Saytımızı qiymətləndirin


 
 

Razılaşmanı Rusiya pozub - Deputatlar Vaşinqton görüşündən DANIŞDILAR
Tarix: 05-05-2023 | Saat: 15:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Razılaşmanı Rusiya pozub - Deputatlar Vaşinqton görüşündən DANIŞDILAR

 

Ötən gün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. Üçgünlük danışıqların yekunu ilə bağlı mətbuata verilən rəsmi açıqlamada tərəflərin sülh sazişi ilə bağlı bəzi məqamlar üzrə razılığa gəldiyi diqqətə çatdırılıb.

 

XİN-in press-relizində bildirilib ki, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 

Ermənistan XİN də təxminən oxşar informasiya yaymaqla kifayətlənib, lakin hansı məsələdə razılığa gəlindiyi ictimaiyyətə açıqlanmayıb.

 

Bəs Vaşinqton danışıqlarını Azərbaycan üçün uğurlu hesab etmək olar? 

 

 

Mövzu ilə bağlı Qarabaqinfo.az danışan deputat Arzu Nağıyev bildirib ki, Vaşinqton görüşü hər iki ölkə üçün çox böyük əhəmiyyət daşıyır. 


"Çünki həm Azərbaycan, həm də Ermənistan tərəfi bir çox müstəvidə danışıqlar aparırdı. Bunlardan ən ciddi Vaşinqton platformasıdır. Azərbaycan hər zaman olduğu kimi yenə öz mövqeyini ortaya qoydu. Məlumdur ki, Azərbaycanın təkliflərində kommunikasiya vasitələrinin açılması, minaların təmizlənməsi, demarkasiya və delimitasiya kimi sülh müqaviləsinin imzalanması üçün lazım olan məqamlar yer alıb. Düşünürəm ki, müəyyən razılıqlar olsa da, yenidən müzakirə olunacaq məsələlər var",- deyə parlamentari vurğulayıb.

 

A.Nağıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülhə nail olunmasında israrlıdır:

 

"Prezident İlham Əliyevin dediyi kimi, ermənilər sülhə razı olmasalar, nə olacaq? Biz öz fikrimizdə israrlıyıq və bununla bağlı öz təkliflərimizi vermişik. Yəni sülh müqaviləsinin imzalanmamasından Ermənistan tərəfi daha çox ziyan çəkəcək. Təbii ki, bu məsələnin Moskvada keçiriləcək görüşdə də müzakirə edilməsi gözlənilir. Ümumiyyətlə, Avropa, ABŞ və Rusiya platformalarında bu məsələlərin müzakirəsi gedir. Razılaşmalar əldə olunduqdan sonra bu maddələrə yenidən baxılacaq. Nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanması yolunda ciddi addımlar atılacaq. Regionda sülhün bərqərar olması eyni zamanda beynəlxalq sülhün təmin edilməsi deməkdir".

 


Deputat Nəsib Məhəməliyev isə hesab edir ki, hər iki tərəfin eyni bəyanatla çıxış etməsi danışıqlar prosesinin nəticəsi olaraq razılaşdırılıb. 


"Bunun əsas səbəbi vəziyyətin gərginləşdirilməsinin qarşısının alınmasıdır. Görünür, ümumi razılıq əldə olunmayıb. Ancaq danışıqlar prosesi davam etdiriləcək. Uzun illər davam etmiş mürəkkəb problemin bir neçə görüşlə həll olunmasının mümkün olmadığını hər iki tərəf və vasitəçələr də anlayır. ABŞ və Avropa siyasətçiləri sülh prosesində tək onların vasitəçiliyinin lazımi səviyyədə effekt verməyəcəyini başa düşürlər. Çünki burada Rusiya da var. Tarixən öz hökmranlığını Qafqazda, əsasən də Ermənistanda saxlamış, real təsir qüvvələrinə malik olan dövlət Rusiyadır. Ötən illərin praktikası göstərir ki, Avropada və ya ABŞ-da hansısa danışıqlar masasında əldə olunan razılıqlar Rusiya tərəfindən pozulub".

 

N.Məhəməliyev əlavə edib ki, ABŞ-ın dəstəklədiyi format Rusiyanı qane etmir: "Masada iki variant var. Bunlardan birincisi ABŞ-ın təklif etdiyi, ikincisi isə Rusiyanın irəli sürdüyü variantdır. Burada əsas fərq odur ki, ABŞ ölkələrin ərazi bütövlüyü prinsipinə üstünlük verir. Mövcud şəraitə uyğun olaraq başa düşürlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropaya enerji təhlükəsizliyində, Asiya ilə Avropanı bağlayan logistika məsələlərində Azərbaycan önəmli rola malikdir. Ona görə də, Qərb siyasətçiləri problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyirlər. Rusiyanın isə dövlət siyasəti Qafqaza yönəlik dəyişməyib və bizim regionumuzda özünəməxsus maraqları var".

 

 

"XİN rəhbərlərinin ABŞ-da görüşməsindən əvvəl Şimali Qafqazdan Ermənistana gələn Rusiya qaz xəttinin texniki səbəblərə görə təmir olunacağını, yəni müvəqqəti dayandırıldığını bəyan etdilər. Belə hadisələr birinci dəfə deyil ki, rəsmi Kreml tərəfindən həyata keçirilir. Bu, artıq bir siqnaldır. Eyni zamanda Ermənistandan Rusiyaya gedən müxtəlif kənd təsərrüfatı mallarını daşıyan tırların yolları kəsildi. Əlbəttə, bütün bunlar təzyiq vasitəsidir. Bu da onu deməyə əsas verir ki, Rusiya Qafqaza yönəlik siyasətində heç bir dəyişiklik etməyib. Biz buna Rusiya sülhməramlılarının komandanının dəyişməsi və onun hər şeydən əvvəl separatçıların rəhbəri ilə görüşməsini misal çəkə bilərik. Mənim subyektiv qənaətimə görə,  ABŞ-ın dəstəklədiyi bütün formatlar Rusiyanı qane etmir. Yəni onlar hesab edir ki, Amerikanın təklif etdiyi qaydalara riayət etmiş olsalar, Qafqazdan çıxacaqlar. Rusiya məksimum çalışır ki, proses uzansın, sülh müqaviləsi imzalanmasın, Ukraynadakı proseslər sona çatmamış burada Azərbaycanla Ermənistan arasında barışıq əldə olunmasın", - deputat əlavə edib.



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər