“Mənim “Azərbaycanda dövlət dili Anadolu türkcəsi olsun” deyə səsləndirdiyim fikirlər, əslində, zarafat deyil. Lakin burada yalnız başlığa baxaraq danışmaq da lazım deyil. Yəni yazının özünü oxumadan başlığa baxıb nəticə çıxaran şərhləri və yazıları da gördüm. Bu isə düzgün deyil”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış naşir, “Qanun” nəşr evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
O sosial şəbəkə hesabında yazdığı məlum fikirlərin ictimaiyyətdə tənqid olunmasının səbəblərini belə izah edib:
“Söhbət ondan gedir ki, Azərbaycan dili 30 illik müstəqillik dönəmində inkişaf yolu keçmədi, müasir tələblərimizə cavab vermədi. Universitetlər üçün yeni dərsliklər yazılmır. Necə ki Tibb Universitetində sovet dövründə hansı dərsliklərdən istifadə edirdilərsə, indi də təqribən eynidir. Məsələn, hüquq fakültəsində yenə də ruscadan tərcümə olunan, lakin maddələrin Azərbaycanlaşdırılmış versiyası olan dərsliklər hələ də mövcuddur”.
“Mən çox istərdim ki, bu cür müzakirələr dövründə təhsil ocaqları çıxarıb nümayiş etdirsinlər ki, bu 33 ildə bu qədər tələbəyə nə ilə təhsil veriblər? Belə bir ədəbiyyat yoxdur, hazırlanmayıb. Ona görə də mən deyirəm ki, əgər bu dil bizim müasir insanlarımızın həyatında rol oynamayıb onu inkişaf etdirmirsə, ona istədiyi təhsili verə bilmirsə, onda Türkiyə türkcəsini qəbul edək və türkcədə çap olunan kitabları oxuyub ondan bəhrələsinlər”, – deyə o, təklifini aydınlaşdırıb.
Ş. Xuduoğluya görə, hazırda Azərbaycan dilində buraxdığımız kitablardan daha çox türkcə kitablar oxunulur:
“Yaxşı, deyirsiniz, tərcümə pisdir, tərcüməyə görə oxumurlar, onda yerli müəlliflərimizin əsərləri niyə oxunulmur? Bəlkə də bu dilə olan etimad bir az aşağıdır, yaxud etimad və inam aşağı deyilsə, onda niyə görə vəziyyət belədir?”.
“Mənim fikirlərimə “təşvişlə” cavab verən adamlara baxanda görürəm ki, onlar, əsasən, Azərbaycan dilini tərifləyən, lakin dilimizdə bircə dəfə belə olsun kitab oxumayan insanlardır. Əgər dilimiz gözəldirsə, onda niyə bu dildə kitab oxumursan? Yaxşı, kənar müəllifi oxumursansa, onda öz yazıçına niyə belə laqeyd yanaşırsan? Mənim demək istədiklərim budur. 10 milyonluq ölkənin kitabı bu qədər kasıb, kasad və az olmalı deyil”, – fikirlərini tamamlayıb.