Saytımızı qiymətləndirin


 
 

Rəsmi Bakı və Kreml arasında “əsəb savaşı” intensivləşir: Rusiya Laçın dəhlizini niyə qapadıb
Tarix: 16-12-2022 | Saat: 12:52
Bölmə:Karusel / Yazar | çapa göndər

Rusiya Laçın dəhlizini bağlamaqla və tələblərin qəbulunu uzatmaqla, Ermənistanın beynəlxalq himayədarlarının ABŞ, Fransa, Avropa Birliyi və s. beynəlxalq dairələrin Azərbaycana qarşı təzyiqləri gücləndirməsinə nail olmağa çalışır… Kremldə gözləyirlər ki, beynəlxalq təzyiqlər güclənərsə, rəsmi Bakı öz haqlı tələblərindən geri çəkilmək məcburiyyətində qala bilər, bu isə Rusiyanın məkrli planlarının eynilə davam etməsi deməkdir…

Azərbaycan və Rusiya arasında kifayət qədər ciddi ziddiyyətlər möbvuddur. Kreml Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqlarını məhz Azərbaycan əraziləri üzərində qurmağa çalışdığı məkrli planlarla təmin etməyə cəhd göstərir. Rəsmi Bakı isə Kremlə anlatmağa çalışır ki, Azərbaycan əraziləri Rusiya maraqları üçün “poliqona” çevrilə bilməz və buna heç bir halda, imkan verilməyəcək.

Maraqlıdır ki, hazırda Azərbaycan-Rusiya ziddiyyətlərinin ilkin nəticələri məhz Laçın dəhlizi üzərində ortaya çıxmağa başlayıb. Artıq məntiqli düşünə bilən və müşahidə qabiliyyəti olan hər kəsə aydındır ki, Laçın dəhlizi Azərbaycan cəmiyyətinin təmsilçiləri tərəfindən bağlanmayıb. Azərbaycan cəmiyyətinin fəalları Laçın dəhlizində etiraz aksiya keçirərək, sadəcə, Volkov-Vardanyan tandeminin ölkəmizə qarşı hərbi, iqtisadi və ekoloji cinayətlərinə etirazlarını bildirirlər. Onlar haqlı olaraq, ekoloqların apardırma aparmasına şərait yaradılmasını tələb edirlər. Çünki Volkov-Vardanyan cütlüyü Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur.

Laçın dəhlizi əslində, məhz Rusiya "sülhməramlı" qüvvələri tərəfindən bağlanıb. Laçın dəhlizindən yayılan son videogörüntülərdən də açıq şəkildə aydın olur ki, Azərbaycan fəalları Laçın dəhlizi ilə təchizat nəqliyyatının hərəkətinə heç bir əngəl törətmirlər. Yəni, təchizat və tibbi yardım maşınları yolun hər iki istiqamətində normal şəkildə hərəkət edə bilir. Üstəlik, Azərbaycan fəallarının çadırları da Laçın dəhlizi üzərində deyil, yolun kənarında qurulub və nəqliyyat vasitələrinin hərəkətinə mane olmur.

61a21a6b-d243-4769-a1d4-b2c2b33acbce.jpg (39 KB) 

Nə qədər qəribə də olsa, hətta Ermənistanda belə, Laçın dəhlizinin məhz Rusiya tərəfindən bağlandığını açıq mətnlə gündəmə gətirən siyasətçilər mövcuddur. Paşinyan hakimiyyətinə yaxınlığı ilə diqqəti Avropa Partiyasının sədri Tiqran Xzmalyan məhz rus “sülhməramlıları” Laçın dəhlizini bağlamaqda suçlayıb. O, Laçın dəhlizini qapadan Rusiya “sülhməramlılar”ına məxsus avtomobillərin fotosunu özünün tvitter hesabında paylaşaraq, hər kəsi doğru nəticələr çıxartmağa çağırıb: “Laçın dəhlizini qapadan maşınların hansı ölkəyə məxsus olduğuna diqqət edin. Təəssüf edirəm ki, BMT ofisi qarşısında aksiya keçirənlər bunu görmək istəmirlər. Əks halda, hansı ölkənin səfirliyi qarşısında aksiya keçirilməsinin vacibliyini anlayardılar”.

Bütün bunlar onu göstərir ki, rus "sülhməramlılar" Laçın dəhlizini bilərəkdən, həm də məqsədyönlü şəkildə bağlayıblar. Böyük ehtimalla Kreml bu addımla vəziyyəti daha da gərginləşdirməyə, Azərbaycan ekoloqlarının talanmaqda olan faydalı qazıntılar yataqlarında apaşdırma tələblərini tamamilə gündəmdən çıxartmağa çalışırlar. Çünki əgər, həmin araşdırma baş tutarsa, Volkov-Vardanyan tandeminin Azərbaycana qarşı iqtisadi və ekoloji cinayətlərinin üstü açıla bilər.

Təbii ki, bu cinayətlərin yeni sübutlarla üstünün açılması Rusiyaya qətiyyən sərfəli deyil. Belə ki, Andrey Volkov rus generalıdır və rus "sülhməramlılara" komandanlıq edir. Əgər, rus generalın böyük ehtimalla Kremllə razılaşdırılmış cinayətlərinin üstü açılarsa, bu, rus "sülhməramlılar"ın bölgədə fəaliyyətinin yolverilməz olduğu qənaəti möhkəmləndirəcək. Onların Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı tələbin rəsmiləşdirilməsinə əsaslar yaranacaq. Üstəlik, rus “sülhməramlılar”ın mandatının uzadılması ilə bağlı mövzunun gündəmə gətirilməsi ümumiyyətlə, mümkün olmayacaq.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB) 

Digər tərəfdən, Ruben Vardanyan da Kremlin Azərbaycanın Qarabağ bölgəsinə "təxribat ezamiyyəti"nə göndərdiyi fırıldaqçıdır. Kreml R.Vardanyandan həm Azərbaycanın təbii sərvətlərinin talanmasında, həm də Qarabağ bölgəsində erməni terrorizminin gücləndirilməsində istifadə etməyə çalışır. Yəni, R.Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi, birmənalı şəkildə Kremlin məkrli məqsədlərə bağlı layihəsidir. Ona görə də, Kreml əlindən gələn hər şeyi edir ki, bu erməni fırıldaqçının rus generalla ortaq cinayətləri açılmasın. Əks halda, Kremlin "Vardanyan layihəsi" də iflasa uğraya bilər. Rus "sülhməramlılar"ın Laçın dəhlizini qapalı saxlamasının əsas səbəbləri məhz belə “qaranlıq məqamlara” bağlıdır.

İndi Rusiya müəyyən mənada, çətin vəziyyətə düşüb. Çünki rəsmi Bakı mövqeyində israrlı və qətiyyətli davranır. Azərbaycanın öz tələblərindən güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür. Çünki güzəştlər Azərbaycana prosesin davamında ciddi zərər vura bilər. Yəni, rəsmi Bakı Azərbaycanın tələbləri reallaşana qədər "yumşaq güc" tətbiqini davam etdirmək niyyətində qərarlı görünür.

Ona görə də, Rusiya Azərbaycana qarşı beynəlxalq təzyiqlərin güclənməsinə cəhd göstərir. Kreml Laçın dəhlizini bağlamaqla və tələblərin qəbulunu uzatmaqla, Ermənistanın beynəlxalq himayədarlarının - ABŞ, Fransa, Avropa Birliyi və s. beynəlxalq dairələrin Azərbaycana təzyiq göstərməsinə çalışır. Kreml hesab edir ki, beynəlxalq təzyiqlər güclənərsə, rəsmi Bakı öz tələblərindən imtina etmək məcburiyyətində qala bilər. Və bu da Rusiyanın “məkrli planlar”ının eynilə davam etməsi deməkdir.

ermeni-separatchiler.jpeg (220 KB) 

Halbuki, Kremlin bu dirənişi real nəticələr də vəd etmir. Çünki Azərbaycan tərəfi öz haqlı tələblərindən imtina etmək niyyətindən çox-çox uzaqdır. Böyük ehtimalla rəsmi Bakı Azərbaycan və Rusiya arasındakı bu "əsəb savaşı"nda geri çəkilməyəcək və sona qədər qətiyyət göstərəcək. Bu baxımdan, Kremlin geri çəkilməyəcəyi təqdirdə, Azərbaycan və Rusiya arasında hər hansı anlaşmanın mümkünlüyü inandırıcı görünmür.

Ehtimal etmək olar ki, Azərbaycan əvvəl-axır Rusiyaya öz tələblərini qəbul etdirməyə nail ola biləcək. Yəqin ki, tezliklə rəsmi Bakı Laçın dəhlizinin məhz rus "sülhməramlılar" tərəfindən qapadıldığını sübutlarla və faktlarla isbat edəcək. Elə Kremlin erməni təxribatçısı R.Vardanyanın son açıqlaması da Laçın dəhlizinin məhz rus sülhməramlılar tərəfindən qapadıldığını təsdiqləyir. O, rus “sülhməramlılar” nə qədər ciddi siyasi problemlərlə üzləşmiş olsalar belə, Laçın dəhlizinin açılmasının vacibliyini bildirib: “Mənə dedilər ki, Azərbaycanlılar mülki və tibbi yardım maşınlarının keçidinə problem yaratmırlar. Ancaq biz bundan istifadə etmək niyyətində deyilik”.

Belə anlaşılır ki, hətta təxribatçı və fırıldaqçı R.Vardanyan da reallığı ən azından dolayısı ilə də olsa, etiraf edir. Ona görə də, tezliklə bütün həqiqətlər tam şəkildə ortaya çıxdıqca, Rusiya geri çəkilmək məcburiyyətində qalacaq. Bu prosesin sonunda Azərbaycan istənilən halda, təbii sərvətlər yatağında araşdırma imkanı qazanacaq. Kremlin "Vardanyan layihəsi" isə iflasa uğrayacaq. Rusiyanın təxribatlar törətmək üçün göndərdiyi erməni fırıldaqçı Qarabağdan çıxarılacaq. Və rəsmi Bakı bütün Azərbaycan əraziləri üzərində öz suveren hüquqlarını bərpa etməyə nail olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”



Xəbəri paylaş

`1115 dəfə oxunub.

Digər xəbərlər