Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycandan hansı kəndi istəyir? - Paşinyanın bəyanatının pərdəarxası
Tarix: 06-05-2023 | Saat: 14:06
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Azərbaycandan hansı kəndi istəyir? - Paşinyanın bəyanatının pərdəarxası

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxın 7 (Barxudarlı, Sofulu, Böyük Əskipara, Kiçik Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızıl Hacılı) kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması açıqlaması, əlbəttə ki, pozitivdir. Ən azı ona görə ki, sadaladığım kəndlər hazırda gündəmdədir və 10 noyabr anlaşmasının ilk variantında da həmin kəndlər məsələsi bəyanata daxil edilmişdi. Lakin 1 gün sonra Rusiya prezidentinin saytında yerləşdirilən məlumatda biz bu kəndlərin adının çıxarıldığını gördük. Ermənistan isə bunun üzərindən manipulyasiya etməyə çalışır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib. 

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Ermənistan əraziləri daxilində yerləşən eksklavlarının qarşılıqlı şəkildə geri qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Ermənistanın bu proseslə razılaşdığını və mexanizmin qarşılıqlı şəkildə həyata keçirilməli olduğunu bildirib.

Öz növbəsində, O. Qasımov bildirib ki, Ermənistanın həmin kəndləri Azərbaycana qaytarmaqdan başqa variantı yoxdur:

“Çünki bu kəndlər 90-cı illərdə işğal olunub və hər zaman, o cümlədən də sovet dövründə də Azərbaycan əraziləri olub və bu cür də qəbul edilib. Ermənilər də bunu imtina edə bilməzlər və etmirlər də”.

Analitik N. Paşinyanın ekslavların qarşılıqlı qaytarılması açıqlamasında dilə gətirdiyi Başkənd məsələsinə də toxunub:

“O ki qaldı Başkənd məsələsinə, bu, artıq mübahisəlidir. Başkənd əvvəllər Azərbaycan ərazisi olub və sonradan SSRİ rəhbərliyi Azərbaycanın razılığı olmadan bölgəni Ermənistana verib. Ona görə də o məsələdə müəyyən müzakirələr aparıla bilər və yəqin ki, bu cür də olacaq.

Sülh prosesinin irəliləməsi üçün müəyyən anlaşmalar və razılaşmalar ola bilər, lakin bir daha təkrar edirəm ki, Başkənd məsələsində müəyyən mübahisələr var. Söhbət ondan gedir ki, bu məsələlər hansı xəritələr üzərindən həyata keçiriləcək”.

Mütəxəssis əlavə edib ki, Qazaxın 7 və Naxçıvanın Kərki kəndi hər zaman, qeyd-şərtsiz Azərbaycan əraziləri olub və bu cür də qəbul edilib:

“Amma Başkənd məsələsində müəyyən suallar var və buna aydınlıq gətirilməlidir. Başkəndin Ermənistanın tərkibinə verilməsi məsələsi də məhz bu qəbildəndir.

Paşinyanın açıqlamaları sülhə töhfə verən və açıqlamalardır. Lakin onun fikirlərinin ardıcıllığına diqqət yetirsək, dəyişkənlik görürük. Yəni sabitlik yoxdur və bu gün dediyi fikri sabah təkzib edə bilir. Odur ki, sözügedən kəndlərin qaytarılması məsələsi münaisbətlərin normallaşmasına töhfə verə bilər, amma Başkənd məsələsi ayrıca bir mövzudur. Onun Ermənistana necə verilməsi və hüquqa uyğun olub-olmaması da ciddi müzakirə mövzusu olmalıdır”.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər