Saytımızı qiymətləndirin


 
 

34 il əvvəl zavodda rəqs edən Tofiq Qasımov və Elçibəy –"FOTOXRONİKA"
Tarix: 10-04-2023 | Saat: 14:47
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu gün Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımovun doğum günüdür. 

Mərhum nazirin 85 yaşı tamam olur.

Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub.

1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilmişdi.

T.Qasımov Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib.
Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi olan 1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə vəzifəsindən istefa verib.

Daha sonra  siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbs olunub. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib.

Vəfat edənə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayıb.

26 yanvar 2020-ci ildə Lütsern şəhərində 81 yaşında vəfat edib. 27 yanvarda Lütsern şəhər qəbiristanlığında dəfn olunub.

Azpost.info “FOTOXRONİKA” layihəsində Tofiq Qasımovla bağlı bu fotonu təqdim edir.

Foto 1989-cu ildə Azərbaycan SSR-də, leytenant Şmidt adına zavodda çəkilib. Şəkildə şənlik mərasimində AXC sədri, eks-prezident Əbülfəz Elçibəy və Tofiq Qasımov birgə rəqs edərkən obyektivə tuş olublar.(Azpost.info)

 



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər