Saytımızı qiymətləndirin


 
 

İran kimi “dindar” olmaqdansa, lənətli olmağı üstün tuturam
Tarix: 29-03-2023 | Saat: 16:10
Bölmə:Karusel / Yazar | çapa göndər

İran kimi “dindar” olmaqdansa, lənətli olmağı üstün tuturam

Cəhalətin bir düşməni var. O işıqdır. Bu işıq kəlməsinin içərisində çoxsaylı nəsnələr var: təfəkkür, aydınlıq, pozitiv yanaşmadan tutmuş elm, ədəbiyyat, fəlsəfəyə qədər. 

Cəhalət bu anlayışları qəbul etmir. O, kor dairədə fırlanan dələdir. Həmin dairədən kənara çıxmaq onun üçün mümkünsüzdür. Onun üçün divarın o üzü yoxdur. Başqa həyat mümkün deyil. Alternativ üçün beyini tam qapalıdır. Öz arqumetnləri var. Bu, əfsanələrdən yoğurulub hazırlanmış arqumentlər onun 200 qramlıq beyninə fərqli yanaşmanın daxil olmasını mümkünsüz edir. Onun üçün həyat bu formada gözəldir. Başqa kitab oxumaz. Başqa fikri dinləməz. Başqa qavrayışı qavraya bilməz. Kilid altındadır. Sərhədlər tam qapalıdır. Dünya onun üçün sonsuz deyil. Böyük hesab etdiyi bapbalaca dünyası var. O, inanır. Bütün qəlbi, varlığı ilə.... İnanır ki, nəinki bu dünyanın, hətta o dünyanın da təkcə bir hakimi var. O hakim İrandır...

Mən belə təfəkkürdə olan onlarla adamla tanışam. Şəxsən onları dinləmişəm. Bədbəxtdirlər. Onlar üçün yer kürəsinin fırlanmasının, planetlərin sıralanmasının, texnologiyanın inkişafının, hər bir insanın - dinindən, millətindən, vətənindən asılı olmayaraq, bu mocüzəvi yaradılışın bir sənət əsəri olmasının heç bir önəmi yoxdur. Onların tək həqiqəti var: Bizdən deyilsən və sən lənətli adamsan... 

Mən onlar kimi “müqəddəs”, “əqidəli”, “dindar” olmaqdansa, lənətli olmağı üstün tuturam. 

Mən dindar Ayətullah Xamenei olmaqdansa, Kefli İsgəndər olmağı üstün tutaram. 

Mən onlar kimi mömin olnaqdansa, Hüqo kimi ateist olmağı üstün tuturam.

Onlarda o beyin yoxdur ki, inkişafın nəinki bu günün, bütün zamanların tələbi olduğunu anlasınlar. Onlar 3 min il əvvəldə qalıb. I Daranın fotosu ilə İbrahim Rəisinin fotosunu yan yana qoyun! Təfəkkür olaraq, vizual olaraq heç nə dəyişməyib. Gerilik bu qədər göz çıxarır. 

Onlar üçün işıq hər zaman hədəf olub. Nişangahda görüblər işığı. Fazil Mustafa işıqdırmı? Bunu əminliklə demək birmənalı qarşılanmaya bilər. Amma Fazil Mustafanın qaranlıq olmadığını əminliklə demək mümkündür. Onun öz savadı, açıqfikirliliyi, gerizəkalılığa qarşı sinəsini sipər etdiyi, şantajdan qorxmadığını, təhqirlər qarşısında geri çəkilmədiyi, Don Kixotun savaşına bənzəsə də meydanda bəzən təkbaşına bu qara qüvvələrə qarşı söz qılıncı siyirdiyini axı hamımız görmüşük. Bu riskli savaş idi. Hər kəs bu qədər cəsarətlə qılıncını qaranlığa saplaya bilməzdi. Qaranlıq çoxumuzu anındaca uda bilərdi. İran bu qədər qara zülmətdir. Adamı səssiz-səmirsiz uda bilir. Lakin şüşə sındı. Nə cin o cin deyil, nə də qaranlıq... 

Azərbaycan insanı aydınlıqdan yanadır. Onlar Fazilin də kim olduğunu bilir, ayətullahların da. Ayətullahla nura çatmaq mümkün deyil. Onun ətəyində namaz qılmaq heç nə ifadə etmir. Ona səcdə etməyin bircə adı var: Xəyanət! 

Bu təkcə vətənə xəyanət deyil. Dinə xəyanətdir. İmana xəyanətdir. İnsanlığa xəyanətdir. Sevgiyə, müqəddəsliyə, ruha xəyanətdir. İşığa xəyanətdir. Valideynə xəyanətdir. Bədənini əmanət qoyduğun torpağa xəyanətdir.

Bizim toplum olaraq şikayət edəcəyimiz, deyinəcəyimiz çox məsələlər ola bilər. Amma ən böyük şikayətimiz coğrafiyamızdır. Nə yazıq ki, biz fars, erməni və rus qaranlığının tam ortasındayıq. Harasa getmək, bu coğrafiyadan köçmək fikrimiz yoxdur. Xilasımız zordur, amma mümkündür. Bu bizim inkişaf etdirməli olduğumuz təfəkkürdür. Elmdir. Təhsildir. Aydınlıqdır. 

Hər güllələnən aydınımızın yerində onlarla yeni işıq yanmasa, vay bizim halımıza...

Elnur Məmmədli 



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər