Saytımızı qiymətləndirin


 
 

Qəbələdə 2 milyon manatlıq körpünün tikintisi yekunlaşıb
Tarix: 17-07-2020 | Saat: 11:23
Bölmə:Karusel / Region | çapa göndər

 

 Qəbələdə 2 milyon manatlıq körpünün tikintisi yekunlaşıb

Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər artıq yekunlaşıb.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Bum çayı üzərində yeni körpünün tikintisi və qəsəbəyə gedən 2 kilometrlik avtomobil yolunun bərpası “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılıb. Yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb. Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 km əlavə məsafə qət etməli olurdular. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.

 

 

Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən, 2019-cu ildə Qəbələ rayonunun 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 km uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 km-lik məsafənin qısaldılması məqsədi ilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı.

 Bu məqsədlə ölkə prezidentinin sərəncamına uyğun olaraq, Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.



Xəbəri paylaş

441 dəfə oxunub.

Digər xəbərlər