“Dmitri Peskovun açıqlamasına baxsaq, görərik ki, o, Vaşinqton görüşlərinin nəticəsinin müsbət olacağını istisna etməyib”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, Kremlin sözçüsü D. Peskovun Vaşinqton görüşləri ilə bağlı fikirlərini şərh edib.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi açıqlamasında bildirib ki, iki ölkə (Ermənistan və Azərbaycan) ilə mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür
E. Mirzəbəyli xatırladlb ki, üçtərəfli bəyanatda bu sənədin yeganə sənəd olduğu ifadəsi də yer almayıb:
“Bu sənəddə mahiyyət üzrə bütün prinsiplər nəzərdə tutulmayıb. Yəni sərhədlərin delimitasiyası məsələsi, qarşılıqlı şəkildə dövlətlərin bir-birinin ərazi bütövlüyünün tanınması və beynəlxalq hüquq və normalarının diktə etdiyi bütün şərtlər üçtərəfli bəyanatda yer almayıb.
Üçtərəfli bəyanatın adı üstündədir. Bəyanat atəşkəs haqqındadır. Yəni bu sənəd hazırkı şəraitdə ilkin mərhələdə sadəcə döyüş əməliyyatlarına son qoyulması və prosesin normallaşması üçün mexanizmlərin tətbiqini nəzərdə tutur. Peskovun nə deməsindən asılı olmayaraq, sözügedən bəyanat dövlətlərarası münasibətlərin bütün detallarını tənzimləyəcək sənəd deyil”.
Şərhçinin fikrincə, beynəlxalq və dövlətlərarası sənədlər yalnız dövlətlərin Konstitusiyasına, bütövlükdə isə beynəlxalq hüquq normalarına – Helsinki Yekun Aktına, eləcə də BMT Nizamanəsinə uyğun gələn qanunlara əsaslanır:
“İndiki halda məsələ normallaşma prosesindən gedirsə, normallaşmanın əsasını təyin edən amillərdən biri və birincisi dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüynün tanınmasıdır ki, bu faktor da sözügedən sənəddə yer almayıb. Beynəlxalq hüquq və normalar ona əsaslanır ki, iki dövlət arasında müvafiq qaydada sülh müqaviləsi imzalanmalı və onun müddəaları yerinə yetirilməlidir.
Vaşinqtonda daha doğru yanaşma tərzini ortaya qoyur. İndiki halda beynəlxalq hüququn norma və prinsipləri aparılan müzakirələrdə daha mühüm şəkildə öz əksini tapır. Çünki ABŞ dövlət katibinin bundan əvvəl keçirilən görüşlərdə də səsləndirdiyi fikirlərdən, ABŞ diplomatlarının mediaya verdiyi müxtəlif açıqlamalarda prosesin paket həlli vurğulanır”.
Siyasi təhlilçiyə görə, ABŞ-da hansısa bir məsələ, Kremlin bəzi təmsilçilərinin iddia etdiyi kimi, gələcək nəsillərin öhdəsinə buraxılmır:
“Əgər müzakirələr nəticə verəcəksə, o cümlədən də xarici işlər nazirləri səviyyəsində ilkin razılaşmalar əldə olunacaqsa, bu, prinsip etibarilə növbəti mərhələdə yekun sənədin imzalanması üçün zəmin yarada bilər. Bu halda Rusiyanın hansı mövqe sərgiləyəcəyi fundamental əhəmiyyət kəsb edir”.
Rusiya bu halda nə deyəcək? Deyəcək ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranırsınız? Təbii ki, yox. Və ya deyəcək ki, regiondan kənar qüvvənin bölgəyə daxil olması üçün imkan yaradılır? Yox, yaradılmır. Çünki Vaşinqtonda aparılan müzakirələr təmasların ikitərəfli qaydada aparılmasını nəzərdə tutur. Yəni ABŞ birbaşa təmasları, dialoqu və vasitəçi olmadan sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.
Rusiyanın arqumentləri yox dərəcəsindədir. O ki qaldı Rusiya buna mane ola, təxribatlar törədə bilər və s. və i.a kimi iddialara, mənə elə gəlir ki, bu, tamamilə başqa bir məsələnin müzakirə mövzusudur. Əgər biz aspektləri və maraqları, o cümlədən tərəflərin gələcəkdə hər hansı bir hadisəyə verəcəyi reaksiyanı nəzərə alsaq, onda belə çıxacaq ki, bölgədə yüzillərlə sülh olmayacaq”.