Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Mərkəzi Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək
Tarix: 11-03-2023 | Saat: 12:49
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Heydər Əliyev Mərkəzi Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək

 

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edir. Martın 14-də Mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olacaq. Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdiriləcək. 

Qarabaqinfo.az xəbər verir ki, müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim ediləcək. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisi olacaq.

 

Bakıda, Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzində sərginin təşkilindən məmnunluğunu bildirən Raşid Al Xəlifə yeni yaratdığı əsərlərin innovativ və ultramüasir dizayna malik Mərkəzdə, həmçinin zəngin mədəniyyəti və irsi ilə tanınan ölkəmizdə nümayişindən şad olduğunu deyib.

  

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək. 


 
Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır. Rəssamın incəsənət nümunələri digərlərindən ənənəvi və müasir memarlığın ətraf mühitlə vəhdəti ilə fərqlənir. 

 

1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast gəlinirdisə, 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çevrilir.

 

Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər