Saytımızı qiymətləndirin


 
 

“Oruc Zalova dedim ki, bəlkə bu erməni polkovniki boğub qərq edək Xəzərin sularına...”
Tarix: 20-12-2022 | Saat: 16:40
Bölmə:Karusel / İdman | çapa göndər

“Oruc Zalova dedim ki, bəlkə bu erməni polkovniki boğub qərq edək Xəzərin sularına...”
“Mayestro Ceyhuna “Bir erməni musiqisi səsləndirə bilərsinizmi” sualını verən kimi o, heç bir cavab vermədən tələsik, əsəbi, çaşqın və sarsılmış halda skripkasını da götürüb qapıya doğru yönəldi...”
Hazırda bu yağışlı, qarlı, şaxtalı, sazaqlı havalarda gecəbəgündüz Laçın-Şuşa-Xankəndi-Xocalı yolunda Azərbaycan hökumət quurmlarının, ekoloqlarının, xalqının tələblərinin həyata keçirilməsi uğrunda fədakarlıq edən insanları görəndə gözümün önünə Şuşadakı Topxana davasından, Bakıdakı Meydan hərəkatından başlanan 1988-1991-ci illərin Qarabağ və azadlıq, müstəqillik mübarizəsi gəlir. Düşünürəm ki, bu xalqın oğul-qızları daim Vətənimizin, dövlətimizin düşmənlərinə qarşı mübarizəyə hazır olmuş, cürbəcür hadisələr, faciələr, işğallar qarşısında yeri gələndə səbir, dözüm, yeri gələndə qəzəb və nifrət hisslərinə meydan vermiş, məqamı gələndə isə cəsarət, şücaət, qəhrəmanlıq nümayiş etdirərək müstəqiıliyimiz, torpaqlarımız uğrunda şəhid olmuşdur... 1994-cü ildən başlanan "atəşkəs" dövrünü Qarabağ, Şuşa, Laçın, Kəlbəcər həsrəti ilə necə yaşadığımızı, torpaqlarımızın və bununla da qürurumuzun, vüqarımızın tapdanmağına necə dözdüyümüzü, səbir etdiyimizi yadımıza salanda şahidi olduğum bəzi məqamları da xatırlayıram...”
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polis polkovniki Mehman Mehmanov ifadə edib.
 
“Təxminən 2008-ci ildə MDB ölkələri daxili işlər nazirlərinin Bakıda  keçirilmiş növbəti görüşündə ağrılı olduğu qədər də ibrətamiz bir olayın iştirakçısı və şahidi oldum. Həmin görüşdə Ermənistan daxili işlər nazirliyinin rəhbər işçiləri də iştirak edirdi. Artıq neçə illərdir qəbul olunmuş prosedur qaydalarına uyğun olaraq onları da digərləri kimi hörmətlə qarşılayıb yola salmalı idik... Bakı Əyləncə mərkəzində MDB ölkələrindən gəlmiş bütün qonaqlar üçün konsert təşkil olunmuşdu. Tədbirdən bir qədər öncə gözlənilmədən mənə göstəriş gəldi ki, erməni qonaqlar üçün kasset, audio-yazı vasitəsi ilə yox, canlı erməni musiqisi səsləndirilməlidir. Düzü, torpaqlarımızın Şuşanın, Laçının, Kəlbəcərin işğal altında olduğu, Xocalı soyqırımının qisasının alınmadığı bir vaxtda bu göstəriş mənə çox ağır təsir etdi, amma artıq görüş MDB çərçivəsində olduğu üçün elə şərait yaranmışdi ki, yerinə yetirməyə məcbur idik... Xülasə, elə sanki həm də onları bir testdən-sorğudan keçirmək məqsədi ilə musiqiçilərimiz olan otağa gəldim. İlk olaraq məşhur skripkaçı Mayestro Ceyhun qarşıma çıxdı. Ona “Konsertdə bir erməni musiqisi səsləndirə bilərsinizmi” sualını verən kimi sənətkarın qaşları ani olaraq çatıldı, sifəti qıpqırmızı pörtdü və o, sualıma heç bir cavab vermədən tələsik, əsəbi, çaşqın və sarsılmış halda skripkasını da götürüb qapıya doğru yönəldi. Onun qarşısını kəsib xahiş etdim ki, Ceyhun müəllim, deyiləni etmək istəmirsiz, eybi yoxdu, amma konsertdə iştirak edin. Ceyhun bəy yenə heç bir cavab vermədi, amma gördüm ki, onun alnından tər muncuq kimi axır... Sonra mən eyni xahişlə saksafon ifaçısı olan bir yaşlı musiqiçiyə yaxınlaşdım. O da fağır görkəmli bir adam idi; mənə heç bir cavab vermədi, amma hiss etdim ki, bunun da bədəninə sanki bir uçunma düşüb... Nə isə artıq anladım ki, erməni musiqisi, mahnısı ifa etmək təklifini eşidəndə musiqiçilərimiz depressiya halına düşür və sarsılırlar. Sanki belə bir təklifdən  sonra Qarabağ müharibəsində xalqımızın yaşadığı bütün ağrı-acılar onların qəlbində canlanır... Ona görə də gücüm ona çatdı ki, konsert vaxtı kasset vasitəsi ilə bir eməni musiqisi çaldırdıq. Amma elə etdim ki, erməni mahnısının ardınca dərhal bir rəhmətlik Xan Şuşinskinin ifasında Qarabağ şikəstəsinin ifasını yayımladıq...  Sanki hamımızın üzərinə bir su ələndi və bu yanıqlı mahnımıza böyük sarsıntıyla yana-yana qulaq asdıq... Bu məqamda Ermənistan daxili işlər nazirinin müavini, polis polkovniki Altunyan isə çox pərt, qaşqabaqlı vəziyyətdə donub qalmışdı... Xülasə, həmin günü sanki canavar kimi içimizi gəmirən çox ağrılı, əzablı və eyni zamanda əlacsızlıq hissləriylə başa vurduq...
 
Ertəsi gün isə yenə də rəsmi tədbirlərdən sonra qonaqların istirahət və əyləncəsi Şıx çimərliyində  davam etdi... Həmin o Altunyan skuterlə Xəzər dənizində, dalğaların qoynunda xeyli cövlan elədi.. Bu günlərdə təqaüdə çıxmış, o vaxt da daxili işlər nazirinin müavini olan general Oruc Zalovla yanaşı idik. Ona dedim ki, Oruc müəllim, bəlkə elə bu erməni polkovniki boğub qərq edək Xəzərin sularına... O da gülüb heç bir cavab vermədi... Nə demək olardı ki... Hamımız yenə də Moskvanın MDB tədbiri adıyla başımıza açdığı bir oyunun içində idik... Xülasə, həmin erməni polis polkovniki Altunyan dənizdə yaxşıca əyləndikdən sonra sahilə çıxdı, qurulandı, yedi-içdi... Sonda da Bakıdan yola saldıq sağ-salamat qayıtdı Ermənistana... 
 
İndi həmin olayları yenidən xatırlayanda qəlbimdə belə bir sual yaranır ki, görəsən, bu saat, yəni 44 günlük savaşdakı hərbi qələbəmizdən sonra, artıq  Şuşanın, Kəlbəcərin, Laçının, Ağdamın azadlıq günlərini qürurla qeyd etdiyimiz  bu günlərdə  o hayk polkovniki Altunyan yenidən Bakıya gəlib, belə rahatca erməni musiqisinə qulaq asa, Xəzərdə doyunca əylənib yeyib-içə bilərmi... Çox güman ki, o hayk indi bunların heç bririni edə bilməz... Çünki artıq Azərbaycan da həmin Azərbaycan deyil, insanlarımız da həmin insanlar deyil, Daxili İşlər Nazirliyimiz də o qurum deyil”-deyə sabiq nazir müavini vurğulayıb.
 


Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər