"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb".
Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatı qısa olsa da, kifayət qədər geniş və əhəmiyyətli yükə malikdir. Ona görə ki, bu, dövlətimizin Azərbaycanla Ermənistan arasındakı sərhədi Laçın yolunun keçdiyi ərazi də daxil olmaqla, bütünlükdə nəzarətə götürülməsi istiqamətində atılan növbəti addım sayıla bilər.
Artıq yazdığımız kimi, ötən gecədən başlayaraq erməni telegram kanallarında və sosial şəbəkələrdə Azərbaycanın Laçın yolunun keçdiyi Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqəsi quraşdırmağa başladığı barədə məlumatlar yayılır. Həmin məlumatlarda deyilir ki, Azərbaycan Ordusuna aid 10-dan artıq hərbi yük maşını Tex kəndi yaxınlığında görünüb və Azərbaycan hərbçiləri həmin ərazidə istehkamlar və nəzarət buraxılış məntəqəsi quraşdırılması istiqamətində işlər aparırlar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə birbaşa nəzarət buraxılış məntəqəsi barədə bir şey deyilməsə də, mahiyyət etibarilə söhbətin Ermənistandan Rusiya hərbi kontingentinin müvəqqəti nəzarət zonasındakı ərazilərimizə qeyri-qanuni daşımalarının, o cümlədən hərbi silah-sursat və şəxsi heyət daşınmasının qarşısının alınması istiqamətində atılan növbəti addımdan getdiyi başa düşülür.
Buna qədər Azərbaycan Müdafiə Nazirliyi və XİN tərəfindən dəfələrlə Ermənistana və Qarabağdakı Rusiya hərbi kontingentinə xəbərdarlıq edilərək, Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun keçdiyi hissəsində nəzarət buraxılış məntəqəsinin qurulmasının zərurətə çevrildiyi bildirilib. Lakin nə Ermənistan, nə Qarabağdakı separatçılar, nə də Rusiya “sülhməramlıları” buna məhəl qoymayaraq, Laçın yoluna alternativ torpaq yollarla silah-sursat və hərbi təyinatlı yüklər daşımağa davam etdilər.
Bundan sonra Azərbaycan tərəfi həmin torpaq yolların üzərindəki yüksəklikləri və yol kəsişmələrini nəzarətə götürdü. Ardınca isə Müdafiə Nazirliyinin son məlumatında deyildiyi kimi, Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldü. Ən yaxın tariximiz isə göstərir ki, Azərbaycan Ordusu bütün siyasi təzyiqlərə, bəyanatlara baxmayaraq, nəzarətə götürdüyü heç bir məntəqədən, yüksəklikdən, yoldan və s. geri çəkilmir. Buna da tam hüquqi və mənəvi haqqı var. Çünki bunlar Azərbaycanın haqq-halal torpaqlarıdır.
Azərbaycan Ordusunun son həmləsi isə tezliklə separatçıların hərbi təminatını minimuma endirə, ya da ümumiyyətlə imkansız edə bilər. Eyni zamanda bu, Azərbaycanın öz sərhədləri üzərində nəzarəti əldə etmək istiqamətində sonadək legitim addımlar atacağı iradəsinin ortaya qoyulmasıdır.
Sözügedən ərazilər Azərbaycanın suveren əraziləridir və Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonası kimi tanınması heç də bu ərazilərdən erməni separatçılarına və Ermənistanın ərazimizdə qanunsuz yerləşən hərbi qruplaşmalarına hərbi yüklər və şəxsi heyət daşınmasına göz yumulacağı anlamı daşımamalıdır.
Bunu təkcə ermənilər deyil, “sülhməramlılar” da birdəfəlik bilməli və qəbul etməlidirlər. Odur ki, Azərbaycanın bu addımı bir tərəfdən erməni separatçılarının nəfəsliyinin daraldılması, sərhədlərimizin bərpasıdırsa, digər yandan da Rusiya hərbi kontingentinə öz funksiya və səlahiyyətlərinin, eləcə də hansı ölkənin ərazisində olduqılarının xatırladılmasıdır.(AzPolitika.info)