Saytımızı qiymətləndirin


 
 

Ekoloqların ardınca ordumuz Xankəndiyə girir? – Mühüm açıqlama
Tarix: 05-12-2022 | Saat: 13:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ekoloqların ardınca ordumuz Xankəndiyə girir? – Mühüm açıqlama

“Azərbaycan bölgəyə humanitar missiya ilə qayıdır və əsas hədəf mülki şəxslərin həyat standartlarının təmin olunmasıdır. Lakin bölgədə Qarabağ separatçıları, qatillər, konkret müharibə cinayətkarları, revanşistlər və bütün bunlara şərait yaradan sülhməramlı komandanlıq var”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının Xankəndi səfərindən, habelə bundan sonra Azərbaycanın digər qurumlarının bölgəyə daxil olub -olmayacağına münasibət bildirib:

“Bununla da bölgəyə qayıdışın əsasını ekoloji nəzarətlə qoymuş olduq. Təbii ki, bu, dəstəklənməlidir. Birinci növbədə, xüsusi xidmət orqanları tərəfindən. Bütün hallarda isə söhbət qeyri-hərbi xarakterli nəzarətdən gedəcək, onlara toqquşma imkanı və şəraiti verməməliyik.

İkincisi, burada unikal bir qayda var: Azərbaycan bölgəyə silahla deyil, “Azərişıq”ın naqilləri, yaxud “Azəriqaz”ın borularıyla daxil olur. Bölgədə humanitar missiyanın qorunması öhdəliyi isə sülhməramlıların üzərinə düşür”.

“Gəlin, belə hesab edək ki, orada bir insident baş verib və Azərbaycan ərazisində Azərbaycan vətəndaşı həyatını itirib. Bu, avtomatik şəkildə cavab doğurur. Bəs bu cavab nədir? Antiterror əməliyyatından tutmuş, müxtəlif xarakterli əməliyyatların keçirilməsinə qədər nümunələr mövcuddur. Lakin söhbət qəti şəkildə müharibədən getmir. Öz ərazimizdə nə müharibə?! Biz bunu bəzi erməni əsilli Azərbaycan vətəndaşlarının – erməni terrorçuların zərərsizləşdirməsi prosesi kimi şərh edirik”, – deyə Ə. Əlibəyli əlavə edib.

Onun fikrincə, sonrakı mərhələdə kommunikasiyaların və təchizatın bərpası, eləcə də təchizatın bərpasına nəzarət mexanizminin yaradılması və nəzarət mexanizminin üzərində təhlükəsizliyin təmin olunması olacaq. Bununla da proses yekunlaşacaq. Təhlükəsizliyin təmin olunması aspekti isə Xankəndi daxilində dövlət qurumları əməkdaşlarının iş şəraitinin asalanlaşdırılması istiqamətində həyata keçirəcək. Digər təminatın mühüm hissəsi Azərbaycan ərazisindən müvafiq kommunikasiya xətlərinin bölgəyə gedişi məsələsidir. Bundan sonra Azərbaycan daxildə o işi görə bilir, çünki bu, artıq inteqrasiya prosesinin tərkib hissəsidir, həm də hər hansı bir təxribat olarsa, kommunikasiya xətlərini bağlamaq imkanına malik olacaq”.



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər