Tarix: 27-04-2023 | Saat: 14:33
Bölmə:Karusel / Qarabağ / İnfrastruktur | çapa göndər
Kəlbəcər və Laçın dağlarında dağ çaylarının vahid məcraya yığılması etirazlara səbəb olub. Aparılan işlərlə bağlı yayılan fotodan da göründüyü kimi, çayın kənarı ilə yol çəkilir və "yenilik" də həmin çəkiliş zamanı edilib.
AFN.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri bunu yolverilməz adlandırıblar. Mütəxəssislər bildirirlər ki, dağ çaylarının qollarının məhv edilməsi, axının vahid məcraya yönəldilməsi ərazidə flora və fauna üçün böyük təhlükədir.
"Əvvəllər dolana-dolana gedən mənzərəli çayları süni düzxətli daş-beton yatağa yığıblar. Əvvəllər Hollandiya bu acı təcrübəni yaşayıb, böyük ehtimalla bizim də başımıza gələcək. Mən öz gözümlə şahid oldum ki, artıq hollandlar çayları təzədən əvvəlki dolanbac halına qaytarırlar. Çünki dolanbac halında çay yavaş axır, axın boyunca torpağı, çayqırağı meşəni sulayır, təbiət o sudan rahatca bəhrələnir. Amma düzxətli beton yatağa yığılmış çayın mənbəyində yağan yağış qısa müddətdə gurultuyla çayın ayağına çatır. Murovun başında yağış yağsa təbiətə heç bir xeyir vermədən 5 dəqiqəyə Tərtər çayında, ordan da Sərsəng su anbarında olacaq. Murov enişə bir fəsad törətməsə belə (yəqin beton yatağın tutumunu hesablayıblar), Tərtər dərəsinə o sürətlə gələn su Qamışlı körpüsündə fəsadlar yaradacaq. Beton yataqdan o suyun torpağa hopması, ətrafda mikroklimat yaratması, meşələrə rütubət verməsi heç mümkün deyil. Balıqlardan və digər çay faunasından heç danışmıram" - deyə Elşad Əsgərov bildirib.
Bəs bu proses hansı layihənin tərkibində gedir? Müvafiq qurumların rəyi varmı? AFN.az-ın mözu ilə bağlı araşdırması zamanı məlum oldu ki, yayılan görüntülər Tərtər çayına aiddir. Belə ki, Toğanalı-Kəlbəcər-İstisu yolunun çəkilişi zamanı həmin çay bəzi ərazilərdə vahid məcraya yönəldilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat xidmətindən AFN.az-a bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciətinə Dövlət Ekoloji Ekspertiza Agentliyində baxılıb: "Təqdim olunan yol layihəsi üzrə hesabatda göstərilənlər ekoloji baxımdan məqbul hesab edilmədiyindən layihəyə müsbət rəy verilməyib.
Bununla yanaşı, sözügedən quruma layihə altına düşən yaşıllıqlara, ekoloji həssas ərazilərə və biomüxtəlifliyə təsirlərin qiymətləndirilməsi, həmçinin, tikinti və istismar işləri ilə əlaqədar torpaqların, yeraltı və yerüstü suların çirklənmədən mühafizə edilməsi tədbirlərinə dair tələblər qeyd olunmaqla cavab məktubu göndərilib. Həmin qurumdan layihə ilə bağlı növbəti müraciət daxil olmayıb".
Agentlikdən o da qeyd edildi ki, məsələ ilə bağlı aidiyyəti qurumların əməkdaşları tərəfindən adıçəkilən əraziyə baxış keçiriləcək və araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbər Anar Nəcəfli mövzu ilə bağlı saytımıza verdiyi açıqlamada bildirdi ki, layihə ilə bağlı müvafiq qurumların rəyi alınıb: "Layihələr təsdiqlənəndə bütün dövlət qurumlarından rəy alınır, sonra onun icrasına başlanılır. Mən dəqiq bilmirəm o görüntülər hansı çayla bağlıdır, ümumiyyətlə, neçə yerdə belə işlər aparılıb, amma bilirəm ki, Kəlbəcər yolunun çəkilişi zamanı müəyyən hissələrdə bu hallar olub. Mən oxudum yazılmışdı ki, yolu düzünə çəkiblər, orda relyef yolu düz çəkməyə imkan vermir, çay məcrası necə gedirsə, ona uyğun da yol gedir, kənarları çay daşı ilə hörülür. Bütün bunlar da müvafiq normalara uyğun həyata keçirilir. Elə ərazilər var ki, çayın üstündən yol keçməlidir, orda dördbucaqlı keçidləri inşa edilir, elə ərazilər var ki, körpülər inşa olunur, elə ərazilər var ki, su bəndləri tikilir, requlyasiya sistemləri inşa edilir. Bu o demək deyil ki, hansısa bir ekoloji dəyişiklik baş verə bilər, nəsə dəyişə bilər. Sadəcə olaraq yolun yuyulmasının qarşısını almaq üçün müəyyən hissələrdə qabaqlayıcı tədbirlər görülə bilər. Necə ki, sürüşmə ərazilərində müəyyən istinad divarları inşa oluna bilər, burada da eyni qaydada tədbirlər reallaşdırılır".
Digər xəbərlər