“Fazil Mustafaya qarşı həyata keçirilən birmənalı şəkildə terror aktıdır. Burada söhbət Fazil Mustafanın qorxudulmasından getmir, əksinə, bu, Azərbaycana verilən bir mesajdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev millət vəkili Fazil Mustafanın evinin önündə güllənməsi faktına münasibət bildirərkən deyib.
C. Nuriyev xatırladıb ki, F. Mustafa parlamentdə öz sözü ilə tanınan, mövqeyi olan bir neçə deputatdan biridir:
“Nəzərə alaq ki, kifayət qədər müxalif mövqeli bir deputatdır. Lakin burada məqsəd çoxşaxəlidir. Azərbaycan dövlətinə mesaj verməklə yanaşı, xaricə də mesaj verirlər ki, Azərbaycanda müxalifətə qarşı belə bir addım atılıb. Hətta həmin gün Azərbaycan təhlükəsizlik orqanlarının bayramı idi. Ondan 2-3 gün qabaq isə Azərbaycan ordusu Şuşa ətrafındakı yüksəklikləri nəzarətə götürdü. Məhz bu ərəfədə Azərbaycana təzyiqlər artıb.
Belə bir şəraitdə bunu İranmı törədib, Rusiyanın sifarişidirmi, yoxsa başqa bir sifarişdirmi, bilinmir. Lakin bu əvvəlcədən düşünülmüş və möhkəm şəkildə hazırlanmış bir terror aktıdır. Onsuz da tezliklə bu üzə çıxacaq, çünki bunu gizlətmək mümkün deyil”.
Müsahibimiz əlavə edib ki, burada söhbət təkcə deputatın güllələnməsindən getmir:
“Ən böyük şərəfsizlik odur ki, hadisə onun qız uşağının gözünün qabağında olub. Onu başqa yerdə də vura bilərdilər, amma görünən odur ki, bu əvvəlcədən düşünülmüş bir terror hadisəsidir”.
“DTX-nin həbs etdiyi xəyanətkarlardan biri etiraf etdi ki, bizim üçün kimin ölüb-ölməyəcəyinin mənası yoxdur, amma tanınmış bir adama qarşı terror olacaq. Bundan qabaq da rəhmətlik Oqtay Əliyev öləndə digər bir şərəfsiz də şərhlərdə Fazil Mustafanın adını çəkib.
Hazırda İranla münasibətlərimiz çox gərgindir və ola bilər ki, onlar da nə isə etsin. Amma burada mən Rusiyanın da xəttini görürəm. Qərb versiyasına inanmıram. Bir də terrorla məşğul olan ölkə Ermənistandır. Bunu da istisna etmirəm.
İnanıram ki, tezliklə cinayəti törədən və yaxud törədənlər tapılacaq. Fazil Mustafaya şəfa diləyirəm, çünki ondan başqa əlimdən bir şey gəlmir”, – yekunlaşdırıb.