Saytımızı qiymətləndirin


 
 

Rayonluda pul nə gəzir ki, Bəhramla eyni restoranda otursun...
Tarix: 16-01-2023 | Saat: 15:03
Bölmə:Karusel / Yazar | çapa göndər

Rayonluda pul nə gəzir ki, Bəhramla eyni restoranda otursun...

Mən dünyanın hansısa ölkəsində şəhərli-rayonlu söhbətinin Azərbaycanda olduğu qədər dava-dalaşa, qalmaqala, söyüşə, qarğışa çevrildiyinə inanmıram. Düzdür, bu mənfi tendensiya bizim kimi inkişafdan geri qalmış ölkələrdə, məsələn, arağı sarımsaqla içməyi ilə öyünən ruslar arasında da var. 

Moskvada moskvalı olmayanlara üstdən aşağı baxırlar. Söhbət bir tikə çörək üçün Rusiya paytaxtına pənah aparan azərbaycanlılardan, yaxud özbək, qazax, qırğız qardaşlarımızdan getmir. Moskvada doğulan sıravi ruslar belə başqa şəhərlərdən paytaxta axışan həmvətənlərini həmişə aşağılayıblar. Amma orada özünə ziyalı deyən, tanınan, tanınmağı ilə pul qazanan adamlar bu müzakirələrdən maksimum yayınmağa çalışırlar. Çünki bunun axmaq söhbət olduğunu başa düşürlər. XXI əsrdə cəmiyyəti bu cür səfeh söhbətlərlə məşğul etmək boş-bekarçılıq əlamətidir, lazımsız və faydasız məşğuliyyətdir. Mədəniyyət insanın canında-qanında olur. İnsan tərbiyəni ailədə alır. Kim nə əkirsə, onu da biçir...

Bəhram Bağırzadə quyuya bir daş atıb. Üç gündür həmin daşı çıxarmağa cəm olmuşuq. Quyunun ətrafında dövrə vura-vura vəziyyəti bir qədər də gərginləşdirmişik. 

Bu, Bəhramın köhnə xasiyyətidir. O, əvvəllər də oxşar fikirlər səsləndirib, camaatı üz-üzə qoyub. Ola bilsin ki, onun oturduğu hansısa restoranda kimsə yüksək səslə danışıb, başqalarının istirahətinə mane olub. Üç gündür bu suala cavab axtarıram: Bəhram Bağırzadə restoranda yüksək səslə danışan adamların pasportuna baxıbmı? Onların bakılı, yaxud şəkili olduğunu haradan bilir? 

Bəhram Bağırzadə kasıb adam deyil. Təkcə çəkildiyi reklamların hesabına mənim kimi az-çox tanınan, işləməkdən gözünün qarası getmiş jurnalistdən azı 50 dəfə çox pul qazanır. Üstəlik, özünün təbirincə desək, şəhər adamıdır, mədəniyyət sahibidir. Heç vaxt özünə sığışdırıb metronun “28 May” stansiyasının yan-yörəsində “xanıqa”ların məskəni olan ucuz kafelərə üz tutmaz. Yəqin ki, getdiyi restoranda borşun yarım porsu azı 5, ən ucuz kababın qiyməti 10-12 manat olur. Əlimizi vicdanımızın üstünə qoyub danışaq. Ailəsini, uşaqlarını dolandırmaq üçün rayondan Bakıya gələn kasıb Məmməddə pul haradandır ki, yarım pors borşa 5 manat versin? Məmmədgilin rayonuna ətin 1 kiloqramı 12 manatdır. Dünya dağılsa da, o, bir şiş kababa 12-13 manat verməz. Buna görə də Bəhramın oturduğu restoranlarda Bakıya pul qazanmaq üçün gələn hansısa rayonlu ilə qarşılaşması inandırıcı deyil. Mən əminəm ki, Əməkdar artistimizlə eyni restoranda, bəlkə də qonşu masada əyləşib səs-küy salan adamlar elə onun özü kimi varlı-karlı müştərilər olub. Pul pis şeydir, çox olanda adamı dingildədir... 

Nəticə göz önündə olur, ondan danışmaq asandır. Nədənsə, bizim məşhurlar dərinliklərə baş vurub səbəbləri üzə çıxarmağa həvəs göstərmirlər. Rayonluların kütləvi şəkildə Bakıya axın etməsinin səbəblərindən danışmaq lazımdır, ay Əməkdar artist! Bir tikə çörək üçün evindən-eşiyindən didərgin düşən adamları aşağılamaq qəhrəmanlıq deyil.

Arada susmağı da bacarmaq lazımdır. Bəzən deyilən bir söz insanı hörmətdən salır, ləkə olub ömürlük alnında qalır. Bakılı-rayonlu söhbəti brend “Gillette” deyil ki, 10 dəfə istifadə edəsən...

 

Seymur VERDİZADƏ



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər