Tarix: 21-07-2020 | Saat: 18:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gündən etibarən Amerika Birləşmiş Ştatları Konqresi rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə katibi ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Qarabaginfo.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev AZƏRTAC.A-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Konqresinin hazırda Ermənistan tərəfinin ölkəmizin sərhədlərində apardığı təxribat zamanı belə bir qanunu qəbul etməsi, təbii ki, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsi və diplomatiyamızın çox böyük uğurudur. Xüsusilə vurğulamaq yerinə düşər ki, Ermənistan lobbisinin dayaqları olan ölkələrdən biri də təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarıdır, hansı ki, qeyd olunan aktların qəbulu zamanı da özlərinə məxsus şəkildə çətinlik yaratmağa cəhd etmişlər. Lakin qeyd olunan hadisələr fonunda ABŞ Konqresinin belə bir qanun qəbul etməsi əslində ABŞ-ın Azərbaycanı strateji tərəfdaş olmaqdan əlavə, Cənubi Qafqazın şəriksiz lideri olaraq görməsinin əyani təzahürüdür.
Qəbul edilmiş 296 saylı qanunda müəyyən vəzifələr nəzərdə tutulub ki, bunun da ən əsası Ermənistan tərəfindən qeyri-qanuni işğal zamanı öldürülmüş şəxslər barədə hesabatların hazırlanmasıdır. Artıq Ermənistan tərəfinin törətdiyi qırğınlar və apardıqları təcavüzkar siyasətinin nəticəsi barədə hər il Amerika Birləşmiş Ştatları Konqresində hesabatlar dərc ediləcək və dünyanın diqqətinə çatdıracaq. Həmçinin həmin hesabatlarda Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə məcburi olaraq ata-baba yurdlarını tərk etməyə məcbur olmuş məcburi köçkünlər barədə məlumatların alınması nəzərdə tutulub.
Eyni zamanda, ABŞ Konqresinin bu qanunu qəbul etməsi bizim üçün həm də ona görə zəruridir ki, Birləşmiş Millətlər Təşkilatının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməsi barədə qəbul etdiyi dörd qətnamə bu günə qədər Ermənistan tərəfindən icra olunmayıb, hansı ki, həmin qətnamələr qeyd-şərtsiz icra edilməli və Ermənistan işğal etdiyi əraziləri boşaltmalı idi. Bu gün ABŞ-ın dünyanın lider dövlətindən biri olmasını, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasını nəzərə alsaq, yaxın gələcəkdə bu qətnamələrin hansı səbəbdən icra edilməməsi və işğalçılıq siyasətinin nəticələrini gözdən keçirməyə imkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmiz birmənalı şəkildə hücum diplomatiyasını rəhbər tutub və Ermənistan tərəfinə zərbələri təkcə Milli Ordumuz tərəfindən döyüş meydanında deyil, eyni zamanda, diplomatiyada da vurmağa davam etməliyik. Onların diplomatik sahədə fiaskoları yalnız Valday, Moskva, Aşqabad görüşlərindən ibarət deyildir. Hazırda Ermənistanın təcavüzü barədə həm yerli, həm də xarici mətbuatda məlumatlar paylaşılır, eyni zamanda, ayrı-ayrı xarici ölkələrdə yaşayan diaspor fəallarımız bu işğalçılıq siyasətinin dünyaya tanıdılması, işğalçılıq siyasətinin nəticələri barədə həmin ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuzun nümayəndələri ilə həyati vacib işlər görürlər. Nəticədə işğalçı dövlətin vətəndaşları səfirliklər qarşısından qovulur və ya xislətlərinə uyğun olaraq yaratmaq istədikləri ajıotajların qarşısı ciddi şəkildə alınır.
Ölkəmiz tərəfindən aparılan xarici siyasətin vahid məqsədi Ermənistan tərəfinin apardığı işğalçı siyasəti bütün dünyanın diqqətinə çatdırmaq, Ermənistanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını pozmaları, işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmalarını tələb etməkdir. Qeyd edilənlər hazırda bu qənaətə gəlməyə imkan verir ki, bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də aparılan işlər öz uğurlu nəticələrini verməkdədir.
Digər xəbərlər