Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın güllələnən məşhurları - Adlar
Tarix: 29-03-2023 | Saat: 16:33
Bölmə:Karusel / Kriminal | çapa göndər

Azərbaycanın güllələnən məşhurları - Adlar

Ötən gün Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın Zabratdakı evinin qarşısında güllələnməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub.

Bir çoxları bunu millət vəkilinin şəxsinə qarşı həyata keçirilən sui-qəsd kimi qiymətləndirsə də, digər bir kəsim bu işin arxasında bəzi qüvvələrin durduğunu və bunun Azərbaycana mesaj olduğunu diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan siyasi-ictimai tarixində evinin qarşısında güllənən, hətta bıçaqlanan şəxslər çox olub.

Yenisabah.az 1990-cı illərdən üzü bu günə qədər sui-qəsd nəticəsində qətlə yetirilən siyasi şəxslərin siyahısını təqdim edir.

1. Afiyyəddin Cəlilov – 1946-cı ildə Naxçıvanda anadan olan A. Cəlilov SSRİ-nin süqutundan sonra bir sıra yüksək vəzifələrdə çalışıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, eləcə də Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində işləmiş A. Cəlilov, həmçinin, 1994-cü ildə imzalanan Bişkek protokolunda Azərbaycan nümayəndə heyətinin tərkibində olan şəxslərdən biri olub.

Siyasi karyerasında uğurlu olan A. Cəlilovun ölümü də illərdir böyük bir müəmmanı öz üzərində gəzdirir. Belə ki, o, 1994-cü il sentyabrın 29-da 48 yaşında Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. A. Cəlilovun qətli ilə bağlı bugünədək müxtəlif versiyalar səsləndirilir.

Məzarı Birinci Fəxri Xiyabandadır.

2. Ziya Bünyadov – 1921-ci ildə Astarada anadan olan Z. Bünyadov Azərbaycan tarixində tanınmış şəxslərdən biri olub. Tarixçi, İkinci Dünya Müharibəsində əsir düşərgəsindən qaçaraq, Sovet İttifaqı Qəhrəmanı adına qədər yüksələn, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi olan Z. Bünyadov, həmçinin, tanınmış şərqşünas həmkarı Vasim Məmmədəliyev ilə birlikdə Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edənlərdən – onun məalini hazırlayanlardan biri olub.

Elmi fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyət göstərən Z. Bünyadov 1990-cı illərdə Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin torpaq iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri kimi hər zaman tanınıb. Z. Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab verib.

1992-ci ildə Z. Bünyadov Heydər Əliyevin Azərbaycanda hakimiyyəti uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış  91 nəfər tanınmış ziyalıdan – “91-lər”dən biri idi. 1992-ci ildə Z. Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdi. 

Z. Bünyadov 1997-ci il fevral ayının 21-də 75 yaşında yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir. Bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.

Məzarı Birinci Fəxri Xiyabandadır.

2. Rafiq Tağı – ixtisasca həkim-kardioloq olan, lakin yazı-filosof kimi tanınan R. Tağı 1950-ci ildə Masallıda anadan olub.

İranla bağlı tənqidi məqalələri ilə çıxış edən R. Tağı 2011-ci ilin 19 noyabrında evinin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan R. Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandıraraq hadisənin “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi. Yazıçının 2006-cı ildə “Sənət” qəzetində çıxan “Avropa və biz” məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. R. Tağının qətlindən sonra da F. Lənkəraninin oğlu ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində “İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını” yazmışdı.

R. Tağı bıçaqlanandan 4 gün sonra 2011-ci il noyabrın 23-də 61 yaşında Bakının 1 saylı xəstəxanasında vəfat edib.

Məzarı Bakı şəhərindədir.

3. Elmar Hüseynov – 1967-ci ildə Bakıda anadan olan E. Hüseynov “Monitor” jurnalının təsisçisi və baş redaktoru olub. 2005-ci ilin martın 2-də Elmar Hüseynov sifarişli hesab olunan planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə öldürülüb. E. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub.

Dövri mətbuatda gedən xəbərlərə görə, E. Hüseynova yeddi güllə atılıb. İki güllə jurnalistin qarnına, biri ürəyinə, biri isə kontrol atəşi olaraq ağzına vurulub. Ürəyinə dəyən güllə Hüseynovun həyatına son qoyub. Hadisə yerindən təxminən 150 metr aralıda səsboğucusu olan “PSM” markalı tapança götürülüb.

Martın 4-də dəfn olunan E. Hüseynovun məzarı İkinci Fəxri Xiyabandadır.

4. Rail Rzayev – 1945-ci ildə Bakıda anadan olan Rail Rzayev də Azərbaycan ictimaiyyəti üçün tanınmış simalardan biri olub. R. Rzayev 1993-cü ildən 2009-cu ilə qədər Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olub.

R. Rzayev 2009-cu ilin 11 fevralında 63 yaşında sui-qəsd nəticəsində qətlə yetirilib.

Hadisə baş verəndən bir müddət sonra sabiq Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd etmişdi. Baş prokuror, həmçinin, saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

Xatırladaq ki, 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məzarı Bakıdadır.

5. Şəmsi Rəhimov – Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi, polkovnik Ş. Rəhimov da bu siyahıya daxildir.

1924-cü ildə Ermənistan SSR-in Qafan şəhərində qanadan olan polkovnikin həyatı sovet ordusunun, habelə sovet DTK-sının sıralarında müxtəlif vəzifələrdə çalışaraq keçib.

Ş. Rəhimov 29 sentyabr 1994-cü ildə 70 yaşında sui-qəsd nəticəsində qətlə yetirilib.

Məzarı Bakıdadır.

6. Vaqif Vəliyev – Hacı Vaqif ləqəbi ilə tanınan V. Vəliyev 1940-cı ildə Gəncədə anadan olub.

Həyatının bir hissəsini Özbəkistan SSR-də keçirən Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.

O, 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olub.

Hacı Vaqif 1993-cü ildə 52 yaşında Gəncə şəhər İcra Hakimiyyətindəki iş otağında güllələnərək qətlə yetirilib.

İddialara görə, onun qətlində şübhəli bilinən şəxslərdən biri dövrün Baş naziri olmuş, qiyamçı polkovnik Surət Hüseynovdur.

Məzarı Gəncə şəhərindədir.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər