Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Eks-nazir Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivlərindən və bunun Azərbaycana, o cümlədən region ölkələrinə vəd etdiyi iqtisadi potensialdan söz açıb.
E. Məmmədyarov əlavə edib ki, Naxçıvana birbaşa gedən Zəngəzur dəhlizinin də buna aidiyyəti var:
“İlk növbədə, Rəşt-Astara dəmiryoludur ki, hazırda bu barədə Rusiya-İran-Azərbaycan danışıqları gedir.
İkincisi, Zəngilandan yeni körpünün tikilmə planı var ki, oradan da Bəndər-Abbas-Culfa dəmiryolunun tikintisi planlaşdırılır.
Üçüncüsü isə Zəngəzur dəhlizindən keçən 42 km-lik yoldur ki, Türkiyənin marağında olan ən əsas amil budur. O cümlədən Rusiya və Azərbaycan da bunda maraqlıdır”.
“Allahın İranı belə bunu müzakirə etməkdən çəkinsə də, düşünürəm ki, İran tərəfi daha çox istəyir ki, Zəngilana gedəcək dəmiryolu körpüsü inşa edilsin. Çünki İranın marağında var ki, Rusiya və Çindən gələn mallar İran ərazisindən keçsin. Ona görə ki, iqtisadi baxımdan bu, İrana böyük perspektiv vəd edir”, – əlavə edib.
“O ki qaldı Ermənistana, gərək, Ermənistan hökuməti bu barədə dəqiq qərar qəbul etsin. Amma mənə elə gəlir ki, bu, onların da maraq dairəsindədir. Çünki tranzit ölkə olduğu üçün onlar da gəlir əldə edəcəklər. Yox, əgər istəməsələr, babalı onların boynuna, özləri bilərlər. Amma Azərbaycan öz işini qurub və istəklərini yerinə yetirir”, – yekunlaşdırıb.