"Aksiya başlayandan bu günə qədər burada müsbət ab-hava var. Aksiya hazırda da yüksək səviyyədə davam edir, şüarlar səsləndirilir. İştirakçılar ekologiyamıza sahib çıxmaq üçün mübarizəni davam etdirir".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri hazırda Şuşadan keçən Xankəndi - Laçın yolundakı aksiyanın iştirakçısı, Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva deyib.
O bildirib ki, aksiya iştirakçıları arasında əhval-ruhiyyə yüksək səviyyədədir, heç bir yorğunluq müşahidə olunmur: "Hər şey yüksək səviyyədədir. Aksiya iştirakçıları dayanmadan şüarlar səsləndirirlər, ekoloji terrora son deyirlər. Mətbuatımız da möhtəşəm fəaliyyət göstərir, burada baş verənləri bütün dünyaya çatdırır".
Maya Quliyeva ötən gün müzakirələrə səbəb olan "Xankəndidə erməni ilə qonşu olmaq istəyirəm” fikir ilə bağlı da açıqlama verib. Şəhid anası sözlərinə görə onu tənqid edənlərə cavab verib.
"Ağdam ruhlar şəhəridirsə, Şuşa da mənim üçün öncə özü boyda şəhidlər xiyabanıdır. Hər daşında torpağında şəhidlərimin adı var. Kaş ki, iş adamı olardım və məni tənqid edən şəxsləri işlə təmin edərdim, çünki bunun hamısı bikarçılıqdandır. Mənim məqsədim dövlətimizin, dövlətçiliyimizin yanında olmaqdır. Dünəndən mənə qarşı aqressiv rəylərə bir az hirsləndim, təzyiqim qalxdı. İlk dəfə idi mən burada idim, dünən nasazladım, özümü pis hiss etdim. Amma sonra fikirləşdim ki, Maya, sən bu sözü demisənsə, bunun sonrasını bilirdin ki, səni topa tutanlar da olacaq, hamı alqışlamayacaq ki. Yazırlar ki, Maya bunu nəyəsə görə deyib, guya jurnalistlər tərəfindən öyrədilib. Həqiqətən, burada jurnalistlərimiz hər tərəfdədir, 24 saat ayaq üstədirlər. Heç onların kimisə öyrədib bunu belə de deməyə vaxtları da olmur. Sadəcə yaxınlaşıb aksiyada iştirakda məqsədlər bağlı sual verirlər. İnsan da öz bildiyini deyir. Burada qurulmuş bir proses yoxdur. Mən Bakıdaydım, qəfildən mənə zəng gəldi soruşdular ki, getmək istəyirsənmi, mən də hə dedim”.
Maya Quliyeva qeyd edib ki, bu, onun iki il əvvəlki çağırışıdır:
"Əgər mən öyrədilmişəmsə, həmin insanlara demək istəyirəm ki, mənim iki il əvvəlki açıqlamamı, Cənab Prezidentə müraciətimi, Şuşada yaşamaq, burada tikinti işlərində ailəvi iştirakımızın arzusunda olduğumu, buradan da Xankəndinə gedib yaşamaq arzusunda olduğumuza baxısınlar. İki il əvvəl belə bir şeyin olacağını, ekoloqlarımızın gəlib posta durub belə bir şüar səsləndirəcəklərini, təbii sərvətlərimizin talanmasına görə, belə dinc aksiya keçirəcəyimizi bilə bilərdikmi? Bu, mənim iki il əvvəlki çağırışımdır. Mənim müsahibələrim də var, yazıb axtarsalar, Prezidentə ünvanladığım məktubu tapıb oxuya bilərlər. Bu cür adamlar özləri özlərini biabır etmiş olurlar, o ifadə ilə ki, Maya öyrədilib. Mənim canımdan can gedib, oğlumu torpağa qoymuşam. Sabah başqalarının üstünə tabut gəlməsin deyə bu ifadəni səsləndirmişəm. Millətimi sülhə çağırıram. Biz qətliyyamçı, terrorçu dövlət, millət deyilik”./Azxeber.com