Tarix: 22-12-2022 | Saat: 16:24
Bölmə:Karusel / Siyasət | çapa göndər
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin vəzifələri və hüquqları açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, Səlahiyyətli nümayəndəliyin vəzifələri aşağıdakılardır:
- yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
- yerli icra hakimiyyəti orqanları arasında, habelə yerli icra hakimiyyəti orqanları ilə digər dövlət orqanları (qurumları) arasında əlaqələndirməni təmin etmək;
- müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının təklifləri əsasında müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının və tapşırıqlarının müvafiq ərazidə dövlət orqanları (qurumları) tərəfindən yerinə yetirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq ərazinin inkişaf meyillərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi işinin təşkilinə nəzarət etmək;
- müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış layihələrə dair rəy vermək;
- yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar mütəmadi təhlillər aparmaq və Azərbaycan Respublikasının Prezidentinə hesabatlar təqdim etmək;
- yerli icra hakimiyyəti orqanlarının kadr potensialının artırılması ilə əlaqədar təkliflər vermək;
- müvafiq ərazidə əhalinin problemlərini öyrənmək və onların həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
- müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün səlahiyyətli nümayəndəliyin hüquqları aşağıdakılardır:
- bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarına tapşırıqlar vermək;
- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçısının müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarının fəaliyyətləri haqqında hesabat vermələri üçün müddətləri müəyyənləşdirmək;
- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçıları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təkliflər vermək;
- müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflər vermək;
- təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
- səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
- qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
Digər xəbərlər