Saytımızı qiymətləndirin


 
 

Deputat “COVİD-19” testlərinin baha olmasına haqq qazandırdı
Tarix: 07-08-2020 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

“COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında bəzi həmkarlarımın dünən səsləndirdiyi fikirlərə aydınlıq gətirmək istərdim. Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlət başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub. Azərbaycanda bütün testlər pulsuz aparılıb”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. O qeyd edib ki, dünya təcrübəsinə görə, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir:

“Ölkəmizdə də simptomları olan və müxtəlif risk qruplarına aid insanların analizləri dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir. Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik”.

Deputat qeyd edib ki, indiyə qədər aparılan testlərin sayı 760 mindən yuxarıdır:

“Ölkəmizdə gündəlik 10 minə qədər test keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır. Sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik. Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.Modern.az



Xəbəri paylaş

449 dəfə oxunub.

Digər xəbərlər