dəfə bir yolla saqqızını oğurlamağa çalışıram. O dövrlərdən məmuniyyətlə danışır. Arada deyirəm, sən tez-tez xatirələrini danış, mən yazım. Bu gün də xəbəri yoxdur ki, mən onun haqqında yazıram. Yoxsa inanmıram ki, razı olacaqdı. Çox da təvazökar adamdı. Şuşadan, orada keçirdiyi tələbəliyindən o qədər şövqlə danışır. Axı hər insanın ən gözəl illəri elə tələbəlik illəridir.
Öz kəndinə qayıdıb işləyir, ailə qurur. Ailə qurduğu insanla illərlə bir məktəbdə neçə-neçə nəsillərə təhsil verirlər. O, ibtidai təhsilin möhkəm təməlini qoyur, ömür-gün yoldaşı isə Rus dili fənnini ən yüksək səviyyədə öyrədir. Kənddə həm hansısa bir işdə işləmək həm də evin bütün işlərinin öhdəsindən gəlmək heç də asan deyildi. Hər şey əllə görülürdü. Qadın xəmir qatıb ya sacda ya təndirdə çörək bişirir, uşaqlara baxır, əllə tonlarla paltar yuyur, soyuq suda suya çəkir, qazsız, elektrik sobasız, plitəsiz odun sobasında, orta ocaqda yemək bişirir, paltarı yumaq üçün də eyni formada su isidir, hamam olmadan uşaqları çimizdirir, mal-qara, toyuq-cücə saxlayır, məhsulunu tutur, əkin-səpinlə məşğul olur, işə gedir. Hələ bunlar görünən tərəflərdir. Görünməyən əzab-əziyyətlər onların üzlərindəki qırışlarda, əllərindəki sümükləşib bərkimiş qabarların altında gizlənir. Mənim Anam da elə o qəhrəman, əzabkeş qadınlardandır. Bu qadının əsas üstünlüyü onun təhsilidir. Təhsili olmayanların əzabları on qat çoxdur.
Tale ona səkkiz övlad qismət eləyir. Övladlarıyla bərabər ruzi də nəsibi olur. Heç nədən korluğu olmadan zəhmətinin, əziyyətinin sayəsində həyatına davam edir.
Hər şey gözəl olardı, köçkünlük həyatı olmasaydı. Öz xanimanını qoyub çıxmaq məcburiyyətində qalır. Bakı şəhərində babpalaca həyət evinə sığınır böyük ailəsi ilə birgə. Yaşca böyük olan qızları ailəli idi. Ana nəvə sahibi idi. Yeni şəraitə öyrəşmək lazım idi. Amma necə? Dünyanın ən səfalı, havası,suyu təmiz, bağ-bağatlı, sərin sulu yerini, süd-qaymağını, bal pətəklərini qoyub gəlmiş geniş otaqlarını, işıqlı eni-boyuna şüşəbəndli evini tərk etmiş insanlar balaca, dörd beton divardan ibarət, öz evinin bir küncünə bərabər bir yerə necə sığar? Azad uçan, sərhəd bilməyən bir quş qəfəsə sığarmı? Sığarsa, onun vəziyyətini təsəvvür edin.
Ailə tam deyildi, parça-parça idi. Oğul, kürəkən cəbhədə qanlı döyüşlərdə, həyat yoldaşı kənddə. Onların bir yerə yığılması uzun vaxt aparacaqdı hələ. Varlıqdan yoxluğa düşmüşdü birdən-birə. Dərdlər, bəlalar, problemlər üst-üstə gəlirdi. Rayonlar bir-birinin ardınca işğal olunurdu. Geri qayıtmaq əlçatmaz olurdu. Kürəkəni döyüşlərin birində ağır yaralanır. Elə bu yara da onu əbədiyyətə aparır. Gənc, gəlin qızı üç körpə ilə başsız qalır. Oğlundansa nigaran günlərin sayı uzandıqca uzanır.
Zərif qadın bütün əzablara dözür, sinə gərir, çiyin dayayır. Yeni həyata sıfırdan başlayır ömür-gün yoldaşı ilə birgə. Çətin də olsa həyat öz axarına düşür. Yenə çiyin-çiyinə işləyərək ailəni dolandırmağa başlayırlar.
Həyat yoldaşı bir müddət sonra xəstələnir, yatağa düşür. Bu günlərin müəyyən vaxt mən də şahidi olmuşam. Hər dəfə o balaca canın, zəif bədənin necə böyük gücə malik olduğuna təəccüblə baxmışam. Belə qadınlar çox az olur. Neçə il həm işləyir, həm də yataq xəstəsi olan həyat yoldaşına baxdı. Evdə daim kimsə olurdu övladlarından. Amma o heç kəsə həvalə etmirdi xəstəsini. İkinci növbə işlədiyindən xəstənin yeməyini yedirib, günortasını hazır qoyub gedirdi. Geri artıq qaranlıq düşəndə qayıdırdı. Bütün işıqları söndürüb, qapını kip bağlayıb, bir stəkan su belə içmədən xəstəni rahatlayırdı. İşıqları niyə söndürürdü? Qonşuyla göz-gözə, ağız-ağıza idi evlər. Kimsə görməməli idi onun şux, yaraşıqlı ömür-gün yoldaşını yataq xəstəsi olaraq necə yaşadığını, hansı vəziyyətində olmasını. Bu illərin gözəl ailə təcrübəsi, hörmət və sevgisi idi. Öz övladlarına-qızına belə çox zaman etibar etmədiyi, əziyyət vermək istəmədiyi sevginin müqabilində etimadın bəhrəsi idi. Heç kimsəyə öz əziyyətini göstərmirdi, biz onu görüb bütün varlığımızla hiss etsək belə.
Öz qadınlıq borcunu son nəfəsədək layiqincə yerinə yetirdi. Sanki böyük dayağını itirib yetimləmişdi. Onun nəfəsinə, hənirinə həsrət qaldıqdan sonra həyatından bir dağ yox olduğunu hiss etmək nə qədər ağır idi. Buna da sinə gərdi.
Uzun illər məktəbdə işləyib məktəbə ilk dəfə qədəm qoyan fidanlara yazıb-oxumağı öyrədib mənim Anam. Əllərindən tutub ilk dəfə “Ana” yazdıran ana sinifdə bütün uşaqların anası olub. Öz yaylığı ilə burunlarını silib, çantasında apardığı çörəyini bölüb, biliyini onlara verib, elm öyrədib. Çörəyini böldüyü uşaqlar çörək sahibi olublar. Hər zaman süfrəsi açıq, əli bol olub. Qapısı hamıya açıq olub həmişə. Neçə-neçə insana pənah olublar.
Bir dəfə kiminsə arxasınca nəsə danışdığını, kimisə pislədiyini görməmişəm bu günə qədər. Bu yaşa qədər çatıb amma övladlarının dərdlərini, qayğılarını yenə də zərif çiyinlərində daşıyır. Hamının dərdini tək-tək çəkir. Bizim iradlarımıza baxmayaraq. Dəyişmir, dəyişməzdi bu Ana.
İsti əllərinlə gizlin-gizlin soyuq ovcumu istdiyin anları göz yaşısız, boğazda düyünlənmiş qəhərsiz təsəvvür etməyim mənim üçün mümkün deyil. Nə qədər etsən də “əlim sizə çatmır” deyirsən. Amma əlin həmişə üstümüzdədir.
Mənə öz doğma anam qədər əziz olan qadın! Mən sənə səni kövrəkcəsinə nə qədər çox istədiyimi, adını çəkəndə gözlərim yaşla dolduğunu bir bilsən? Heç vaxt problemlərimizlə səni yükləməyə qıymıram, onsuz da xəbər tutursan. Təsəllin, duaların hər zaman üstümüzdədir. Hər duanda balaların var. “Quran” kitabının arasında onlar üçün nəzirlərin var, bilirəm. Narahat yuxularında rahatlıq tamayan gecələrin var.
Sən məni gəlinin kimi yox qızın kimi qəbul edib sevdin. Məcə(zarafat). Həm mənə həm balalarıma dayaqsan. Varlığın bizə bəsdir! desək də sən bizim arxamızda hər mənada dağ kimisən. Hər zəngin, hər nəfəsin, hər görüşün böyük qənimətimizdir. Anaların günü olmur! Analar hər zaman Anadırlar! Amma qoy olsun! Bu bayram da sənin olsun! Hekayə içində daha bir hekayə olsun! Mən böyüdüyüm ailəmdə də belə görmüşdüm. Bir daha ailə olmağl, əl-ələ tutmağı, bir olmağı, hər tikəni yarı bölməyi ikinci ailəmdə-sizin sayənizdə gördüm. Qopmadan bərkidim, üzülmədən düzüldüm. Böyüklük gördüm .Təsəlli almağı öyrəndim. Öyrənirəm də. Zahirən soyuq, daxilən yanan gördüm səni şam kimi. Təmənnasız sevgin, istin, qarışsın ruhumuza, canımıza, nəfəsimizə! Sənin kimi analar bu günkü nəslə bir məktəbdir, örnəkdir! Sənin kimi Analar varkən dünyada analıq ölməyəcək.
Rəna İbrahimova
Xəbəri paylaş
Digər xəbərlər
20-02-2024, 09:49
Prezident yeni universitetdən danışdı
9-05-2020, 14:18
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları - FOTOLAR
11-02-2022, 14:36
Kreml Makronun Rusiyada PCR-testdən imtina etməsini təsdiqlədi
16-01-2023, 17:30
“Babalarım dağdan gəlib, amma heç vaxt heykələ ayaqqabı atmayıb, küçədə söyüş söyməyiblər”
29-08-2024, 06:54
Netanyahu İsrailin Qəzzada döyüşləri dayandırmağa razı olduğu haqda xəbərləri təkzib edib
15-12-2023, 13:13
Həftəsonu 13 dərəcə İSTİ OLAC
1-02-2022, 09:08
Neftin bahalaşması davam edir