Tarix: 10-05-2023 | Saat: 09:48
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Heydər Əliyevin Sovetlər İttifaqı rəhbərliyindən qərəzli şəkildə, müxtəlif səviyyələrdə böhtan kampaniyası aparılmaqla uzaqlaşdırılması Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələri fəallaşdırdı. İttifaqın tərkibinə daxil olan xalqların öz azadlığına qovuşmaq arzusunu beşiyində boğmağa çalışan Moskvada hakimiyyət başında oturan bəzi qüvvələr millətlərarası nifaq toxumu səpməklə yeni münaqişə ocaqlarının yaranmasına çalışırdı”.
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin “Xalq qəzeti”nə müsahibəsində bildirib.
Azərbaycanın da bu planlardan kənarda olmadığına diqqət çəkən Ə.Nağıyev qeyd edib ki, bütün bunlar, o dövrdə ölkədə güclü siyasi liderə ehtiyacın nə dərəcədə olduğunu bütün çılpaqlığı ilə nümayiş etdirdi: “Həyatı hər an təhlükədə olan Heydər Əliyevin o dövrdə Azərbaycan xalqına qarşı törədilən qırğınlarla bağlı millətinin səsinə səs verərək bütün dünya birliyinə baş verən hadisələrə siyasi-hüquqi qiymət verilməsi üçün çağırış etməsi bu şəxsiyyətin böyüklüyünü bir daha göstərmiş oldu.
Lakin təəssüflər olsun ki, ulu öndərin həyatına təhlükə yaradılması üçün nəinki mərkəz Moskvadan, həmçinin ölkə daxilində olan bəzi məkrli qüvvələr tərəfindən də bəzi planlar cızılır, ovaxtkı səriştəsiz və bacarıqsız hakimiyyət nümayəndələri Heydər Əliyevin Bakıya gəlməyinə hər vəchlə mane olmaqla kifayətlənməyərək, onu həyatına son qoyacaqları ilə də hədələyirdilər”.
Genral ulu öndərin Naxçıvan MR-dəki fəaliyyəti ilə də əlamətdar olduğunu qeyd edib:
“Lakin vurğulanmalıdır ki, Naxçıvan camaatının hərtərəfli dəstəyini öz üzərində hiss edən və yekdil səslə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin ömrünün ən qayğılı və ağrılı-acılı günləri də məhz bu dövrə təsadüf edir. Müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın gələcək naməlum taleyi onun ürəyini göynədirdi. Mən bu məqamda ulu öndərlə bağlı şəxsi xatirəmi də bölüşmək istərdim.
Mən o illərdə Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon şöbəsinin rəisi vəzifəsində xidmət edirdim. Vəziyyət elə gətirdi ki, həvalə olunmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar 1993-cü ilin aprel ayında Naxçıvan şəhərinə getməli oldum. O zaman Naxçıvan MR-in milli təhlükəsizlik naziri Abbas Əsgərov idi. Onunla görüşdüm və verilmiş əməliyyat tapşırığının icrasına dair geniş fikir mübadiləsi apardıq. Sonra Abbas Əsgərov gəlişim barədə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə telefonla zəng edərək məruzə etdi. Abbas müəllim dəstəyi yerə qoyan kimi Heydər Əliyevin məni qəbul etmək istədiyini bildirdi. Sözün açığı, bu mənim üçün gözlənilməz oldu. Ulu öndərlə həmin görüşdə onun ölkənin düşdüyü böhranlı vəziyyətdən, muxtar respublikanın blokada şəraitində qalmasından nə dərəcədə narahat olduğu, belə vəziyyətin onu nə qədər incitdiyi açıq-aydın sezilirdi”.
Digər xəbərlər