Saytımızı qiymətləndirin


 
 

Dünyanın diqqəti Bakıda!
Tarix: 02-03-2023 | Saat: 10:57
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Dünyanın diqqəti Bakıda!

 

Bu gün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası keçirilir. Zirvə görüşünün əsas məqsədi pandemiyanın Qoşulmama Hərəkatına təsiri və nəticələrinin müzakirə olunmasıdır.  

 

Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər qatılıblar.

 

Qarabaqinfo.az xatırladır ki, Qoşulmama Hərəkatı formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 18 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.  

 

Təşkilatın yaranması ilə bağlı ilk addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında atılıb. Daha sonra 1961-ci il tarixində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub.  

  

Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. 

 

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır. 

 

Hərəkatın məqsəd və prinsipləri: 

 

Əsas insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət etmək; 

Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; 

Böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq; 

Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək; 

BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək; 

Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərilməsindən çəkinmək; 

Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən çəkinmək; 

BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək; 

Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək; 

Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək. 

 

Qoşulmama Hərəkatına üzvlük proseduru isə belədir: 

 

QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. 

 

Azərbaycanın Hərəkatla əlaqəsi:

 

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Azərbaycanın Hərəkata sədrliyi 2019-2023-cü illəri əhatə edir.  

 

Azərbaycan Respublikası bundan əvvəl 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak edib. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib.  

 

Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vedib. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb.

 

Hazırda Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası sonuncu dəfə 3 il bundan əvvəl video-konfrans formatında baş tutub. O zaman pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi müzakirə olunub. Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini  və 11 nazir səviyyəsində iştirak olunub.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər