Saytımızı qiymətləndirin


 
 

Məhkəmə xaricdən “İPhone” gətirən idmançılarımızla bağlı qərar verdi
Tarix: 21-04-2023 | Saat: 15:12
Bölmə:Karusel / Sosial | çapa göndər

Qaçaqmalçılıqda ittiham olunan Azərbaycan futzal millisinin kapitanı Xətai Bağırov və U-19 millisnin üzvü Xəzər Ağalızadə barəsində məhkəmə qərar verib.

Onlar əlbir olaraq 66 min manat dəyərində “İPhone 13 Promax” və qol saatlarını hava limanından qanunsuz Azərbaycana keçirməkdə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, bir müddət öncə Xətai Bağırovun Türkiyədə olan Məsim adlı tanışı ona zəng edərək gömrükdən 24 ədəd mobil telefon, 24 ədəd qol saatı keçirməkdə ona köməklik etməsini xahiş edib. Xətai isə millinin düşərgəsindən tanıdığı Xəzərə zəng edərək bu işi həll etməsini istəyib.

U-19 millisinin üzvləri Xorvatiyadan yarışdan qayıdarkən tranzit olaraq İstanbul hava limanına eniş edib. Bu zaman Məsim adlı şəxs Xətainin dediyi telefonları və saatları hava limanında Xəzərə verib. Xəzər komanda yoldaşları arasında sözükeçən futzalçı olduğundan hər futzalçıya iki-iki telefonları paylayıb. Xətai bildirib ki, telefonları bu formada keçirsələr, problem olmayacaq.

İş materiallarında qeyd edilib ki, telefonlar Azərbaycana gətirilərəkən açıq formada, qutusuz və aksesuarsız halda olub. Lakin Bakıda hava limanına endikdən sonra gömrük yoxlanışından keçən zaman futzalçılar saxlanılıb. Telefonlar və saatlar onlardan yığılıb. Məsələ ilə bağlı Xətai Bağırov və Xəzər Ağalızadə barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Xətai Bağırov məhkəmədə əməlin cinayət olduğundan xəbərsiz olduğunu deyib. O, Məsimi Bakıdan məhəllə uşağı kimi tanıdığını, ona görə də xahişini yerinə yetirdiyini bildirib. Xəzər Ağalızadə isə Xətainin futzalda ona çox dəstək göstərdiyini, “Araz Naxçıvan” komandasında bir yerdə oynadıqlarını, buna görə də onun xahişini yerinə yetirdiyini deyib.

Məhkəmə hər iki şəxsin şəxsiyyətini nəzərə alaraq hökm çıxarıb. Hökmə əsasən, futzalçılar hər biri 1500 manat cərimə olunub. Qeyd edilib ki, 24 ədəd “İphone 13 Pro Max” və 24 ədəd smart saat isə dövlət rüsumu ödənildikdən sonra onların özlərinə qaytarılacaq.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər